ABŞ Fransaya HIMARS sistemi təklif edib

2026/06/1781090847.jpg
Oxunub: 228     15:23     10 İyun 2026    
ABŞ-nin “Lockheed Martin” şirkəti Fransanın FLP-T (Quru Əsaslı Uzaqmənzilli Zərbə Proqramı) çərçivəsində çoxnövləli raket buraxılış sistemi ehtiyacını qarşılamaq məqsədilə HIMARS sistemini rəsmi olaraq təklif edib.

Ordu.az xəbər verir ki, şirkət Paris administrasiyasının müqaviləni imzalayacağı təqdirdə ilk sistemlərin 18 ay ərzində təhvil veriləcəyini bəyan edib.

Məlumata görə, təklif ABŞ hökuməti ilə koordinasiya şəraitində hazırlanıb. “Lockheed Martin” istehsal imkanlarına yatırdığı sərmayələr sayəsində təhvil prosesini sürətləndirməyi planlaşdırır.

Təklifə əsasən, HIMARS buraxılış qurğularının əhəmiyyətli hissəsinin 2028-ci ildə Fransaya çatdırılması nəzərdə tutulur. Sistemlərin Fransa ordusunun istifadəsində olan LRU çoxnövləli raket sistemlərində tətbiq edilən GMLRS sursatları ilə uyğun olması planlaşdırılır.

Fransa 2024-2030-cu illəri əhatə edən Hərbi Proqramlaşdırma Qanunu çərçivəsində FLP-T proqramı üçün təxminən 693 milyon dollar vəsait ayırıb. Proqramın məqsədi ən erkən 2027-ci ildə istismardan çıxarılması nəzərdə tutulan LRU sistemlərini əvəz edəcək yeni nəsil uzaqmənzilli atəş dəstəyi imkanının yaradılmasıdır.

Fransa Müdafiə Nazirliyi də ABŞ hökumətinin HIMARS tədarükü ilə bağlı qiymət və təhvil qrafikinə dair sorğularına 2026-cı ilin əvvəlində cavab verildiyini təsdiqləyib.

Fransa yalnız HIMARS variantını nəzərdən keçirmir. Ölkə həm yerli müdafiə sənayesi həllərini inkişaf etdirir, həm də hazır satınalma variantlarını qiymətləndirir.

Bu çərçivədə MBDA və “Safran” tərəfindən hazırlanmış “Thundart” sistemi, eləcə də “ArianeGroup” və “Thales” əməkdaşlığı ilə yaradılan “X-Fire” buraxılış qurğusu son aylarda müxtəlif sınaqlardan keçirilib.

Ekspertlər hesab edirlər ki, Fransa Müdafiə Nazirliyinin 2026-cı il ərzində verəcəyi qərar ölkənin müdafiə sənayesi müstəqilliyi ilə təcili əməliyyat ehtiyacları arasında necə balans quracağını göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fransa   HIMARS  


Bizi "telegram"da izləyin