Ordu.az xəbər verir ki, bu barədə KNDS məlumat yayıb.
Məlumata görə, sistem 2024-cü ilin noyabr ayında keçirilən qiymətləndirmə mərhələsində “Archer” mobil haubitsa sistemini geridə qoyaraq İsveçrə ordusunun 1960-cı illərdən etibarən istismar edilən köhnə M109 haubitsalarını əvəz etmək üçün seçilib.
İsveçrə Silahlı Qüvvələrinə ilk təhvilin 2031-ci ildə başlanması planlaşdırılır. Müqavilə çərçivəsində 32 ədəd sursat yükləmə konteyneri, təlim avadanlıqları və geniş logistika dəstəyi də təqdim olunacaq.
AGM sistemlərinin daşıyıcı platforması kimi isə “GDELS-Mowag” tərəfindən hazırlanmış Piranha IV 10×10 zirehli maşınından istifadə ediləcək. KNDS “Deutschland” şirkətinin baş icraçı direktoru Florian Hohenwarter bildirib ki, bu müqavilə İsveçrənin son illərdə həyata keçirdiyi ən böyük artilleriya layihələrindən biridir.
Onun sözlərinə görə, şirkət yalnız təkərli haubitsalar təhvil verməyəcək, eyni zamanda təlim, texniki xidmət, logistika dəstəyi və sursat saxlanması da daxil olmaqla kompleks həllər təqdim edəcək.
AGM sisteminin əsas üstünlüklərindən biri tam avtomatik və uzaqdan idarə olunan top moduluna malik olmasıdır. Bildirilib ki, AGM hərəkət zamanı atəş tapşırıqlarını yerinə yetirə bilən dünyadakı yeganə artilleriya sistemi hesab olunur.
Yüksək avtomatlaşdırma səviyyəsi sayəsində sistemin ekipajı cəmi iki nəfərdən, yəni sürücü-operator və komandirdən ibarətdir.
Bu quruluş sürətli “vur və uzaqlaş” taktikasının tətbiqinə imkan verir. Bundan əlavə, maşının daxilində üçüncü heyət üzvü və ya əlavə yük üçün də yer mövcuddur.
Sistem dəqiqədə doqquz mərmiyə qədər atəş aça bilir. AGM 360 dərəcə dönmə imkanına və -2,5 ilə +65 dərəcə arasında lülə yüksəliş bucağına malikdir. Haubitsa istifadəyə hazır vəziyyətdə 30 mərmi və 144 modul tipli itələyici yük daşıya bilir.
İstifadə olunan sursat növündən asılı olaraq sistem baza qaz generatorlu sursatlarla 40 kilometrə, raket dəstəkli sursatlarla isə 54 kilometrə qədər məsafədəki hədəfləri məhv edə bilir.
Qeyd edək ki, RCH 155 sistemi indiyədək Almaniya, Böyük Britaniya, Qətər və Ukrayna tərəfindən də sifariş edilib.
Sevinc Əliyeva
Ordu.az