Ukrayna Vladimir vilayətindəki iki neft vurma stansiyasına zərbə endirib

2022/03/1646632562.jpg
Oxunub: 219     13:30     10 İyun 2026    
İyunun 10-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Vladimir vilayətində yerləşən “Transneft” şirkətinə məxsus iki neft vurma stansiyasına hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə NASA-nın FIRMS peyk monitorinq sistemi məlumat yayıb.

Məlumata görə, regional mərkəzin şərqində yerləşən “Vtorovo” və Moskva vilayəti ilə Sergiyev Posad sərhədinə yaxın ərazidə yerləşən “Lobkovo” neft vurma stansiyalarında yanğın qeydə alınıb.

Vladimir vilayətinin rəhbəri Aleksandr Avdeyev Pilotsuz Uçuş Aparatı (PUA) hücumu nəticəsində Kameşkovo və Aleksandrov rayonlarında yerləşən iki infrastruktur obyektində yanğın baş verdiyini təsdiqləyib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. “Vtorovo” stansiyasının vurulması barədə Ukraynanın monitorinq kanalları və “Astra” nəşri də məlumat yayıb. Qeyd olunub ki, bu obyekt mayın 24-də də hücuma məruz qalmışdı.

Həmin vaxt Ukrayna Təhlükəsizlik Xidməti bildirmişdi ki, stansiya Moskva ətrafındakı iri neft bazalarını, eləcə də “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” hava limanlarını yanacaqla təmin edir.

Bundan əlavə, “Vtorovo” stansiyası “Vtorovo - Yaroslavl - Kirişi - Primorsk” magistral neft kəmərinin başlanğıc nöqtəsidir və bu marşrutla Rusiya dizel yanacağı Baltik dənizindəki Primorsk limanına ixrac olunur.

“Lobkovo” stansiyası isə Moskva regionuna neft nəqlini təmin edir. Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin 20 regionunda ümumilikdə 326 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.

Lakin nazirliyin siyahısında Vladimir vilayətinin adı yer almayıb. Məlumata görə, 2026-cı ildə Ukrayna Rusiyanın enerji infrastrukturuna hücumların sayını artırıb.

Hücumlara məruz qalan obyektlər arasında “Perm” xətti istehsalat-dispetçer stansiyası, Krasnodar diyarındakı “Tixoretsk”, həmçinin “Yaroslavl-3” və Nijni Novqorod vilayətindəki “Qorki” neft vurma stansiyaları da var. Bundan başqa, Tatarıstandakı “Kaleykino” stansiyasında hər biri 50 min kubmetr həcmə malik bir neçə rezervuar tamamilə yanıb.

“Bloomberg”in hesablamalarına görə, yalnız may ayında Ukrayna qüvvələri PUA-larla 16 dəfə neft emalı zavodlarına, 7 dəfə neft kəmərlərinə və 6 dəfə limanlara hücum edib. Beləliklə, neft emalı müəssisələri və neft infrastrukturu obyektlərinə qarşı həyata keçirilən 30 hücum müharibə başlayandan bəri rekord göstərici olub.

Qeyd olunur ki, mayın ikinci yarısında Rusiyanın mərkəzi hissəsində yerləşən və daxili bazarı yanacaqla təmin edən əsas neft emalı zavodlarının fəaliyyəti ciddi şəkildə zəifləyib. Nəticədə ölkədə neft emalı həcmləri 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb və 20-dən çox regionda yanacaq çatışmazlığı yaranıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin