Gürcüstan müxalifətindən İrəvan seçkilərindən sonra kritik bəyanat: Cənubi Qafqazda güc balansı dəyişir?

2026/06/1781070005.jpg
Oxunub: 381     09:42     10 İyun 2026    
İyunun 9-da Gürcüstanın “Müxalif Alyansı”nın nümayəndələri Gigi Tsereteli, Zurab Caparidze və Giga Bokeria birgə bəyanat yayıblar. Bu barədə “Apsny.ge” saytı məlumat verib. Müxalif siyasətçilər “Gürcüstanın əlverişli geosiyasi vəziyyətə düşdüyünə” əminlik ifadə ediblər, lakin qeyd ediblər ki, “hakimiyyət Qərblə əməkdaşlığı möhkəmləndirmək üçün yaranmış imkandan istifadə etmir”.

Gürcü müxalifət nümayəndələrinin qiymətləndirməsinə görə, Cənubi Qafqazda Rusiyanın “təsiri zəifləyir, ABŞ-nin marağı isə artır”. Onlar hesab edirlər ki, “yeni tranzit və infrastruktur layihələri Gürcüstan üçün təhlükəsizlik sahəsində imkan yaradır və ölkənin Qərbin strateji arxitekturasının mühüm hissəsinə çevrilməsinə şərait açır”.

Müxalif alyansın nümayəndələri əsas məqsəd kimi “azad və ədalətli seçkilərin keçirilməsini, siyasi məhbusların azad olunmasını, Qərb tərəfdaşları ilə münasibətlərin bərpasını və Gürcüstanın Avroatlantik inteqrasiya yoluna qaytarılmasını” müəyyən ediblər. Diqqətçəkən məqam ondan ibarətdir ki, Gürcüstanın “Müxalif Alyansı”nın üç nümayəndəsi bu prinsipial əhəmiyyət daşıyan bəyanatı Ermənistanda keçirilən parlament seçkilərindən iki gün sonra yayıb.

Gürcü müxalifəti son parlament seçkilərinin nəticələrini tanımır və yeni seçkilərin keçirilməsi uğrunda mübarizə aparır. Mayın sonunda ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Tbilisidə həm Baş nazir Kobaxidze, həm də müxalifət liderləri ilə danışıqlar aparıb. Vaşinqton Gürcüstanda növbədənkənar seçkilərin keçirilməsi şərtini irəli sürmür, lakin müxalifətin ölkənin siyasi həyatında sərbəst iştirakını vacib sayır.

Maraqlıdır ki, iyunun 9-da 2024-cü il oktyabrın 4-də, yəni “kütləvi iğtişaşlar işi” üzrə həbs edilmiş səkkiz nəfər məhkəmə qərarı ilə azadlığa buraxılıb. Rəsmi olaraq bildirilib ki, onlar “təqsirlərini etiraf edib və prokurorluqla razılığa gəliblər”. Ehtimal etmək olar ki, “qismən amnistiya” tətbiq olunub və Gürcüstan hakimiyyəti bu qərarı Dövlət Departamentinin nümayəndə heyəti ilə aparılan danışıqlar kontekstində qəbul edib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Qafqaz   Ermənistan  


Bizi "telegram"da izləyin