Ukrayna Samara neft emalı zavoduna və Çeboksarıdakı hərbi-sənaye müəssisəsinə raket zərbələri endirib

2026/06/1781083698.jpg
Oxunub: 209     13:17     10 İyun 2026    
İyunun 10-na keçən gecə Samara vilayətində raket təhlükəsi elan olunub. Vilayət rəhbərliyi sakinləri qapalı məkanlarda qalmağa və pəncərələrə yaxınlaşmamağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb.

Məlumata görə, təhlükə rejimi səhərə qədər davam edib. Samara vilayətinin rəhbəri Vyaçeslav Fedorişşev hücumun nəticələri barədə rəsmi məlumat verməyib.

Lakin şahidlərin çəkdiyi görüntüləri araşdıran “Astra” nəşri zərbənin “Rosneft” şirkətinə məxsus Kuybışev Neft Emalı Zavoduna endirildiyini bildirib.

Qeyd olunub ki, bu müəssisə regionun neft sektorunun ən böyük obyektlərindən biridir. Zavod apreldə Pilotsuz Uçuş Aparatı (PUA) hücumundan sonra fəaliyyətini müvəqqəti dayandırmışdı. Bundan əvvəl isə yanvar ayında da hücuma məruz qalmışdı.

Səhər saatlarında Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərinə də raket hücumu həyata keçirilib.

Çuvaşiyanın rəhbəri Oleq Nikolayev bildirib ki, hazırda zərərçəkənlərin və infrastruktur obyektlərinə dəyən ziyanın miqyası dəqiqləşdirilir.

“Astra”nın məlumatına görə, zərbələr “VNİİR-Proqress” müəssisəsinə endirilib. Həmin müəssisə bundan əvvəl mayın 5-də iki dəfə PUA hücumuna məruz qalmışdı.

Bildirilir ki, müəssisə Rusiya ordusu üçün “Kometa” tipli antenlər istehsal edir. Bu sistemlər PUA-ları Ukraynanın radioelektron mübarizə vasitələrindən qorumaq məqsədi daşıyır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bildirib ki, müəssisədə həmçinin peyk qəbulediciləri, GPS, Galileo və GLONASS sistemləri üçün antenlər hazırlanır.

Məlumata görə, burada istehsal olunan “Kometa” modulları “Shahed” tipli PUA-larda, “İskəndər” və “Kalibr” raketlərində, eləcə də aviasiya bombalarında istifadə edilir.

Raket təhlükəsi rejimi həmçinin Kurqan, Çelyabinsk, Sverdlovsk və Penza vilayətlərində, eləcə də Yamalda elan olunub.

Bundan başqa, ötən gecə Vladimir vilayəti də PUA hücumuna məruz qalıb. Vilayət rəhbəri Aleksandr Avdeyev iki infrastruktur obyektində yanğın baş verdiyini bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Moskva meri Sergey Sobyanin isə iyunun 10-u gecəyarısından etibarən paytaxta yaxınlaşan 12 PUA-nın məhv edildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi öz növbəsində son sutka ərzində ölkənin 20 regionu üzərində ümumilikdə 326 Ukrayna PUA-sının vurulduğunu bəyan edib.

Nazirlik raketlərin vurulması barədə isə məlumat verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin