Ordu.az xəbər verir ki, bunu amerikalı beynəlxalq münasibətlər üzrə ekspert, Kolumbiya Universitetinin professoru Ceffri Saks norveçli politoloq Qlenn Dizenə verdiyi müsahibədə səsləndirib.
NATO-nun Şərqi Avropa və Cənubi Qafqaza doğru genişlənməsi mövzusuna toxunan professor bildirib ki, Avropada təhlükəsizlik böhranı getdikcə dərinləşir və mövcud vəziyyət altı ay əvvəlkindən daha təhlükəlidir.
“Əgər açıq danışsaq, vəziyyət indi altı ay əvvəlkindən daha pisdir. Mən Almaniya kansleri Fridrix Mertsə ikinci açıq məktubumu da buna görə yazdım. Söhbət təkcə diplomatiyanın düzgün yol olmasından getmir. Mən Almaniyanın xüsusi məsuliyyət daşıdığını deyirəm.
Bu məsuliyyət 1990-cı ildən başlayır və bu gün Ukraynada baş verən hadisələrlə birbaşa bağlıdır. Almaniya Avropanın ən güclü dövləti və ən böyük əhalisinə malik ölkəsidir. Buna görə də təhlükəsizlik məsələlərində xüsusi məsuliyyət daşıyır”, - deyə Saks bildirib.
Amerikalı professor Avropa ölkələrinin Rusiya ilə dialoq qurmaq iqtidarında olmadığını da vurğulayıb.
“Bu, inanılmaz dərəcədə məsuliyyətsiz davranışdır. Avropa nə diplomatiya aparmağa maraq göstərdi, nə də buna qadir olduğunu nümayiş etdirdi. 450 milyon əhalisi olan bir birlik bir nəfər tapa bilmir ki, Rusiya ilə danışıqlar aparsın. Əvəzində hamı Rusiyadan və ABŞ-dən şikayətlənir ki, niyə prosesdə iştirak etmirik. Bu yanaşma nüvə dövründə qəbuledilməzdir”, - deyə o qeyd edib.
Ceffri Saks NATO-nun şərqə doğru genişlənməsi məsələsinə də toxunaraq bildirib ki, Almaniya və Qərb 1990-cı ildə verdikləri vədləri pozublar.
“Almaniyanın birləşməsi NATO-nun genişlənməyəcəyi və neytrallıq prinsipləri əsasında baş vermişdi. Lakin sonradan Almaniya və ümumilikdə Qərb bu öhdəlikləri dəfələrlə pozdu. Məhz buna görə Fridrix Merts bunu başa düşməli və Avropa yeni müharibəyə sürüklənməzdən əvvəl hərəkətə keçməlidir”, - deyə professor vurğulayıb.
Saks NATO-nun Ukrayna və Gürcüstan istiqamətində genişlənməsinin də bugünkü böhranın əsas səbəblərindən biri olduğunu bildirib.
“Angela Merkel sonradan açıq şəkildə etiraf etmişdi ki, NATO-nun Ukraynaya doğru genişlənməsi ilə bağlı konkret vəd Moskvada faktiki olaraq müharibə elan etmək kimi qəbul ediləcək. Merkel əvvəlcə buna qarşı çıxmışdı, lakin amerikalılar sonradan onu razı saldılar və NATO-nun genişlənmə niyyəti rəsmən elan edildi. Mənim fikrimcə, Almaniya və ABŞ Rusiyanı aldatdı və son 30 ildə artan gərginliyin əsas səbəbi də budur”, - deyə o bildirib.
Müsahibənin ən diqqətçəkən hissələrindən biri isə professorun Ermənistan və Cənubi Qafqazla bağlı açıqlamaları olub.
“ABŞ hələ o vaxt bəyan etməli idi ki, NATO artıq nə Ukraynaya, nə də Cənubi Qafqaza doğru genişlənməyəcək. Yeri gəlmişkən, bu region hələ də ABŞ və Mərkəzi Kəşfiyyat İdarəsinin maraq dairəsində qalır. Məhz indi, bizim danışdığımız bu anda onlar Ermənistanda öz oyunlarını oynayırlar. Onlar Cənubi Qafqazda oyunlar oynayırlar”, - deyə Ceffri Saks bildirib.
Professor daha sonra ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Ceyk Sallivanla söhbətindən danışıb.
“Mən Ağ Evə zəng etdim və Ceyk Sallivanla danışdım. Bu, həyatımda yaşadığım ən sürreal söhbətlərdən biri idi. Mən ona dedim: “Ceyk, razılaşmanı qəbul et və bəyan et ki, NATO genişlənməyəcək”. O isə mənə cavab verdi: “Ceff, NATO Ukraynaya doğru genişlənməyəcək”.
Lakin eyni zamanda deyirdi ki, bunu açıq şəkildə bəyan edə bilməzlər. Həm də əmin edirdi ki, müharibə olmayacaq. Sonrakı hadisələr isə göstərdi ki, bu proqnoz tamamilə yanlış idi”, - deyə Saks qeyd edib.
Amerikalı alim Avropa liderlərini də sərt tənqid edib.
“Doğrudanmı Avropada düşüncə tərzi o həddə dəyişib ki, müharibə adi hala çevrilib? Müharibə 10 həftə də davam etsə, bu dəhşətdir və qarşısını almaq üçün nəsə etmək lazımdır. Lakin bəzi siyasətçilər bunun daha 10 il davam etməyəcəyinə ümid etdiklərini deyirlər. Bu, son dərəcə acınacaqlı yanaşmadır”, - deyə o vurğulayıb.
BMT baş katibinin keçmiş xüsusi müşaviri olmuş Ceffri Saks Qərb siyasi elitasının cəmiyyət qarşısında hesabatlılıqdan uzaqlaşdığını da bildirib.
“Bir şeyi dəqiq bilirəm. Hökumətlərimiz artıq bunkerlərdə oturublar. Onlar cəmiyyətlə danışmırlar, bu məsələləri müzakirə etmirlər və suallara cavab vermirlər. Əgər mən Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsinə zəng edirəmsə, heç kim cavab vermir. Halbuki onlar mənim kim olduğumu yaxşı bilirlər. Bu insanların çoxunu şəxsən tanıyıram. Demokratiyanın bütün zahiri əlamətləri mövcuddur, amma mən real vəziyyətin necə olduğunu bilirəm”, - deyə Saks bildirib.
Alpər Mövludoğlu
Ordu.az