Mariyana Kuyundziç: "Aİ-nin Azərbaycanla 30 illik tərəfdaşlığı çərçivəsində yüzlərlə layihə həyata keçirilib"

2026/06/1780659251.jpg
Oxunub: 146     14:55     05 İyun 2026    
Avropa İttifaqı (Aİ) və Azərbaycan 30 il ərzində əməkdaşlığın inkişafında əhəmiyyətli nəticələr əldə edib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Aİ Gənclər Müsabiqəsi" (EU Youth Competition) çərçivəsində bildirib.

Diplomat xatırladıb ki, bu il Avropa İttifaqı və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd edir.

"1996-cı ildən bəri biz əhəmiyyətli nəticələr əldə edə bilmişik. Bu dövr ərzində kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, ətraf mühitin qorunması və bir çox digər sahələrdə yüzlərlə layihə həyata keçirilib. Minlərlə tələbə Erasmus+ proqramı vasitəsilə Avropada təhsil almaq imkanı qazanıb", - səfir deyib.

Kuyundziç həmçinin Azərbaycan və Aİ ölkələrinin cəmiyyətləri arasında əlaqələrin möhkəmləndirilməsində gənclərin mühüm rolunu vurğulayıb. O qeyd edib ki, məhz belə tədbirlər və birgə təşəbbüslər sayəsində gənclər bir-birindən öyrənir və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.

Diplomatın sözlərinə görə, 2016-cı ildə Gəncə Avropa Gənclər Paytaxtı seçilib, həmçinin on il əvvəl elə bu şəhərdə "Avropa şəhərciyi" tədbiri keçirilib.

Bundan başqa, səfir tədbir iştirakçılarını oktyabrın 10-11-də Bakıda keçiriləcək təhsil sərgisini ziyarət etməyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuyundziç     Azərbaycan  


Bizi "telegram"da izləyin