27 ildən sonra erməni generalın qətlinin üstü açılıb

2026/06/1780661450.jpg
Oxunub: 324     16:10     05 İyun 2026    
Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin müavini, general-mayor Artsrun Marqaryanın 27 il əvvəl baş vermiş səs-küylü qətlinin üstü açılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstintaq Komitəsinin sədrinin tapşırığı ilə qurumun bütün bölmələrində, o cümlədən Xüsusilə Vacib İşlərin İstintaqı Baş İdarəsində əvvəlki illərdə törədilmiş və bu günədək açılmamış ictimai rezonans doğuran qətllərlə bağlı bir sıra cinayət işləri üzrə araşdırmalar aparılır.

Məlumata görə, həmin işlər çərçivəsində mövcud sübutlar yenidən təhlil olunub, istintaq və prosessual hərəkətlərin planı hazırlanıb, müxtəlif versiyalar irəli sürülərək yoxlanılıb. Məqsəd uzun illərdir cəmiyyətin cavab gözlədiyi qətl hadisələrinin açılması olub.

Ermənistan İstintaq Komitəsi qeyd edib ki, uzun zaman keçməsi səbəbindən ciddi çətinliklərlə üzləşiblər.

“Bəzi hallarda proses iştirakçılarının vəfat etməsi və ya ölkədə olmaması, digər hallarda isə şahidlərin hadisələri dəqiq xatırlamaması araşdırmanı çətinləşdirib. Həmçinin bəzi cinayət işləri üzrə prosessual sənədlərin itməsi və ya məhv edilməsi faktları ilə qarşılaşılıb. Buna baxmayaraq, 27 il əvvəl baş vermiş cinayət işi üzrə qətli törədən şəxslərin müəyyən edilməsi mümkün olub”, - deyə məlumatda qeyd edilib.

Komitə xatırladıb ki, daha əvvəl Ermənistan müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlinin də üstü açılmışdı.

Qurum vurğulayıb ki, əvvəlki illərdə baş vermiş və ictimai rezonans doğurmuş qətllərin hərtərəfli və obyektiv araşdırılması onların prioritet istiqamətlərindən biridir.

“Məqsəd zaman keçməsindən asılı olmayaraq cinayət məsuliyyətinin qaçılmaz olduğunu nümayiş etdirməkdir. Məhz bu çərçivədə aparılan istintaq hərəkətləri nəticəsində növbəti səs-küylü qətl hadisəsinin də üstü açılıb. Söhbət Ermənistan daxili işlər və milli təhlükəsizlik nazirinin müavini, general-mayor Artsrun Marqaryanın ölümündən gedir”, - deyə məlumatda bildirilib.

Komitə xatırladıb ki, 1999-cu il fevralın 9-da saat 15:30 radələrində İrəvan-Sevan magistral yolundan Nor Hacın-Avan istiqamətinə gedən yol ayrıcının yaxınlığındakı boş ərazidə Artsrun Marqaryanın meyiti aşkar edilmişdi. Meyitin üzərində odlu silah yaraları qeydə alınmışdı.

Hadisə ilə bağlı Ermənistanın 1961-ci il tarixli Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılsa da, heç kim məsuliyyətə cəlb edilməmişdi. Araşdırma zamanı müəyyən edilmişdi ki, Marqaryanın bədənində iki güllə yarası olub, biri döş qəfəsinin sol ön hissəsində, digəri isə başının sağ arxa nahiyəsində olub.

Həmin dövrdə istintaq orqanı belə nəticəyə gəlmişdi ki, Artsrun Marqaryan uzunmüddətli psixoloji gərginlik və depressiya vəziyyətində olub, çıxış yolu tapa bilmədiyi üçün ona təhkim edilmiş xidməti silahla özünə iki dəfə atəş açaraq intihar edib. Bu səbəbdən qətl maddəsi ilə başlanmış cinayət işi 1999-cu il sentyabrın 20-də cinayət hadisəsinin olmaması əsası ilə bağlanmışdı.

Lakin hadisədən 27 il sonra aparılan yeni istintaq hərəkətləri, o cümlədən meyitin eksqumasiyası və təkrar məhkəmə-tibbi ekspertizanın nəticələri fərqli mənzərə ortaya çıxarıb. Yeni əldə edilən faktlar göstərib ki, Artsrun Marqaryan onun mühafizəçisi A.X. tərəfindən açılan atəş nəticəsində öldürülüb. Eyni zamanda müəyyən edilib ki, Marqaryan fiziki baxımdan özünə bu cür güllə yaraları yetirə bilməzdi.

Ermənistan İstintaq Komitəsi bildirib ki, qətlin açılmasını çətinləşdirən əsas amillərdən biri də cinayət işinin materiallarının ümumiyyətlə mövcud olmaması idi.

Məlumata görə, araşdırmanın ilkin mərhələsində komitənin sərəncamında yalnız ittiham aktı, məhkəmə qərarları və bir neçə digər prosessual sənəd olub. Buna baxmayaraq, istintaq orqanı iş materiallarını bərpa etməyi və mühüm sübutlar əldə etməyi bacarıb. Toplanmış sübutlar əsasında əvvəlki əsassız qərarlar ləğv edilib və A.X.-ə qarşı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə, yəni ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə ittihamı irəli sürülüb.

Qeyd edilib ki, 2026-cı il iyunun 3-də müstəntiqin vəsatəti əsasında xidməti vəzifənin icrası ilə əlaqədar ağırlaşdırıcı hallarda qətl törətmək ittihamı ilə A.X. barəsində ictimai cinayət təqibi başlanıb və onun həbs olunması üçün məhkəməyə müraciət edilib. Cinayət işi üzrə istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qətl  


Bizi "telegram"da izləyin