Litva üçün bu, böyük diplomatik və strateji uğur sayılırdı. Ölkə Avropanın əsas güclərindən biri ilə əlaqələrini daha da möhkəmləndirdi, həmçinin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra öz təhlükəsizliyini və çəkindirmə potensialını gücləndirdi. NATO-nun Gücləndirilmiş İrəli Mövcudluq missiyası çərçivəsində Litvada artıq bir taborluq Almaniya Silahlı Qüvvələri (Bundesver) kontingenti fəaliyyət göstərsə də, zirehli briqadanın yerləşdirilməsi bu prosesi tamamilə yeni səviyyəyə qaldırırdı.
Almaniya üçün isə bu addım xarici siyasətdə tarixi dəyişiklik idi. Bu, İkinci Dünya müharibəsindən sonra Almaniya qoşunlarının ən böyük daimi xarici yerləşdirilməsi hesab olunur. Bu addımla Almaniya Avropanın əsas güclərindən biri kimi kollektiv Avropa təhlükəsizliyi, xüsusilə də Şərq cinahının müdafiəsi üçün kifayət qədər iş görmədiyini iddia edən tənqidçilərin əksəriyyətini susdurdu.
Yeni yaradılmış briqada qısa müddətdə “45-ci Tank Briqadası” (Almaniyada həm də “Litva briqadası” kimi tanınır) adlandırıldı. Adından da göründüyü kimi, briqadanın tərkibində 4 800-dən çox hərbçi və ən müasir “Leopard” 2A8 tankları, eləcə də “Puma” piyadaların döyüş maşınları kimi zirehli döyüş texnikaları olacaq.
Bu qədər güclü görünməsinə baxmayaraq, briqadanın 2027-ci ildə tam əməliyyat hazırlığına çatmasına qədər bir sıra diqqətdən kənarda qalan problemlər mövcuddur. 45-ci briqadanın gücü və imkanları barədə çoxlu məqalələr dərc edilsə də, bu yazıda toxunacağım problemlər haqqında daha az danışılır. Bu çətinliklər əsasən şəxsi heyət, dezinformasiya və logistika ilə bağlıdır və 2027-ci ildə briqadanın tam yerləşdirilməsindən əvvəl həll edilməlidir.
Bundesverin qarşılaşdığı əsas problemlərdən biri, təkcə 45-ci briqadanın Litvada yerləşdirilməsi deyil, ümumilikdə Soyuq müharibə dövründəki gücünü bərpa etməsi üçün zəruri olan şəxsi heyətin çatışmazlığıdır. Hazırda Bundesverin ümumi şəxsi heyəti təxminən 185 min nəfərdir ki, bunun da yalnız 64 mini quru qoşunlarının (Heer) payına düşür.
Bu rəqəmlərin kifayət etmədiyini anlayan Almaniya 2035-ci ilə qədər silahlı qüvvələrinin sayını 460 min döyüşə hazır hərbçiyə çatdırmaq məqsədi daşıyan iddialı plan təqdim edib. Lakin şəxsi heyətin cəlb edilməsi ləng gedir və Bundesver yeni hərbçiləri xidmətdə saxlamaqda çətinlik çəkir. Belə ki, ilkin hazırlıq mərhələsində çağırılanların təxminən 20 faizi xidməti yarımçıq tərk edir.
Bu problem Litvaya qoşun göndərilməsi məsələsində də özünü göstərir. İndiyədək tələb olunan hərbçilərin yalnız təxminən 10 faizi Litvada xidmət etmək üçün könüllü müraciət edib. Maliyyə bonusları və digər təşviqedici tədbirlər nəticə verməsə, Almaniya ordusu bu təyinatları məcburi edə bilər ki, bu da şəxsi heyətin mənəvi durumuna əlavə mənfi təsir göstərə bilər.
Buna baxmayaraq, Almaniyanın müdafiə naziri Boris Pistorius briqadanın vaxtında tam əməliyyat hazırlığına çatacağını bildirir. Ədalət naminə qeyd etmək lazımdır ki, şəxsi heyətin cəlb edilməsi problemi yalnız Almaniyaya məxsus deyil. Lakin NATO-nun şərq sərhədlərində təhdidlər artdıqca bu məsələ təcili şəkildə həll edilməlidir.
Bu problemin həm qısamüddətli, həm də uzunmüddətli həll yolları mövcuddur. Qısamüddətli perspektivdə Almaniya hərbçilər üçün maliyyə və digər təşviqləri artırmağa davam etməlidir ki, təkcə Litvada xidmət deyil, ümumilikdə hərbi peşə daha cəlbedici olsun. Lakin bu yanaşma yalnız qısamüddətli nəticə verə bilər və xüsusilə hava hücumundan müdafiə sistemləri və ya kibertəhlükəsizlik kimi kritik sahələrdə ən yaxşı mütəxəssisləri cəlb etmək üçün yetərli olmayacaq. Çünki təhsil və təcrübəyə malik şəxslər mülki sektorda daha yüksək maaşlı və daha rahat iş tapa bilirlər.
Buna görə də uzunmüddətli perspektivdə şəxsi heyət çatışmazlığının aradan qaldırılması üçün populyar olmayan, lakin zəruri qərar, yəni məcburi hərbi xidmətin bərpası tələb olunur. Almaniya parlamenti (Bundestaq) artıq Hərbi Xidmətin Modernləşdirilməsi Aktını qəbul edib. Bu qanuna əsasən, bütün 18 yaşlı kişilər hərbi xidmətə yararlılığı və motivasiyası ilə bağlı sorğu doldurmalıdırlar. 2027-ci ildən etibarən isə 2008-ci ildən sonra doğulan bütün kişilər tibbi müayinədən keçməlidirlər.
Hazırda bu qanunun məqsədi könüllü hərbi xidməti daha cəlbedici etməkdir. Lakin ehtiyac yaranarsa, Bundestaq hərbi xidməti məcburi edən ayrıca qanun da qəbul edə bilər. Hərbi xidmət yaşında olan bütün kişilərin çağırılması nə zəruridir, nə də praktiki baxımdan mümkündür. Bununla belə, məhdud miqyasda məcburi xidmət vacibdir. Soyuq müharibə dövründə Almaniyada tətbiq olunan ənənəvi modelə uyğun olaraq, məcburi xidmət ölkəyə böyük ehtiyat qüvvəsi formalaşdırmağa imkan verərdi, ən hazırlıqlı hərbçilər isə NATO-nun Şərq cinahında xidmət edə bilərdilər.
Bununla yanaşı, çağırış sistemi ilə bağlı iki vacib məqamı qeyd etmək lazımdır. Birincisi, Almaniya hökuməti hərbi xidməti zərurət yarandığı halda məcburi edə biləcəyini bildirsə də, bu yanaşmanın işləyəcəyi şübhəlidir. Almaniya mürəkkəb və ləng bürokratiyası, eləcə də siyasi qərarların yavaş qəbul olunması ilə tanınır. Bu səbəbdən belə mühüm qanunun ciddi ictimai və siyasi təzyiqlər fonunda sürətlə qəbul ediləcəyi real görünmür.
Hətta belə bir qərar qəbul edilsə belə, ilk çağırışçıların xidmətə başlaması üçün ən azı bir neçə il, döyüşə hazır ehtiyat qüvvəsinin formalaşdırılması üçün isə daha bir neçə il tələb olunacaq. Halbuki zaman Almaniyanın xeyrinə işləmir. Buna görə də məcburi hərbi xidmət haqqında qanun real ehtiyac yaranmazdan xeyli əvvəl qəbul edilməlidir. İkincisi, həm Almaniya cəmiyyəti, həm də alman hərbçiləri başa düşməlidirlər ki, bu hazırlıqlar müharibəyə girmək üçün deyil, onun qarşısını almaq üçün həyata keçirilir. Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Almaniyada hərbi xidmət yaşında olan şəxslərin və ya hərbçilərin, xüsusilə NATO-nun Şərq cinahında xidmətlə bağlı ehtiyatlı davranması başa düşüləndir. Lakin qədim deyimdə deyildiyi kimi: “Sülh istəyirsənsə, müharibəyə hazırlaş”.
Başqa sözlə, məcburi hərbi xidmət məhz müharibə aparmaq məcburiyyətində qalmamaq üçün lazımdır. Rusiyanın artıq on ildən çoxdur ki, Avropa ölkələrinə qarşı informasiya müharibəsi apardığını gizlətməyin mənası yoxdur. Ukraynaya qarşı işğalla bağlı dezinformasiya yayan bot şəbəkələri, NATO-nun Ukraynaya dəstəyi barədə saxta məlumatlar, müxtəlif Avropa ölkələrində seçki proseslərinə müdaxilə cəhdləri və digər fəaliyyətlər bunun nümunəsidir.
Bu fəaliyyətlərin məqsədi hədəf alınan ölkələrdə parçalanma yaratmaq, Ukraynanın müharibə səylərini zəiflətmək, mühüm müdafiə layihələrinə ictimai dəstəyi azaltmaq və hakimiyyətə Rusiyaya yaxın siyasətçilərin gəlməsinə şərait yaratmaqdır.
Belə dezinformasiya kampaniyasının son nümunələrindən biri Litvadakı Kapçyamyestis layihəsinə qarşı yönəldilmişdi. Litva hökuməti hərbi potensialın gücləndirilməsi proqramı çərçivəsində Polşa ilə cənub sərhədi yaxınlığında, Litvanın müdafiəsi üçün strateji əhəmiyyət daşıyan Suvalki dəhlizinin mərkəzində yerləşən Kapçyamyestis şəhəri yaxınlığında təlim poliqonu inşa etmək qərarına gəlmişdi.
Bu layihənin xüsusi qeyd olunmasının səbəbi onun Rusiya tərəfindən həyata keçirilən dezinformasiya kampaniyasının hədəfinə çevrilməsi idi. Kampaniyanın məqsədi təkcə Kapçyamyestis sakinlərini deyil, Litva əhalisinin böyük hissəsini layihəyə qarşı qaldıraraq onun dayandırılmasına nail olmaq idi. Trol şəbəkələri “Facebook” platformasında qruplar və saxta hesablar yaradaraq Kapçyamyestis layihəsinə qarşı ümummilli narazılıq yaratmağa çalışırdı. Həmin qruplar və hesablar saxta xəbərlər yayır, “müharibə tərəfdarı NATO” və “Litvanın Rusiyanı təxribata çəkməsi” kimi Kreml narrativlərini təkrarlayırdı.
Lakin Litva hakimiyyətinin operativ müdaxiləsi nəticəsində dezinformasiyanın yayılması məhdudlaşdırıldı və layihə Litva parlamentində səsvermə mərhələsini uğurla keçdi.
Kapçyamyestis təlim poliqonuna qarşı aparılan kampaniya əslində Kremlin Litvada və ümumilikdə Avropada müdafiə layihələrini sabotaj etməyə yönəlmiş daha geniş səylərinin yalnız kiçik bir hissəsi idi. Bu mövzunun əhəmiyyəti ondadır ki, 45-ci briqadanın Litvaya yaxınlaşan yerləşdirilməsi də oxşar informasiya müharibəsinin hədəfi olacaq və artıq müəyyən dərəcədə olub. Kremlə yaxın qruplar Litvanın “işğalı” ilə bağlı narrativlər yayır, hətta bunu Litvanın nasistlər tərəfindən işğalı ilə müqayisə edir və ya Almaniya hərbçilərinin guya mülki şəxsləri öldürməsi və ya zorlaması barədə saxta xəbərlər hazırlayırlar. Almaniyanın tarixi nəzərə alınarsa, bu son dərəcə həssas mövzudur.
Litvalıların mütləq əksəriyyəti Almaniya briqadasının Litvada yerləşdirilməsini dəstəkləsə də, bu qruplar, əsasən internet məkanında, fəaliyyətlərini davam etdirirlər. Təəssüf ki, sayca bu qədər böyük qüvvənin, təxminən 5 min hərbçinin gəlməsi ilə qəza və təxribat riskləri də əhəmiyyətli dərəcədə artır. Almaniyanın sıravi hərbçiləri və zabitləri başa düşməlidirlər ki, Rusiya təbliğatı NATO və Almaniya ordusunu nüfuzdan salmaq üçün istənilən, hətta ən kiçik imkandan istifadə etməyə çalışacaq və onları təxribatlara çəkməyə cəhd göstərəcək.
Almanlar anlamalıdırlar ki, onlar daim “böyüdücü şüşə altında” olacaqlar. Alman hərbçilərinin törətdiyi hər hansı real hadisə və ya cinayət sosial şəbəkələrdə dezinformasiya vasitəsilə şişirdilərək həm Litvada, həm də Almaniyada siyasi qalmaqala çevrilə və Rusiya üçün böyük təbliğat qələbəsi ola bilər. Bundesver bu təhlükəni qiymətləndirməməlidir və informasiya müharibəsində əldə olunan qələbələrin döyüş meydanındakı uğurlar qədər əhəmiyyətli olduğunu anlamalıdır. Bəzən məhz informasiya sahəsindəki uğur və ya uğursuzluq ilk güllə atılmamışdan əvvəl belə qələbə və ya məğlubiyyəti müəyyən edə bilər.
ABŞ ordusunun İkinci Dünya müharibəsindəki beşulduzlu generalı Omar Bredli belə demişdi: “Həvəskarlar taktikanı, peşəkarlar isə logistikanı öyrənir”.
Böyük həcmdə şəxsi heyət və texnikanın Litvaya yerləşdirilməsi həm Almaniyada, həm də Litvada səmərəli logistika və təchizat mərkəzlərinin yaradılmasını tələb edir. Litva artıq alman hərbçiləri və onların ailələri üçün bütöv hərbi şəhərcik, eləcə də digər zəruri infrastrukturlar inşa edir.
Almaniyadan Litvaya uzanan təchizat zəncirinin qurulması özü ayrıca çətinlik yaratsa da, logistikanın xüsusilə sülh dövründə tez-tez diqqətdən kənarda qalan mühüm elementi var. Bu da təhlükəsizlikdir. 45-ci briqadanın şəxsi heyət və texnika ilə təmin olunması üçün Almaniya Litvaya doğru təhlükəsiz təchizat dəhlizləri yaratmalıdır. İlk baxışdan sadə görünən bu məsələdə təhlükəsizliyə təsir edən amillər nəzərə alınmalıdır.
Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Moskva Avropanın müxtəlif ölkələrində müdafiə obyektlərinə, zavodlara və kritik infrastruktura qarşı sabotaj kampaniyasına start verib. Bu hücumlar çox vaxt sosial şəbəkələr və ya mesajlaşma tətbiqləri vasitəsilə cəlb edilmiş yerli rusiyapərəst əməkdaşlar tərəfindən həyata keçirilir. Bu şəxslər adətən primitiv üsullardan istifadə etsələr və əksər hallarda uğur qazanmasalar da, logistika sahəsində ciddi zərər vura bilirlər.
Ötən ilin noyabrında Polşada diversantlar dəmir yolu xəttini partlatmışdılar. Yanvarda isə Almaniyada naməlum şəxslər dəmir yolu infrastrukturuna ziyan vurmuşdular. Belə sadə üsullarla Rusiya, NATO-nun 5-ci maddəsinin işə düşməsinə səbəb olmadan belə, Şərq cinahına qoşun və texnika daşınmasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Bu hücumların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar rus diasporu nümayəndələri, ideoloji baxımdan yaxın qruplar və ya sadəcə tez pul qazanmaq istəyən insanlar kimi həssas kateqoriyalara aid mülki şəxslərin əli ilə həyata keçirilir. Bu isə belə hücumları son dərəcə gözlənilməz və qarşısının alınması çətin edir.
Daha təhlükəli məqam isə ondan ibarətdir ki, Rusiya kəşfiyyat strukturları sabotaj və ya casusluq əməliyyatları üçün sosial şəbəkələr vasitəsilə yeniyetmələri də cəlb edirlər. Bu, bir tərəfdən gənclərin radikallaşmasına səbəb olur, digər tərəfdən isə onları ciddi təhlükə altına qoyur.
Sabotaj təhlükəsi hər zaman mövcud olub. Lakin bu gün internet və sosial şəbəkələrin imkanları sayəsində belə əməliyyatları sürətli, gözlənilməz və təşkilatçılar üçün minimum xərc hesabına həyata keçirmək mümkündür. Həqiqəti desək, cəmiyyətlərimizi nə qədər maarifləndirsək də, həmişə tez pul qazanmaq və ya ideoloji səbəblərlə sabotaj törətməyə hazır olan insanlar tapılacaq.
Bu problemlə bir neçə istiqamətdə mübarizə aparmaq mümkündür. İlk növbədə Litva və Almaniya dəmir yollarının mühafizəsini sürətlə gücləndirməlidirlər. Bunun üçün kameralar və pilotsuz uçuş aparatları vasitəsilə müşahidə, fiziki maneələr və kibertəhlükəsizlik tədbirləri, xüsusilə əsas nəqliyyat qovşaqlarında genişləndirilməlidir. Belə tədbirlər Rusiya kəşfiyyatı tərəfindən cəlb edilən əksər həvəskar diversantları çəkindirər və düşməni daha mürəkkəb, baha başa gələn və riskli əməliyyatlar həyata keçirməyə məcbur edər.
İkincisi, Almaniya hərbi komandanlığı əməliyyatları planlaşdırarkən, hətta sülh dövründə belə, bu cür hadisələrin və onların səbəb ola biləcəyi təchizat çatışmazlıqlarının ehtimalını nəzərə almalıdır. Sabotajların Almaniya briqadasının Litvaya yerləşdirilməsini ciddi şəkildə gecikdirməsi ehtimalı az olsa da, Rusiya 45-ci briqadanın tam əməliyyat qabiliyyətini zəiflətmək üçün hər fürsəti axtarmağa davam edəcək.
Nəticə etibarilə, Almaniya İkinci Dünya müharibəsindən sonra ən böyük daimi xarici hərbi yerləşdirməyə hazırlaşır və təxminən 5 min nəfərlik 45-ci Tank Briqadasını Litvaya göndərir. Bu, şübhəsiz ki, zəruri çəkindirmə tədbiridir, lakin mövcud geosiyasi şəraitə xas olan bir sıra çətinliklərlə müşayiət olunur. Şəxsi heyət çatışmazlığından tutmuş NATO qüvvələrinə qarşı informasiya müharibəsinə və Avropadakı sabotaj kampaniyalarına qədər bütün bu problemlər Almaniya və Litvanın sürətli və qətiyyətli addımlar atmasını tələb edir.
Bu ölkələr məcburi hərbi xidmət kimi populyar olmayan, lakin zəruri qərarları qəbul etməkdən çəkinməməlidirlər. Rusiya 45-ci briqadanın Litvada yerləşdirilməsinin qarşısını tamamilə ala bilməsə də, onun fəaliyyətini ləngitmək, nüfuzdan salmaq və ya imkanlarını məhdudlaşdırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaq. Qeyri-ənənəvi təhdidlərə, yəni dezinformasiya və sabotaj kimi təhlükələrə qarşı ayıq olmaq hava hücumundan müdafiə sistemləri və ya zirehli texnikaya malik olmaq qədər vacibdir.
Almaniya ordusu bunu nəzərdən qaçırmamalı və yalnız ənənəvi müharibəyə deyil, həm də qeyd olunan təhdidlərə qarşı cavab vermək qabiliyyətini inkişaf etdirməlidir.
Dəyanət Ağalarlı
Ordu.az