ABŞ “Hornet”i: Rusiya Logistikasını Məhv Edən Kamikadze Tipli PUA (VİDEOLAR+FOTOLAR)

2026/06/1780658737.jpg
Oxunub: 546     15:51     05 İyun 2026    
Kamikadze tipli “Hornet” Pilotsuz Uçuş Aparatları (PUA) artıq Rusiya logistikasına cəbhə xəttinin dərinliklərində zərbələr endirmək üçün Müdafiə Qüvvələrinin arsenalında ən geniş istifadə olunan və ən uğurlu silahlardan birinə çevrilib. Bununla belə, bu PUA-lar barədə ictimaiyyətə çox az məlumat məlumdur. İstehsalçı şirkət hətta onların ümumi xüsusiyyətlərini belə açıqlamır.

Kamikadze tipli “Hornet” PUA-sının texniki xüsusiyyətləri rəsmi şəkildə açıqlanmasa da, uzunmüddətli istifadəsi nəticəsində ruslar vurulmuş PUA-ların qalıqlarını və tətbiqdən sonra qalan fraqmentləri toplayaraq araşdırmaq imkanı əldə ediblər. Mövzunun həssaslığını və bu materialın işğalçılara əlavə faydalı məlumat verməməsi zərurətini nəzərə alaraq, məqalənin hazırlanması zamanı PUA-ların qalıqları üzrə Rusiya təhlillərindən və açıq mənbələrdə yayımlanan məlumatlardan istifadə olunub.

Məlumdur ki, “Hornet” ABŞ-nin “Perennial Autonomy” şirkəti tərəfindən hazırlanıb və istehsal olunur. Şirkət daha əvvəl uğurlu “Merops” PUA önləyiciləri ilə tanınıb. Şirkətin sahibi “Google”un keçmiş baş icraçı direktoru Erik Şmidtdir. Bu PUA-lar 2025-ci ilin yazından etibarən Ukraynada istifadə olunur və artıq çoxsaylı bölmələrin silahlanmasına qəbul edilib. 2026-cı ilin may ayında ABŞ ordusunun hərbi qulluqçuları da bu PUA-lar üzrə hazırlıqlara başlayıblar.

“Hornet” haqqında məlum olanlar

Rusiya sənaye mənbələrinin məlumatına görə, PUA-nın özü döyüş şəraitində texniki və taktiki həllərin, eləcə də Rusiya hərbi qüvvələrinin reaksiyasının və əks-tədbirlərinin sınaqdan keçirildiyi bir platforma rolunu oynayır. Döyüş təcrübəsi toplandıqca dəyişikliklər operativ şəkildə konstruksiyaya daxil edilir. Ümumilikdə, Rusiya hərbi dairələri qeyd edirlər ki, PUA adi kommersiya komponentləri deyil, aviasiyada istifadə olunan materiallar və xüsusi hissələr əsasında çox keyfiyyətli şəkildə hazırlanıb.


Almaniyanın “Bild” qəzetinin hərbi analitiki Yulian Röpkenin qiymətləndirməsinə görə, bir “Hornet” PUA-sının qiyməti 5 min avrodan azdır. Bildirilir ki, əksər hallarda PUA nəqliyyat marşrutları boyunca 200 metrədək yüksəklikdə uçur. Hədəfi aşkar etdikdən sonra onu izləməyə götürür və idarəetmə sistemi vasitəsilə zərbə endirir. PUA hədəfə çox sakit yaxınlaşır ki, bu da reaksiya müddətini azaldır.

Rusların qiymətləndirməsinə görə, idarəetmə bloku, döyüş başlığı və ya batareya hissəsinə birbaşa zərbə endirilmədiyi halda onu atıcı silahlarla vurmaq son dərəcə çətindir. Həmçinin qeyd olunur ki, logistika marşrutları boyunca quraşdırılmış torlar bu PUA-ya qarşı effektiv müdafiə vasitəsi deyil. Ən yaxşı əks-tədbirlər kimi FPV tipli PUA önləyiciləri və “Elka” sistemi göstərilir.


Bu PUA-nın əsas hədəfləri hərbi texnika və nəqliyyat vasitələridir. Bununla yanaşı, bəzi hallarda PUA hədəfini dəyişərək piyadalara hücum edib. Bu isə göstərir ki, mobil atəş qrupları da prioritet hədəflər siyahısına daxil edilə bilər.

“Hornet” PAU-sının taktiki-texniki xüsusiyyətlərinin qiymətləndirilməsi

“Hornet”in uçuş kütləsi təxminən 15 kiloqramdır. Qanad açılımı 2,2 metr, uzunluğu isə 1,4 metr təşkil edir. PUA-nın döyüş başlığı və batareyasız çəkisi təxminən 5 kiloqramdır. Maksimum faydalı yükü isə 5 kiloqrama çatır. Rusiyanın qiymətləndirməsinə görə, onun uçuş məsafəsi 130-145 kilometr təşkil edir. Lakin faktiki olaraq bu PUA-nın cəbhə xəttindən 160 kilometr məsafədə istifadəsi artıq qeydə alınıb.


Döyüş başlığı

“Hornet” PUA-sının döyüş başlığının çəkisi ümumi 5 kiloqramlıq faydalı yük çərçivəsində 4,5 kiloqrama qədər ola bilər. Bu döyüş yükü avtomobil texnikasını, yüngül zirehli texnikanı və digər hədəfləri məhv etmək üçün kifayət edir. Bununla yanaşı, müxtəlif çəkidə və müxtəlif növdə döyüş başlıqlarının istifadəsi üzrə təcrübələr davam etdirilib.

2025-ci ildən etibarən çəkisi 0,2 kiloqramdan 4 kiloqrama qədər olan döyüş başlıqlarının istifadəsi qeydə alınıb. Ən çox istifadə olunan variantlar kumulyativ-qəlpəli tipli döyüş başlıqlarıdır. PUA özünü məhvetmə rejimi ilə təchiz olunub. Bu rejim proqramlaşdırıla bilir və konkret platformanın konfiqurasiyasından asılı olaraq müxtəlif formada tətbiq oluna bilər.


Mühərrik və uçuş xüsusiyyətləri

Buraxılış pnevmatik katapult vasitəsilə həyata keçirilir. PUA SE4720 300KV mühərriki ilə təchiz edilib ki, bu da ona saatda 100-120 kilometr kruiz sürəti ilə uçmağa imkan verir. Hədəfə doğru dalış zamanı sürət saatda 200 kilometrə çata bilir. Batareya 12S2p konfiqurasiyasına malikdir, ölçüləri 180×70×70 mm, çəkisi isə 1,9 kq təşkil edir. PUA-da “Samsung” INR21700-50S batareyalarından istifadə olunur və ümumi tutum 10 000 mAh-dır.


Ruslar həmçinin aparatın yüksək manevr qabiliyyətini və sürətini xüsusi qeyd edirlər. PUA-nın 5 metrdən artıq olmayan yüksəklikdə uçuşları qeydə alınıb. Bundan əlavə, hədəfə dalış zamanı idarəolunmanın saxlanıldığı bildirilir ki, bu da onun kiçik və hərəkətli obyektlərə qarşı effektivliyini artırır.

Eyni zamanda, avtomatik dalış rejiminin müəyyən məhdudiyyətləri var. Avtomatik hədəfə kilidlənmə sisteminin kiçik maneələri nəzərə almaması və ya daha sərt manevr məhdudiyyətlərinə malik olması səbəbindən hədəfdən yayınma halları da qeydə alınıb.

Kameralar və idarəetmə sistemi

PUA iki gündüz kamerası ilə təchiz olunub, biri ön istiqamətə, digəri isə aşağıya baxan kameradır. Ehtimal olunur ki, bu kameralar idarəetmə sisteminin bir hissəsi kimi fəaliyyət göstərir. Aşağıya baxan kamera isə avtomatik hədəfə kilidlənmə, relyefə uyğun orientasiya və hündürlüyün sabit saxlanılması funksiyalarını yerinə yetirə bilər.

Gündüz kameralarının istifadə olunmasına baxmayaraq, belə PUA-ların alaqaranlıq vaxtlarda hücumlar həyata keçirdiyi barədə məlumatlar mövcuddur. Bu isə zəif işıqlandırma şəraitinə uyğunlaşdırılmış kamera variantlarının mövcud ola biləcəyini göstərir. 2026-cı ilin ilk aylarında rus mənbələrində ön istiqamətə baxan termal kamera ilə aparılan eksperimental tətbiqlər barədə məlumatlar yayılmağa başlayıb.


Videokameralar və obyektivlər hədəfin orta hesabla 300-500 metr məsafədən aşkarlanmasına imkan verir. Bu xüsusiyyət PUA-ya 200-300 metr yüksəklikdən müstəqil şəkildə hədəfə dalış etməyə və ya aşağı yüksəklikdə uçaraq təxminən eyni məsafədən hədəfi vurmağa imkan yaradır. Belə rejim nəqliyyat vasitələrində quraşdırılmış radioelektron mübarizə sistemlərinin əksəriyyətini faktiki olaraq təsirsiz edir.

İdarəetmə və rabitə

“Hornet”in əsas xüsusiyyətlərindən biri peyk və inersial-optik naviqasiyanın birləşdirilməsi, süni zəka əsaslı qabaqcıl optik-elektron hədəf aşkarlama və tanıma sistemi, həmçinin qeyri-standart məlumat ötürmə tezliklərindən istifadə olunmasıdır. Nəticədə PUA marşrut üzrə müstəqil şəkildə uça bilir, operatorla daimi rabitə kanalına ehtiyacı minimuma endirir və tipik radioelektron mübarizə sistemləri ilə PUA detektorlarının effektivliyini ciddi şəkildə azaldır.


Obyektlər müəyyən edildikdən sonra operator ekranda aşkarlanmış hədəflərin növü barədə məlumat alır və hansı hədəfə zərbə endiriləcəyinə müstəqil qərar verir. Videoməlumat ötürmə kanalı bir neçə rejimdə işləyə bilir. Bunlara 1800-1900 MHz, 2000-2300 MHz və 3300-3800 MHz diapazonlarında ikitərəfli radioəlaqə, “Starlink Mini” terminalından istifadə və “Radionor Cordis” modemləri əsasında qurulmuş MESH şəbəkələri daxildir.

Xüsusilə qeyd olunur ki, LoRa protokolu əsasında işləyən idarəetmə kanalı Rusiyada geniş istifadə olunan DMR VHF və UHF radiostansiyalarının tezlik diapazonlarında fəaliyyət göstərir. Buraya “Azart” taktiki radiostansiyalarının bəzi məşhur tezlikləri də daxildir. Belə idarəetmə kanalının istifadəsi bir sıra üstünlüklər yaradır. Birincisi, idarəetmə kanalının zəif siqnalları DMR radioşəbəkələrinin intensiv trafikində gizlənə bilir ki, bu da onların radioelektron kəşfiyyat vasitələri tərəfindən aşkarlanmasını çətinləşdirir.

İkincisi, ruslar PUA-nın radio kanalını genişzolaqlı maneələrlə boğmağa çalışdıqda, eyni zamanda öz taktiki rabitə vasitələrini də sıradan çıxarmaq riski ilə üzləşirlər ki, bu da bölmələr arasında koordinasiyanı pozur. Bundan əlavə, PUA-nın antenalarının polyarizasiyası elə seçilib ki, onun aşkarlanma ehtimalı minimuma ensin və R-934, R-330J kimi Rusiya radioelektron mübarizə sistemlərinin effektivliyi azalsın.


“Hornet”in istifadə etdiyi tezlik diapazonları əksər Rusiya PUA detektorlarının iş diapazonlarına daxil deyil. Buna görə də belə cihazlar bu PUA-nı aşkar etməyə bilər. Lakin portativ spektr analizatorları və radiotexniki kəşfiyyat vasitələri konkret tezlik diapazonlarından bu qədər asılı olmadıqları üçün belə məhdudiyyətlərlə üzləşmirlər.

Peyk naviqasiyası

PUA-da L1 diapazonunda işləyən və RHCP polyarizasiyasına malik “Cirocomm” tipli “patch” antenadan istifadə olunur. Yeni nəsil birtezlikli GNSS qəbulediciləri olan LOCOSYS modulları “BeiDou-3” və GPS peyklərinin B1C və L1C tezliklərini dəstəkləyir. Bu isə mövqetəyinetmə dəqiqliyini ikitezlikli sistemlərə yaxınlaşdırır. Modul eyni vaxtda GPS, GLONASS, “BeiDou”, “Galileo” və QZSS peyk sistemlərindən siqnalları qəbul və emal edə bilir.

SBAS dəstəyi ilə birlikdə bu imkan görünən peyklərin sayını artırır və məsafə ölçmələri ilə koordinatların müəyyən edilməsinin dəqiqliyini yüksəldir. Yeni arxitektura radioelektron mübarizə maneələrinin olmadığı şəraitdə 1,5 metr RMS dəqiqliyi təmin edir ki, bu da əvvəlki nəsil qurğularla müqayisədə təxminən 40 faiz yaxşı göstəricidir. Eyni zamanda antenalar ətrafında əlavə qoruyucu konstruksiyaların mövcudluğu aşkar edilməyib.

Bu isə həmin qəbuledicinin əsas naviqasiya vasitəsi deyil, köməkçi və ya monitorinq elementi kimi istifadə olunduğunu göstərə bilər. Belə ki, onun əsas vəzifəsi uçuş zonasında peyk naviqasiyasına qarşı tətbiq olunan saxtalaşdırma və ya maneə yaratma cəhdlərini aşkarlamaq ola bilər.

Nəticə

Uçuş məsafəsi, radioelektron maneələrə davamlılıq, qeyri-standart tezliklərdə işləyən rabitə kanallarının aşkarlanmasının çətinliyi, hətta zirehli texnikanı məhv etməyə qadir döyüş başlığı, peyk sistemlərindən asılı olmayan naviqasiya və son mərhələdə hədəfə yönəlmə imkanları, eləcə də aşağı qiyməti nəzərə alındıqda, “Hornet” PUA-sı həm Ukrayna, həm də Rusiya istehsalı olan PUA-lar arasında cəbhənin dərinliyindəki logistika hədəflərinə zərbə endirmək üçün analoqu olmayan vasitə hesab olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hornet   Rusiya   PUA  


Bizi "telegram"da izləyin