Paşinyanın partiyası hakimiyyət üzərində monopoliyasını itirir - SORĞU

2026/06/1780646970.jpg
Oxunub: 237     12:11     05 İyun 2026    
Ermənistanda keçirilmiş yeni sosioloji sorğu göstərir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası lider mövqeyini qorusa da, artıq hakimiyyəti təkbaşına formalaşdırmaq üçün kifayət qədər üstünlüyə malik deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İyunun 1-dən 3-dək telefon sorğuları (CATI) üsulu ilə aparılmış araşdırmanın nəticələrinə əsasən, seçkilərdə iştirak etməyə hazır olduğunu bildirən vətəndaşlar arasında “Vətəndaş Müqaviləsi” partiyası 29,6 faiz, əsas rəqibi olan “Güclü Ermənistan” bloku isə 26,4 faiz dəstək qazanıb.

Araşdırma müəlliflərinin fikrincə, tərəflər arasındakı fərqin minimal olması seçki kampaniyası dövründə siyasi balansı ciddi şəkildə dəyişə bilər.

Sorğuda 2050 nəfər iştirak edib. Statistik xəta payı ±2,2 faiz təşkil edib. Proqnozlaşdırılan seçici fəallığı 55 faiz səviyyəsində qiymətləndirilir. Respondentlərin 45 faizi isə sualları cavablandırmaqdan imtina edib.

Sorğunun nəticələrinə görə, qərarını vermiş seçicilər arasında siyasi qüvvələrin dəstək səviyyəsi aşağıdakı kimidir:

“Vətəndaş Müqaviləsi” partiyası - 29,6 faiz

“Güclü Ermənistan” bloku - 26,4 faiz

Digər partiyalar - 17,5 faiz

“Hayastan” bloku - 14,8 faiz

“Çiçəklənən Ermənistan” partiyası - 6,1 faiz

“Birliyin Qanadları” partiyası - 5,6 faiz

Araşdırmanın əsas nəticələrindən biri hakim partiyanın mövqelərinin zəifləməsi ilə bağlıdır.

Hesabatda qeyd olunur ki, “Vətəndaş Müqaviləsi” faktiki olaraq hakimiyyət monopoliyasını itirir. Çünki mütləq çoxluğun olmaması hökumətin təkbaşına formalaşdırılmasını çətinləşdirir və koalisiya danışıqlarına ehtiyacı artırır.

Eyni zamanda “Güclü Ermənistan” blokunun nəticələri ölkədə ciddi siyasi rəqabətin yarandığını göstərir. Sorğu müəllifləri hesab edirlər ki, narazı elektoratın effektiv səfərbər olunacağı təqdirdə müxalifət düşərgəsi siyasi qüvvələr arasındakı nisbəti əhəmiyyətli dərəcədə dəyişə bilər.

Araşdırmada həmçinin gələcək parlamentin mümkün koalisiya tərkibinə diqqət çəkilir. Proqnozlara görə, ən azı beş əsas siyasi qüvvə parlamentdə təmsil oluna bilər ki, bu da kiçik partiyaları hakim koalisiyanın formalaşdırılmasında mühüm oyunçuya çevirə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Sorğu  


Bizi "telegram"da izləyin