Ordu.az xəbər verir ki, hesabat Yunanıstanın hava və dəniz platformaları üçün hava hücumundan müdafiə və zərbə imkanlarının gücləndirilməsi istiqamətində investisiyalarını davam etdirdiyini göstərir.
Məlumata görə, Yunanıstan 2024-cü ildə 6 ədəd “Rafale” qırıcısı ilə birlikdə 40-dan çox “hava-hava” raketi təhvil alıb. Bundan əvvəl, 2023-cü ildə isə Fransa və Böyük Britaniyadan 8 ədəd “Rafale” qırıcısı və 30-dan çox “hava-hava” raketi əldə edib.
BMT-yə təqdim olunan məlumatlara əsasən, Fransa tərəfindən Yunanıstana 8 ədəd AM-39 “Exocet” gəmi əleyhinə raketi, 24 ədəd MICA RF radiotezliklə idarə olunan “hava-hava” raketi, 24 ədəd MICA IR infraqırmızı axtarış başlığına malik “hava-hava” raketi, əlavə olaraq 7 ədəd MICA RF raketi və 24 ədəd METEOR birbaşa axın mühərrikli “hava-hava” raketi tədarük olunub.
İsrail tərəfindən isə 3 ədəd Spike NLOS sistem komponenti çatdırılıb. Bunlara iki ədəd nəqliyyat vasitəsi üzərində yerləşdirilən buraxıcı qurğu və bir müşahidə maşını daxildir. Məlumata görə, Yunanıstan son illərdə Fransa və İsraillə strateji müdafiə əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirib.
2021-ci ildə Fransa ilə imzalanmış genişmiqyaslı müdafiə sazişindən sonra sürət qazanan “Rafale” qırıcıları və FDI “Belharra” freqatlarının tədarükü siyahıda yer alan METEOR, MICA və “Exocet” raketlərinin əsas daşıyıcı platformaları hesab olunur.
Mütəxəssislərin fikrincə, bu addımlar Yunanıstanın hava və dəniz qüvvələrini vahid sistemdə birləşdirərək uzaqmənzilli zərbə və şəbəkə mərkəzli müharibə imkanlarını modernləşdirməyə çalışdığını göstərir.
Bundan başqa, İsraillə qurulan hərbi əməkdaşlıq yalnız silah tədarükü ilə məhdudlaşmır. Birgə uçuş hazırlıq mərkəzləri kimi uzunmüddətli layihələrlə yanaşı, yüksək dəqiqliyə malik Spike NLOS sistemlərinin inventara daxil edilməsi Afinanın zirehli birliklərə və dəniz hədəflərinə qarşı quru və sahil müdafiəsi imkanlarını genişləndirir.
Fransa və İsraillə həyata keçirilən çoxşaxəli texnologiya və silah transferi proqramları Yunanıstanın regional hərbi potensialını yenidən formalaşdırmaq istiqamətində atdığı addımlar kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az