Erməni ekspert: “Bu, milli təhlükəsizliyin təmin olunması imkanlarının ciddi şəkildə məhdudlaşması deməkdir”

2026/05/1779973023.jpg
Oxunub: 325     16:55     28 May 2026    
“Rusiya qazının Azərbaycan qazı ilə mümkün əvəzlənməsi diversifikasiya deyil, bir asılılıqdan digərinə keçiddir və bu, Ermənistan üçün daha təhlükəli nəticələr doğura bilər”.

Ordu.az xəbər verir ki, bunu energetika sahəsi üzrə erməni ekspert Vahe Davtyan deyib.

Erməni ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsini enerji diversifikasiyası vasitəsi kimi təqdim edir, lakin bu tezis tənqidə tab gətirmir.

Davtyan bildirib ki, ilk növbədə həmin dəhliz çərçivəsində bu günə qədər konkret qaz kəməri layihəsi mövcud deyil və söhbət yalnız bəyanatlardan gedir.

Davtyan problemin siyasi tərəfinə də xüsusi diqqət çəkib.

“Əgər enerji və resurs baxımından Azərbaycandan asılı vəziyyətdə olursansa və Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan dərin problemləri nəzərə alsaq, bu, təkcə enerji və iqtisadi resursların deyil, həm də milli təhlükəsizliyin təmin olunması imkanlarının ciddi şəkildə məhdudlaşması deməkdir”, - deyə Davtyan vurğulayıb.

Erməni ekspert hesab edir ki, real alternativ İran istiqamətidir.

Onun sözlərinə görə, İran-Ermənistan qaz kəmərinin illik ötürücülük gücü 2,3 milyard kubmetrə qədərdir və bu, faktiki olaraq Ermənistanın bütün qaz tələbatını ödəməyə kifayət edir.

Davtyan bildirib ki, bunun üçün yalnız infrastrukturun texniki genişləndirilməsi tələb olunur.

“İran-Ermənistan qaz kəməri, eləcə də ölkənin bütün qaz nəqli sistemi hüquqi və faktiki olaraq Rusiya kapitalına məxsusdur. Buraya 2015-ci ildə Rusiya tərəfinə verilmiş Mehri-Qacaran arasındakı 40 kilometrlik hissə də daxildir. Hətta İran qazı ilə bağlı hipotetik razılaşma əldə olunsa belə, Rusiya faktoru aradan qalxmır. Mülkiyyət strukturunu nəzərə alsaq, bu faktordan yan keçmək mümkün deyil”, - deyə erməni ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin