“Hizbullah” lideri ümid edir ki, Livan İran və ABŞ arasındakı razılaşmaya daxil ediləcək

2026/04/1775073068.jpg
Oxunub: 303     09:11     25 May 2026    
“Hizbullah”ın lideri Naim Qasım bazar günü çıxışında İran və ABŞ arasında razılığın əldə olunacağına ümid etdiyini bildirib və Livanın da həmin razılaşmanın şərtlərinə daxil edilə biləcəyini deyib.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, İran dəfələrlə bəyan edib ki, Vaşinqtonla regional gərginliyin dayandırılması ilə bağlı mümkün anlaşma Livana da şamil olunacaq.

Hazırda Livanda İsrail ilə İranın dəstəklədiyi “Hizbullah” arasında toqquşmalar davam edir.

Qasım danışıqlar prosesinin tezliklə başa çatacağını gözlədiyini bildirib və “hərbi əməliyyatların tam dayandırılması” ehtimalını mümkün hesab edib. O qeyd edib ki, belə olan halda hərəkat da razılaşmanın iştirakçıları sırasında olacaq.

“Hizbullah” lideri 2000-ci ildə İsrail qoşunlarının Cənubi Livandan çıxarılmasının ildönümünü xatırladaraq bildirib ki, onilliklər ərzində “Hizbullah”a maliyyə və silah dəstəyi verən İran mövcud regional münaqişədən “başı dik şəkildə” çıxacaq.

Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ABŞ İsrailin “bütün cəbhələrdə, o cümlədən Livanda” özünümüdafiə hüququnu dəstəkləyib.

Qasım Livan ilə İsrail arasında mümkün birbaşa danışıqları da tənqid edib. O bildirib ki, Vaşinqton “ədalətli vasitəçi deyil” və belə danışıqlar yalnız İsrailin maraqlarına xidmət edir.

O, Livan hakimiyyətini birbaşa dialoqdan imtina etməyə və “milli konsensus”a qayıtmağa çağırıb. Qasım vurğulayıb ki, “Hizbullah”ın silahsızlaşdırılması qəbuledilməzdir və bu, ölkənin müdafiə imkanlarından məhrum edilməsi deməkdir.

Silah üzərində dövlət monopoliyası ilə bağlı çağırışları isə o, siyasi motivli və hərəkat əleyhinə yönəlmiş addım kimi qiymətləndirib. Çıxışının sonunda Qasım bildirib ki, “Hizbullah” tərəfdarları “ekzistensial təhlükə” ilə üz-üzədir və “onlara qarşı bütün dünya çıxsa belə təslim olmayacaqlar”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan   İran   ABŞ  


Bizi "telegram"da izləyin