İran Fars ostanında terrorçu qrupun zərərsizləşdirildiyini açıqlayıb

2025/06/1750226021.jpg
Oxunub: 406     11:50     24 May 2026    
İranın Fars ostanında fəaliyyət göstərdiyi iddia olunan terror şəbəkəsinin qarşısı alınıb.

Ordu.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə ostanın kəşfiyyat idarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, əməliyyat-axtarış tədbirləri zamanı 15 nəfər saxlanılıb.

İddia olunur ki, onların bir hissəsi daha əvvəl kütləvi iğtişaşlarda iştirak edib.

Şübhəlilərin iki təşkilatlanmış qrup tərkibində fəaliyyət göstərdiyi və son vaxtlar formalaşmış terror təşkilatı ilə əlaqə saxladıqları bildirilir.

Xüsusi xidmət orqanlarının bəyanatında iddia olunur ki, “Ramazan müharibəsi” zamanı bu qrup bölgədə vəziyyəti sabitsizləşdirmək və İsrailə dəstək vermək məqsədilə hücumlar və dinc sakinlərin qətlini planlaşdırıb.

Şübhəlilərin gizləndiyi yerlərdə aparılan axtarış zamanı hüquq-mühafizə orqanları silah, sursat və dövlət obyektlərinə, eləcə də insanların kütləvi toplaşdığı məkanlara hücum üçün nəzərdə tutulduğu bildirilən avadanlıqlar müsadirə edib.

Tapılanlar arasında 5 ədəd odlu silah, 61 döyüş patronu və 5 “Starlink” peyk rabitə terminalı da var.

İran hakimiyyəti bəyan edib ki, qrupun fəaliyyəti hər hansı əməliyyat başlamazdan əvvəl dayandırılıb və ostandakı vəziyyət nəzarət altındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Terror  


Bizi "telegram"da izləyin