Ordu.az xəbər verir ki, Tramp paylaşımında hüquq-mühafizə orqanlarının və Məxfi Xidmət əməkdaşlarının peşəkar fəaliyyətini yüksək qiymətləndirib.
“Bu axşam Ağ Ev yaxınlığında zorakılığa meyilli və ölkəmizin ən hörmətli qurumuna qarşı təhlükə yarada biləcək silahlı şəxsə qarşı həyata keçirilən sürətli və peşəkar əməliyyata görə möhtəşəm Məxfi Xidmətimizə və hüquq-mühafizə orqanlarına təşəkkür edirəm”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, silahlı şəxs Ağ Evin giriş qapıları yaxınlığında Məxfi Xidmət əməkdaşları ilə baş verən atışma zamanı öldürülüb. Tramp əlavə edib ki, hadisə Ağ Ev müxbirlərinin şam yeməyindən bir ay sonra baş verib və bu, gələcək prezidentlər üçün Vaşinqtonda ən təhlükəsiz mühafizə zonasının yaradılmasının vacibliyini göstərir.
Bundan əvvəl Ağ Ev yaxınlığında Məxfi Xidmətin nəzarət-keçid məntəqəsinə atəş açan silahlı şəxsin zərərsizləşdirildiyi bildirilmişdi. Məxfi Xidmət əməkdaşları cavab atəşi açaraq şübhəlini yaralayıblar. O, daha sonra xəstəxanada ölüb. Hadisə zamanı təsadüfi bir yoldan keçən şəxs də yaralanıb, lakin Məxfi Xidmət əməkdaşları arasında xəsarət alan olmayıb.
Məxfi Xidmət nümayəndəsinin sözlərinə görə, Tramp hadisə baş verən vaxt Ağ Evdə olub və xəsarət almayıb.
Şübhəlinin 21 yaşlı Nasir Best olduğu müəyyən edilib. Mənbənin məlumatına görə, Best 2025-ci ilin iyul ayında Ağ Evə daxil olmağa cəhd göstərdiyi üçün Məxfi Xidmətlə qarşıdurma yaşamış, saxlanılmış və psixi sağlamlıq problemlərinə görə psixiatriya şöbəsinə yerləşdirilmişdi.
Sevinc Əliyeva
Ordu.az