Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Müdafiə naziri postunda xarici ölkə vətəndaşı? – Hakimiyyətə ciddi suallar” başlıqlı analitik məqaləsində yazıb.
Nəşrə görə, son günlər Vağarşak Harutyunyanın Rusiya vətəndaşlığına malik olması ilə bağlı məlumatlar yayılıb.
Üstəlik, yayılan məlumatlara görə, o, təkcə müdafiə naziri təyin olunmazdan əvvəl deyil, vəzifədə olduğu dövrdə də Rusiya vətəndaşı olub.
Nəşr xatırladır ki, 44 günlük müharibədən sonra Nikol Paşinyan özünün baş müşaviri Vağarşak Harutyunyanı müdafiə naziri təyin etmişdi.
“Həmin qərar o dövrdə də ciddi suallar doğurmuşdu. Çünki Harutyunyan illər əvvəl qalmaqallı şəraitdə silahlı qüvvələrdən uzaqlaşdırılmış və ali hərbi rütbəsindən məhrum edilmişdi. Lakin 2019-cu ildə Paşinyanın qərarı ilə onun general rütbəsi bərpa edildi və daha sonra ölkənin müdafiə sisteminin rəhbərliyi ona həvalə olundu. Hazırda isə Vağarşak Harutyunyan deputatlığa namizəd kimi qeydə alındığı üçün onun ətrafında yayılan məlumatlar yeni siyasi məna qazanıb”, - deyə müəllif qeyd edib.
Məqalədə bildirilir ki, yayılan məlumatlara əsasən, Harutyunyan 2015-ci ildə Rostov vilayətində Rusiya vətəndaşlığı alıb və orada qeydiyyatda olub.
“Şəxsi məlumatların qorunması səbəbilə sənədlərin tam şəkildə açıqlanmadığı qeyd olunsa da, artıq məlum olan məlumatların kifayət qədər ciddi suallar yaratdığı vurğulanır.
Əgər bu məlumatlar doğrudursa, o zaman Ermənistanın müdafiə naziri postunu xarici dövlətin vətəndaşı tutmuş ola bilər. Bu isə artıq yalnız siyasi deyil, həm də hüquqi problemdir. Ermənistan Konstitusiyasına görə, müdafiə naziri yalnız Ermənistan Respublikası vətəndaşı ola bilər”, - deyə “Past” yazır.
Məqalədə Ermənistan hakimiyyəti qarşısında bir sıra əsas suallar qoyulur.
“Nikol Paşinyan Vağarşak Harutyunyanın mümkün Rusiya vətəndaşlığından xəbərdar idimi? Əgər xəbərdar idisə, onu necə müdafiə naziri təyin edib? Əgər xəbərdar olmayıbsa, necə olub ki, ölkənin təhlükəsizliyi baxımından ən həssas vəzifələrdən birinə bioqrafiyası və hüquqi statusu ətrafında bu qədər sual olan şəxs gətirilib?” - deyə nəşr sual edir.
Bundan əlavə, Ermənistan Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə bağlı da ciddi suallar səsləndirilir.
Məqalədə vurğulanır ki, belə ciddi məlumatların fonunda həmin şəxsin deputatlığa namizəd kimi necə qeydə alındığı aydın deyil.
“Lazımi yoxlamalar aparılıbmı, yoxsa yenə siyasi məqsədəuyğunluq hüquqi prosedurlardan üstün tutulub? Siyasi dairələrdə Vağarşak Harutyunyanın yenidən aktivləşməsinin seçki məqsədləri daşıdığı barədə də açıq danışılır. Məqsəd müxalif düşərgədə əlavə parçalanma yaratmaq və səsləri “parçalamaq” ola bilər”, - deyə nəşr bildirib.
Məqalənin sonunda vurğulanır ki, bu hadisənin ən təhlükəli tərəfi başqa məqamdır.
“Bu məlumatlar təsdiqlənməsə belə, yenə də aydın olur ki, Ermənistanda kadr təyinatları çox vaxt ictimai etimad, peşəkar reputasiya və dövlətçilik düşüncəsi əsasında deyil, şəxsi sədaqət prinsipi ilə həyata keçirilib. Bu isə bu gün Ermənistanın təhlükəsizliyi üçün ən böyük problemlərdən birinə çevrilib”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az