Ordu.az xəbər verir ki, bu barədə “Luys” fondu Ermənistanın 2026-cı ilin birinci rübü üzrə dövlət büdcəsinin icrasına dair hesabatı təhlil edərək bildirib.
Fondun açıqlamasına görə, 2026-cı ilin ilk rübündə dövlət büdcəsinin ümumi gəlirləri 668,5 milyard dram təşkil edib ki, bu da dəqiqləşdirilmiş rüblük plan göstəricisini 5,2% üstələyib. Qeyd olunub ki, planın artıqlaması ilə yerinə yetirilməsi əsasən vergi və digər gəlirlər hesabına təmin olunub.
Bununla yanaşı, rəsmi qrantlar üzrə xroniki geriqalma davam edib ki, bu da donor təşkilatlarla əməkdaşlıq və əvvəlcədən götürülmüş öhdəliklərin icrası sahəsində problemlərin mövcudluğuna işarə edir.
Hesabatda vurğulanıb ki, büdcənin müvəqqəti sərbəst vəsaitlərinin böyük həcmdə yığılması müşahidə olunub. Bu vəsaitlərin bank yerləşdirmələrindən əldə olunan faiz gəlirlərinin artması əsas proqramlar üzrə xərclərin davamlı şəkildə tam icra edilməməsinin nəticəsi kimi qiymətləndirilib.
Fondun məlumatına görə, 2026-cı ilin birinci rübündə Ermənistan dövlət büdcəsinin faktiki ümumi xərcləri 603,3 milyard dram olub ki, bu da dəqiqləşdirilmiş rüblük plandan 29,6% və ya 254,2 milyard dram azdır.
Qeyd edilib ki, xərclərin icra edilməyən hissəsinin 46%-i cari xərclərin, 54%-i isə qeyri-maliyyə aktivləri üzrə əməliyyatların payına düşüb.
“Xarici maliyyə mənbələri hesabına büdcə xərclərinin icrası da olduqca aşağı səviyyədə qalıb. Belə ki, büdcə xərclərinin cəmi 0,7%-i və ya 4,3 milyard dram xarici mənbələr hesabına maliyyələşdirilib ki, bu da rüblük plan göstəricisindən təxminən dörd dəfə, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2,3 dəfə azdır.
Qeyri-maliyyə aktivləri üzrə xərclər, yəni kapital xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 43,4% azalıb və rüblük plana münasibətdə dörd dəfədən çox geriqalma qeydə alınıb. Bunun əsas səbəbi Ermənistan Müdafiə Nazirliyinin kapital xərcləri üzrə zəif icrasıdır”, - deyə fond qeyd edib.
Hesabatda vurğulanıb ki, ən aşağı icra göstəriciləri Ermənistan Müdafiə Nazirliyi, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, həmçinin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin proqramlarında qeydə alınıb. Bu göstəricilər müvafiq olaraq 39,9%, 62,7% və 65,6% təşkil edib.
Fond bəyan edib ki, bir sıra proqramlar üzrə xroniki geriqalma hökumətin “Hərbi sənaye kompleksinin inkişafı”, “Rəqəmsal transformasiya prosesinin həyata keçirilməsi”, “Turizmin inkişafı”, “Ümumtəhsil və məktəbəqədər müəssisələrin yaradılması, tikintisi və təkmilləşdirilməsi” kimi mühüm layihələri effektiv şəkildə icra edə bilmədiyini göstərir.
Hesabatda, həmçinin qeyd olunub ki, Ermənistan dövlət büdcəsi 2026-cı ilin birinci rübündə planlaşdırılan 221,8 milyard dram kəsir əvəzinə 65,2 milyard dram profisitlə icra olunub. Bunun əsas səbəbi isə xərclərin ciddi şəkildə tam yerinə yetirilməməsi olub.
“Büdcənin aşağı icra göstəriciləri dövlət proqramlarının iqtisadi fəallığa və infrastrukturun inkişafına təsir imkanlarını məhdudlaşdırır və bu, mövcud hökumətin aşağı effektivliyinin əsas göstəricilərindən biridir”, - deyə fond vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az