Amerikalı mütəxəssislər Ermənistandadır, modul tipli reaktorların 4 texnologiyası seçilib

2026/05/1779441471.jpg
Oxunub: 378     13:15     22 May 2026    
Amerikalı ekspertlər Ermənistanda kiçik modul tipli reaktor texnologiyaları ilə bağlı texniki məsləhətləşmələr aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinin “Kiçik modul tipli reaktor texnologiyasından məsuliyyətli istifadə üçün əsas infrastruktur” proqramı çərçivəsində mayın 19-dan 22-dək “Sargent & Lundy” şirkətinin mütəxəssisləri Ermənistanda səfərdə olublar.

Bildirilib ki, şirkət Ermənistan rəsmiləri ilə əməkdaşlıq çərçivəsində Ermənistan Atom Elektrik Stansiyasının yeni qabaqcıl ABŞ modul tipli reaktor texnologiyaları ilə əvəz olunmasının məqsədəuyğunluğuna dair ilkin texniki-iqtisadi qiymətləndirməni tamamlayıb.

Açıqlamada qeyd olunub ki, Ermənistanda istifadəyə verilməsi üçün ABŞ-nin modul tipli reaktorlarının 4 ən uyğun texnologiyası seçilib.

Bundan əlavə, texniki dəstəyin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ən yaxşı təcrübələrinə uyğunlaşdırıldığı, nüvə təhlükəsizliyi, mühafizə və yayılmama sahəsində ən yüksək standartların diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Həmçinin Ermənistan Atom Elektrik Stansiyasının istismardan çıxarılmasından sonra onu əvəz edəcək potensial imkanların formalaşdırılması variantlarının nəzərdən keçirildiyi bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin