Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Lukaşenko Minskdə Qələbə abidəsinə əklil və güllərin qoyulması mərasimindən sonra bildirib ki, Belarus öz düşmənini və rəqibini yaxşı tanıyır.
“Bunlar esesçilərin, banderaçıların və “meşə qardaşları”nın birbaşa və ideoloji varisləridir. Qələbə bayrağı bu gün bizim əlimizdədir. Biz onu nəsildən-nəslə ötürərək həmin müharibə haqqında həqiqət, qaliblərin statusu və öz torpağımızda yolumuzu seçmək hüququ uğrunda bütün cəbhələrdə mübarizə aparırıq.
Belaruslular “yeni nizam” haqqında şüarların necə tez dar ağaclarına, düşərgələrə, kül yığınlarına və adsız səngərlərə çevrildiyini hamıdan yaxşı bilirlər. Faşizmin indi başqa, səliqəyə salınmış siması olsa da, mahiyyəti dəyişmir. Biz həmin sifəti görürük”, - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, hegemonluq və öz üstünlüyü ideyaları güclənir və dünyaya yeni yaralar vurur.
“Lakin artıq bizim sərhədlərimizə yaxın ərazilərdə. Biz bilirik ki, rəqibimiz və düşmənimiz kimdir. Bunlar xalqlar deyil. Avropada belaruslar kimi hitlerçi faşistlərin başlatdığı müharibə haqqında həqiqi yaddaşı qoruyan ailələr yaşayır.
Bizim düşmənimiz revanşistlərdir, esesçilərin, banderaçıların və “meşə qardaşları”nın birbaşa və ideoloji davamçılarıdır. Hazırda Litvanın Şaulyay şəhərindən sovet əsgərlərinin qalıqlarını çıxaran və sovet xalqının qəhrəmanlığını mif adlandıranlar onlardır.
İkinci Dünya müharibəsində Qırmızı Ordunun qələbəsini tarixdən sistemli şəkildə silən və bizi babalarımızın, ulu babalarımızın məzarlarına yaxın buraxmayanlar da onlardır. Hələ də qorunub saxlanılan abidələrə…”, - deyə Lukaşenko qeyd edib.
Sevinc Əliyeva
Ordu.az