Cənubi Afrika Respublikasında miqrant əleyhinə etirazlar keçirilir: Prezident müdaxilə vəd edir

2026/06/1780895954.jpg
Oxunub: 237     09:25     08 İyun 2026    
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa bazar günü bəyan edib ki, ölkədə qanunsuz miqrasiya ilə bağlı artan narahatlıqlar fonunda hakimiyyət orqanları müvafiq tədbirlər görəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Prezident milli televiziya ilə yayımlanan müraciətində son aylarda ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsini tələb edən qrupların fəallaşdığını etiraf edib.

Bu qruplardan bəziləri iyunun 30-na qədər ölkədə qanunsuz yaşayan əcnəbi vətəndaşların Cənubi Afrika Respublikasını tərk etməli olduqlarını bəyan ediblər.

Ramafosa qeyd edib ki, cəmiyyətin bir hissəsinin narahatlıqları əsassız deyil və bu vəziyyət yüksək işsizlik səviyyəsi, həmçinin səhiyyə və təhsil sistemlərinə düşən yük ilə əlaqədardır. “Bir çox cənubi afrikalı çətin, lakin əsaslı suallar verir. Bu narahatlıqlar realdır. Onlar eşidilməli və diqqətə alınmalıdır”, - deyə o bildirib.

Bununla yanaşı, prezident vurğulayıb ki, dövlət miqrantlara qarşı özbaşına hərəkətlərə və zorakılığa yol verməyəcək. “Yalnız dövlət tərəfindən səlahiyyət verilmiş qurumlar qanun pozuntuları ilə bağlı tədbir görə bilər”, - Ramafosa bildirib və bəzi qrupların gərginliyi artırdığını qeyd edib.

Cənubi Afrika Respublikası hakimiyyətinin qanunsuz miqrasiya ilə bağlı dəqiq statistikası yoxdur. Bununla belə, qiymətləndirmələrə görə, ölkədə 62 milyon nəfərlik əhali fonunda 2 milyondan 5 milyona qədər qanunsuz miqrant yaşayır. Ölkə ənənəvi olaraq regionun əsas miqrasiya istiqamətlərindən biri hesab olunur və burada Zimbabve, Mozambik, Lesoto, həmçinin Nigeriya, Qana, Malavi və Efiopiya vətəndaşları məskunlaşırlar.

Son həftələrdə Qana, Nigeriya, Keniya və Mozambik də daxil olmaqla bir sıra Afrika ölkələri öz vətəndaşlarının Cənubi Afrika Respublikasında təhdid və hücumlarla üzləşdiyini açıqlayıblar. Qana daha əvvəl təxminən 300 vətəndaşını ölkədən çıxarıb, Mozambik hakimiyyəti isə ehtimal olunan ksenofob hücumlar nəticəsində beş nəfərin öldüyünü bildirib.

Hökumətin məlumatına görə, son iki ildə ölkədə qanunsuz yaşayan 100 mindən çox şəxs deportasiya olunub. Son bir il ərzində isə sərhədin qanunsuz keçilməsi ilə bağlı təxminən 450 min cəhdin qarşısı alınıb.

Ramafosa etiraf edib ki, ölkənin miqrasiya siyasətində əvvəllər “zəif nöqtələr” mövcud olub və daha qətiyyətli addımlar atılacağını bildirib. O, eyni zamanda vətəndaşları miqrasiya məsələsinin cəmiyyətdə parçalanmaya səbəb olmasına imkan verməməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CAR   Etiraz  


Bizi "telegram"da izləyin