Dieqo Qarsiya bazasının gələcəyi ilə bağlı mübahisələr fonunda ABŞ Çaqos adalarını almağı nəzərdən keçirir

2025/10/1761454343.jpg
Oxunub: 245     09:09     08 İyun 2026    
Ağ Ev Mavrikidən Çaqos adalarını almaq planını müzakirə edir. Bu addım Böyük Britaniyanın Baş naziri Kir Starmerin ərazi üzərində suverenliyin ötürülməsi planını pozmağa səbəb ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri Böyük Britaniyanı kənarda qoyaraq öz razılaşmalarını əldə etmək və strateji əhəmiyyətə malik Britaniya-ABŞ hərbi bazası olan Dieqo Qarsiya üzərində nəzarəti təmin etmək üçün təklif hazırlayıblar.

Bu variant Donald Tramp administrasiyasının hazırladığı bir neçə ssenaridən biridir və Kir Starmerin adaları Vaşrikiyə təhvil verməyi nəzərdə tutan planına alternativ kimi qiymətləndirilir. Vaşinqtonda Mavriki Çin və İrana yaxın ölkə hesab olunur.

Müzakirələrin gedişi ilə tanış olan ABŞ rəsmilərindən biri “The Telegraph”a bildirib ki, Ağ Ev Dieqo Qarsiyanın gələcəyi ilə bağlı Dauninq-stritlə müntəzəm danışıqlar aparır.

Adaların alınması Ağ Evin əsas variantı olmasa da, mənbələrin sözlərinə görə, bu ideya ABŞ-nin maliyyə naziri Skott Bessentlə birbaşa müzakirə olunub və o, məsələ barədə prezidentə məlumat verib.

İranla müharibə və Çinin hərbi dəniz imkanlarının artması strateji hərbi bazalardan ibarət qlobal şəbəkənin qorunub saxlanılması ilə bağlı çağırışları daha da gücləndirib.

Qeyd olunur ki, Dieqo Qarsiyanın strateji mövqeyi İranı daimi nəzarət zonasında saxlamağa və B-2 “Spirit” strateji bombardmançıları ilə Tehrana zərbələr də daxil olmaqla, uzaqmənzilli bombardman missiyalarını sutka boyu həyata keçirməyə imkan verir.

Bu səbəbdən Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndələri Çinə yaxın mövqe tutan Mavrikiyə dəniz əraziləri üzərində nəzarətin verilməsinin dəniz casusluğu üçün imkanlar yarada biləcəyindən narahatdırlar.

Son aylarda ABŞ rəsmiləri Çaqos adalarının əhəmiyyətini dəfələrlə vurğulayaraq burada yüksək məxfilik dərəcəsinə malik obyektlərin yerləşdiyini bildiriblər.

Çaqos adalarının mümkün satış qiyməti hələ müzakirə edilməyib. Əvvəlcə Böyük Britaniya adaları Mavrikiyə verməyi, daha sonra isə hərbi bazanın 99 illik icarəsi üçün təxminən 35 milyard funt sterlinq (46,7 milyard dollar) ödəməyi planlaşdırırdı.

Adalar üzərində nəzarəti əldə etmək üçün Vaşinqton əvvəlcə Kir Starmerin planının həyata keçirilməsinə icazə verməli, daha sonra isə suverenliyin ötürülməsindən sonra Mavriki ilə danışıqlara başlamalıdır.

ABŞ Prezidenti əvvəlcə Starmerin adaların təhvil verilməsi planını dəstəkləsə də, sonradan Böyük Britaniyanın ABŞ-yə Dieqo Qarsiyadan İran əleyhinə əməliyyatlar üçün istifadə hüququ verməkdən imtina etməsindən sonra bu planı faktiki olaraq dayandırıb.

Leyboristlər 2025-ci ildə adaların Mavrikiyə verilməsi haqqında qanun qəbul etməyi planlaşdırırdılar, lakin sənəd ABŞ-nin razılığı olmadan təsdiqlənə bilməz.

Bu il etdiyi bir neçə ictimai çıxışında Tramp sövdələşməni zəifliyin təzahürü və “böyük axmaqlıq” adlandırıb. O bildirib ki, Starmer Dieqo Qarsiya kimi vacib ada üzərində nəzarəti itirir.

Martın 2-də “The Telegraph”a verdiyi müsahibədə Tramp baş nazirdən “çox məyus olduğunu” deyib və onun adanın İrana qarşı zərbələr üçün istifadəsini məhdudlaşdırdığını vurğulayıb.

Həmin vaxtdan etibarən Tramp dəfələrlə Starmeri tənqid edib, onun “Uinston Çörçill olmadığını” və iki ölkə arasındakı xüsusi münasibətlərin zəifləməsinə görə məsuliyyət daşıdığını bildirib.

Böyük Britaniya həmçinin 1960-1970-ci illərdə imzalanmış və bazanın birgə istifadəsinin hüquqi əsasını təşkil edən məktub mübadilələrinə dəyişiklik edilməsi məsələsində ABŞ-dən asılı vəziyyətdədir.

Mavriki uzun illərdir beynəlxalq məhkəmələrdə Böyük Britaniyanın Çaqos adaları üzərindəki suverenliyinə etiraz edir. Nazirlərin gözləntilərinə görə, BMT-nin Beynəlxalq Məhkəməsi yaxın vaxtlarda adaların təhvil verilməsi ilə bağlı məcburi qərar qəbul edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çaqos   Britaniya  


Bizi "telegram"da izləyin