Kiyevin yeni geosiyasi oxu: Rusiyanın işğalı Ukraynanı necə “Şimal qütbü”nə yönəldir?

2026/06/1780901865.jpg
Oxunub: 211     11:01     08 İyun 2026    
Skandinaviya ölkələri Avropada Ukraynanın ən sadiq dəstəkçilərindən olduqlarını sübut ediblər.

İsveçin Ukraynaya 16 ədəd “Gripen” qırıcısı göndərmək qərarı sadəcə növbəti silah təhvili deyil. Bu addım Rusiyanın genişmiqyaslı işğalı dövründə formalaşan daha dərin bir dəyişimin son göstəricisidir: Ukraynanın Skandinaviya ölkələri ilə getdikcə daha sıx yaxınlaşması.

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba bu sualı birbaşa gündəmə gətirib: “Ukrayna Skandinaviya ölkəsinə çevrilirmi?”.

O bildirib ki, söhbət coğrafiyadan deyil, strateji istiqamətdən gedir. Onilliklər ərzində ukraynalılar Avropadakı yerlərini əsasən Mərkəzi və Şərqi Avropa prizmasından qiymətləndirirdilər. Lakin 2022-ci ildən etibarən Ukraynanın siyasi və hərbi ağırlıq mərkəzi getdikcə şimala. Kiyevin ən güclü və ardıcıl tərəfdarlarına çevrilmiş ölkələrə doğru yönəlməyə başlayıb.

Kuleba bu dəyişikliyin üç səbəbini göstərir: Şimali Avropanın Ukraynaya dəstək məsələsində liderlik etməsi, Mərkəzi Avropadakı bəzi tərəfdaşlarla münasibətlərdə yaranan gərginlik və Ukraynanın Avropada etibarlı strateji dayaqlar axtarması.

Nəticədə, onun sözlərinə görə, Ukraynanın Şimali Avropa ilə münasibətlərində əsl intibah dövrü başlayıb.

Bu münasibətlərin hərbi ölçüsü də genişlənməkdə davam edir. Əgər qırıcılar 2027-ci ilin əvvəlinədək təhvil verilərsə, İsveçin “Gripen” təyyarələri Rusiyanın planlaşdırıcı aviasiya bombalarına qarşı Ukraynaya güclü imkan qazandıra bilər. Xüsusilə də onlar 200 kilometrdən çox mənzilə malik “Meteor” tipli “hava-hava” raketləri ilə təchiz edilərsə...

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, “Meteor” raketləri ilə təchiz olunmuş “Gripen” qırıcıları Rusiya aviasiyasını cəbhədən kifayət qədər uzaqlaşdıraraq Moskvanın idarəolunan bombalardan geniş istifadə imkanlarını məhdudlaşdıra bilər. Lakin Skandinaviya-Ukrayna tərəfdaşlığı yalnız hərbi yardımla məhdudlaşmır.

Monrealdakı MakQill Universitetinin siyasi elmlər üzrə dosenti Mariya Popova qeyd edib: “Skandinaviya ölkələrinin Ukraynaya bağlılığı artıq sadəcə coğrafi yaxınlıqdan irəli gələn milli təhlükəsizlik marağı deyil. Bu, ortaq missiyaya çevrilib”.

Onun fikrincə, ukraynalılar Rusiyanın işğalına müqavimət göstərməklə repressiya və qanunsuzluq üzərində qurulan Rusiya idarəetmə modelini rədd edirlər. “Onlar fərdi azadlıqlar, demokratiya və qanunun aliliyi uğrunda mübarizə aparırlar. Bunlar isə Skandinaviya cəmiyyətlərini müəyyən edən əsas dəyərlərdir”, - deyə MakQill Universitetinin siyasi elmlər üzrə dosenti vurğulayıb.

Ukraynanın daha geniş Skandinaviya birliyinin bir hissəsi olması ideyası tamamilə yeni deyil. Lakin tarixçilər Ukraynanı yalnız bir regional kimlik çərçivəsində qiymətləndirməyin doğru olmadığını bildirirlər.

Ukraynalı tarixçi Yaroslav Hritsak deyib: “Ukrayna bir çox dünyanın kəsişməsində yerləşən ölkədir və hansı dünyanın üstünlük təşkil etməsi mövcud şəraitdən asılıdır”.

Onun sözlərinə görə, Ukraynanın tarixi həmişə müxtəlif mədəni və siyasi məkanlarla əlaqəli olub. Vikinqlər və varyaqlar Kiyev Rus dövlətinin formalaşmasına təsir göstəriblər. Sonrakı dövrlərdə isə Bizans, Polşa, Avstriya, Osmanlı və Rusiya təsirləri ölkədə iz buraxıb.

Hritsak hesab edir ki, əsas sual Ukraynanın Skandinaviya ölkəsi olub-olmaması deyil, onun hansı dərəcədə Skandinaviya ölkəsi sayıla bilməsidir.

Lakin bütün tarixçilər bu fikirlə razı deyil.

Sergey Ploxiy hesab edir ki, Ukrayna tarixən heç vaxt Skandinaviya ölkəsi olmayıb. “O, heç vaxt Skandinaviya ölkəsi olmayıb. Yeganə əlaqə vikinqlər və İsveç kralı XII Karlın 1708-ci ildə Ukraynaya yürüşü ilə bağlıdır”, - deyə Ploxiy bildirib.

Bununla belə, həmin yürüş Ukraynanın tarixi yaddaşında mühüm yer tutur.

Böyük Şimal Müharibəsi zamanı Ukrayna hetmanı İvan Mazepa Moskvanın artan təsirindən xilas olmaq məqsədilə İsveç kralı XII Karl ilə ittifaq qurmuşdu. Bu əməkdaşlıq 1709-cu ildə Poltava döyüşündə İsveçin məğlubiyyəti ilə nəticələnmişdi. Həmin döyüş Şərqi Avropa tarixinin ən mühüm hadisələrindən biri hesab olunur.

Üç əsr sonra da Rusiya və Ukrayna Poltava hadisəsinə fərqli yanaşırdı.

Ploxiyin yazdığına görə, 2009-cu ildə keçirilən anım mərasimində Rusiya bu qələbəni onu Avropa gücünə çevirən hadisə kimi qeyd etmişdi. Ukrayna isə Mazepanın Moskvadan qurtulmaq ümidlərinin dəfn edildiyi məğlubiyyət kimi xatırlamışdı.

Rusiyanın işğalı bu tarixi əlaqələri yenidən gündəmə gətirib. Skandinaviya varyaqlarının Kiyev Rus dövlətinin formalaşmasında rol oynamasından min ildən çox vaxt keçsə də, Ukrayna yenidən şimala baxmağa başlayıb.

Bu gün həmin yaxınlaşma sülalə ittifaqları ilə deyil, ortaq təhlükəsizlik maraqları və Rusiyanın təcavüzü ilə bağlı narahatlıqlar əsasında Skandinaviya ölkələri ilə inkişaf edən münasibətlər vasitəsilə özünü göstərir.

Rutgers Universitetinin professoru Aleksandr Motilin fikrincə, indi əsas amil tarixi paralellər deyil, təhlükə hissidir. “Rusiyaya yaxınlıq tarixdən daha vacibdir”, - deyə Motil bildirib.

Onun sözlərinə görə, Norveç Rusiya ilə sərhəd paylaşır, Finlandiya uzun illər “finlandiyalaşma” siyasətinin kölgəsində yaşayıb, İsveç isə Rusiyanın təzyiqlərinə qarşı daha həssas bölgənin mərkəzində yerləşir.

Motil qeyd edib ki, hətta genişmiqyaslı işğaldan əvvəl də Norveçdə Rusiyanın hibrid müharibə yolu ilə ölkəni ələ keçirməsini təsvir edən “Occupied” televiziya serialı çəkilmişdi.

Bu ortaq təhlükə hissi artıq Avropanın təhlükəsizlik xəritəsini dəyişir.

Motilin fikrincə, geosiyasi məntiq Ukrayna, Skandinaviya ölkələri, Polşa, Baltikyanı dövlətlər və Almaniyanı daha da yaxınlaşdıracaq.

Rusiyanın işğalı təkcə Ukraynanın deyil, Şimali Avropanın da təhlükəsizlik baxışını dəyişib. Finlandiya onilliklərlə davam edən hərbi neytrallıq siyasətindən imtina edərək 2023-cü ildə NATO-ya qoşuldu. İsveç isə 2024-cü ildə onun ardınca Alyansa üzv oldu.

Beləliklə, Ukrayna getdikcə daha çox hərbi inteqrasiya olunmuş və Rusiyanı çəkindirməyə yönəlmiş Skandinaviya regionunun təbii tərəfdaşı kimi görünür.

Bu yaxınlaşma artıq konkret siyasətdə də əks olunur. 2026-cı ilin fevralında İsveç müharibə dövründəki ən böyük hərbi yardım paketlərindən birini açıqlayıb. Təxminən 12,9 milyard İsveç kronu (1,4 milyard dollar) dəyərində olan paketə hava hücumundan müdafiə sistemləri, Pilotsuz Uçuş Aparatları (PUA), uzaqmənzilli silahlar və sursat daxildir.

2022-ci ildən bəri İsveçin Ukraynaya göstərdiyi hərbi dəstəyin ümumi həcmi 100 milyard kronu (11 milyard dollar) keçib. Finlandiya da eyni istiqamətdə hərəkət edir.

İyunun 1-də Helsinki Ukraynaya 128 milyon avro (147 milyon dollar) dəyərində 33-cü hərbi yardım paketini elan edib. Bununla da Finlandiyanın genişmiqyaslı işğal başlayandan bəri Ukraynaya verdiyi müdafiə dəstəyi 3,4 milyard avroya (3,9 milyard dollar) çatıb.

Norveç də Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə və Avropanın ballistik raket təhdidlərinə qarşı uzunmüddətli müdafiəsinə töhfə verməyə hazır olduğunu bildirib. Müharibə boyunca Danimarka öz ölçüsünə nisbətdə Ukraynanın ən mühüm hərbi tərəfdaşlarından biri olub.

Kopenhagen F-16 koalisiyasının yaradılmasında aparıcı rol oynayıb və bu qırıcıların Ukraynaya verilməsini təsdiqləyən ilk ölkə olub. İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti 2025-ci ilin avqustunda yazırdı ki, “Danimarka adambaşına və ÜDM-in faiz nisbətinə görə Ukraynaya ən çox dəstək göstərən ölkədir”.

Lakin münasibətlər getdikcə ikitərəfli xarakter alır. Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Avropa artıq Ukraynaya yalnız yardım alan tərəf kimi baxa bilməz.

Onun fikrincə, Avropanın öz təhlükəsizliyi də getdikcə daha çox Ukraynadan asılı olur.

Frederiksen Ukraynanın müharibə dövründə formalaşan innovasiya ekosistemini də yüksək qiymətləndirib. O qeyd edib ki, ukraynalı mühəndislər, startaplar, universitetlər, istehsalçılar və cəbhə xəttindəki hərbçilər dünyanın ən dinamik müdafiə-sənaye şəbəkələrindən birini yaradıblar.

Avropa hökumətlərinin Ukrayna daxilində silah istehsalını maliyyələşdirdiyi “Danimarka modeli” göstərir ki, Avropanın Ukraynadan öyrənəcəyi şeylər az deyil.

Ukraynanın uzaqmənzilli PUA-ları artıq Moskvanın vaxtilə müharibədən uzaq hesab etdiyi bölgələrdə, o cümlədən Sankt-Peterburqda və Baltik regionunda görünməyə başlayıb. Bu, yalnız Kiyev üçün deyil, Rusiyanın şimal cinahını izləyən Skandinaviya və Baltikyanı ölkələr üçün də faydalıdır.

Ukraynanın həqiqətən Skandinaviya ölkəsinə çevrilib-çevrilmədiyi mübahisəli olaraq qalır. Hritsakın qeyd etdiyi kimi, Ukrayna həmişə bir neçə dünyanın kəsişməsində mövcud olub. Ploxiyin vurğuladığı kimi, Şimali Avropa ilə tarixi əlaqələri də həddindən artıq şişirtmək olmaz.

Lakin Kulebanın əsas fikrini inkar etmək çətindir. Ukrayna coğrafiyasını dəyişmir. Amma onun strateji və siyasi istiqaməti getdikcə daha çox şimala yönəlir.

“Gripen” sazişi bunun sadəcə son nümunəsidir və göstərir ki, Rusiyanın işğalından əvvəl çoxlarının təsəvvür edə bilmədiyi şəkildə Ukraynanın gələcəyi Stokholm, Kopenhagen, Helsinki və Oslo ilə daha sıx bağlı ola bilər.

“Vikinqlər Ukraynaya qayıdırlar. Ukraynalılar isə ölkələrinin şimala aparan yolunu müəyyənləşdirirlər”, - deyə Kuleba bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Ukrayna   Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin