500 dollarlıq asimmetriya: “Abrams” ovçusu “Piranha” PUA-sının gələcək tank taktikalarına vurduğu zərbə

2026/06/fgdfg-1780902140.jpg
Oxunub: 230     11:12     08 İyun 2026    
Rusiya müharibə boyu Ukraynanın tankları və zirehli texnikalarına qarşı Pilotsuz Uçuş Aparatı (PUA) “sürü”lərindən geniş şəkildə istifadə edib və bu, Kiyevi döyüş strategiyasını dəyişməyə məcbur edib.

2024-cü ilin martında Rusiya istehsalı olan FPV tipli PUA ABŞ-nin Ukraynaya verdiyi M1 “Abrams” əsas döyüş tankını məhv etməsi ilə gündəmə gəlmişdi. Hadisəni daha diqqətçəkən edən məqam isə “Piranha-10” PUA-sının istehsal xərcinin cəmi 500 dollar olması idi. Lakin partlayıcı ilə təchiz edildikdə o, dünyanın ən çox təriflənən əsas döyüş tanklarından birini məhv etməyə qadir olub.

“İlk “Abrams” tankı tək video və idarəetmə tezliyi ilə işləyən 10 düymlük PUA tərəfindən məhv edildi. Daha sonra biz PUA-nı təkmilləşdirdik və ona eyni anda dörd idarəetmə tezliyindən istifadə imkanı verdik”, - deyə “Simbirsk Konstruktor Bürosu”nun (SKB Piranha) nümayəndəsi Moskvada keçirilən “HeliRussia 2026” beynəlxalq helikopter sənayesi sərgisində TASS agentliyinə bildirib.

“Piranha” daha çevik uyğunlaşa bilməsi üçün yenilənib.

“Mənası budur ki, sistem operatorun müdaxiləsi olmadan ən stabil siqnalı avtomatik seçir. Daha sonra PUA modul sistem əldə etdi. Əvvəllər, məsələn, kameranı və ya digər komponenti dəyişmək lazım gəldikdə, PUA-nı tam sökərək lehimləmək tələb olunurdu. İndi isə bu proses xeyli sadələşdirilib. Yeni konstruksiya kameranın, videoötürücünün və xüsusi bərkidicilərlə təchiz edilmiş idarəetmə qəbuledicisinin asanlıqla çıxarılmasına imkan verir”, - deyə mənbə əlavə edib.

Bu modul konstruksiya müxtəlif komponentlərin “Piranha” ailəsinə daxil olan fərqli PUA modelləri arasında dəyişdirilməsinə imkan yarada bilər.

Şirkətin məlumatına görə, istehsalçı Rusiya ordusu və digər silahlı strukturlar üçün 35 mindən çox insansız sistem istehsal edib.

PUA sürüləri müasir tanklar üçün ciddi problemdir

ABŞ istehsalı olan və Ukraynaya verilmiş 31 əsas döyüş tankının böyük əksəriyyəti (22-dən 27-yə qədəri) döyüşlər zamanı məhv edilib, ələ keçirilib və ya sıradan çıxarılıb. Qərb istehsalı olan zirehli texnikalar üçün əsas təhlükə PUA-lar olub. Bununla yanaşı, artilleriya atəşləri və mina sahələri də yüksək itkilərə səbəb olub.

Ukrayna qüvvələri də minlərlə Rusiya tankını məhv etmək üçün PUA-lardan istifadə edib. Müharibənin 2022-ci ilin fevralında başlamasından bəri vizual olaraq təsdiqlənmiş məlumatlara görə, təxminən 4300 Rusiya tankı məhv edilib və ya sıradan çıxarılıb. Kiyev isə rəqəmlərin daha yüksək olduğunu bildirir və məhv edilmiş və ya ələ keçirilmiş tankların sayının 12 mini keçdiyini iddia edir. Bu isə ABŞ ordusunun bütün İkinci Dünya müharibəsi ərzində verdiyi tank itkilərindən daha çoxdur.

Kiçik ölçülü və aşağı xərcə malik PUA-lar son onilliklərin döyüş meydanındakı ən böyük dəyişikliklərindən birinə çevrilib və onların imkanlarının gələcəkdə daha da artacağı gözlənilir.

Rusiya bir 500 dollarlıq FPV tipli PUA-nın M1 “Abrams” tankını məhv etdiyini iddia etsə də, vəziyyət bir qədər mürəkkəbdir. Tək bir PUA-nın tankı vuracaq qədər yaxınlaşa bilməsi üçün böyük ehtimalla digər çoxsaylı PUA-lar onun diqqətini yayındırmalı və əks-tədbirlərini zərərsizləşdirməli olub. Bu isə qorxu yaradan “PUA sürüsü” konsepsiyasını formalaşdırır.

Bununla belə, “Abrams” tankını məhv etmək üçün onlarla kiçik PUA istifadə olunmuş olsa belə, milyonlarla dollar dəyərində olan tankın qiyməti nəzərə alınarsa, bu, Kremlin baxımından olduqca sərfəli nəticə hesab edilə bilər.

PUA-lar Ukraynada müharibə strategiyasını dəyişib

PUA-ların effektivliyi nəticəsində hər iki tərəf artıq müharibənin əvvəlində olduğu qədər ənənəvi zirehli texnikaya güvənmir. Ukrayna son bir il ərzində tank çatışmazlığı ilə üzləşib və müdafiə xəttini saxlamaq üçün daha çox möhkəmləndirilmiş piyada bölmələrinə, qoşun növlərinin birgə tətbiqinə və artilleriyaya arxalanmağa başlayıb.

Bunlar Ukraynanın hələ də Rusiya üzərində üstünlüyünü qoruduğu sahələr hesab olunur. Rusiya isə əsasən daha sadə müharibə metodlarına, say üstünlüyündən istifadə etməklə həyata keçirilən genişmiqyaslı canlı qüvvə hücumlarına üstünlük verir və tədrici itkilərlə rəqibi zəiflətməyə çalışır. Kiyev qüvvələri tank itkilərini kompensasiya etmək üçün PUA-ların dəstəyi ilə fəaliyyət göstərən insansız quru platformalarından, həmçinin piyada bölmələrinin infiltrasiya taktikalarından istifadə edərək lokal, lakin effektiv hücumlar həyata keçirir.

Rusiya isə əksinə, daha çox tank məhv etmək məqsədilə FPV tipli PUA-ları təkmilləşdirməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrams   Piranha   PUA   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin