“Münhen-2” və London “Dördlüyü”: Qlobal qütbləşmənin kölgəsində Cənubi Qafqaz sınağı

2026/06/1780900232.jpg
Oxunub: 275     10:32     08 İyun 2026    
Sankt-Peterburq İqtisadi Forumu, hətta Rusiyaya loyal media orqanlarının da etiraf etdiyi kimi, heç bir “tarixi əhəmiyyətli saziş”lə yadda qalmayıb. Görünür, Rusiya Prezidenti Vladimir Putin əvvəlcədən belə bir məqsəd də qarşıya qoymayıb. Ona xarici dövlət və siyasi xadimlərlə yanaşı, dünyanın aparıcı media qurumlarının da iştirak etdiyi bir platforma lazım idi ki, Ukrayna məsələsində “ən kiçik geri çəkilmənin belə olmayacağını” bəyan etsin. RİA Novostinin redaksiya məqaləsində Putinin Sankt-Peterburqdakı çıxışı haqlı olaraq “Münhen-2” adlandırılıb.

Rusiya Prezidenti müharibəni dayandırmaq məqsədilə görüş təşkil etmək barədə Vladimir Zelenskinin təklifini rədd edib. Bu isə faktiki olaraq döyüş əməliyyatlarını davam etdirməyə hazır olduğunu açıq şəkildə nümayiş etdirməkdən başqa bir şey deyil.

İyunun 7-də Ukrayna Prezidenti Vladimir Zelenski Londona yollanıb. Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts də Böyük Britaniyanın paytaxtına gəliblər. Planlaşdırılır ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin iştirakı ilə Ukraynaya hərbi yardımın artırılması məsələsi müzakirə olunacaq. Zelenskini Böyük Britaniya Kralı III Çarlz da qəbul edəcək. Gələn ay Ankarada NATO sammiti keçiriləcək. Məlumatlara əsasən, Alyansa üzv dövlətlər “Ukraynaya 70 milyard dollarlıq hərbi yardım proqramının qəbuluna hazırlaşırlar”.

Bu kontekstdə “The New York Times” yazıb ki, Rusiya-Ukrayna münaqişəsi məsələsində Türkiyə “neytrallıqdan uzaqlaşaraq Ukraynanın tərəfinə meyillənib”. Sankt-Peterburq İqtisadi Forumunun tribunasından çıxış edən Rusiya Prezidenti Putin Azərbaycanla münasibətləri çox müsbət qiymətləndirib, xarici işlər nazirinin müavini Mixail Qaluzin isə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə yaxınlaşması ehtimalından danışıb.

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Avropa İttifaqını “Rusiyaya qarşı düşmən münasibət bəsləyən hərbi qurum” adlandırıb. O, bu qiymətləndirməni Ermənistanın “Avropaya inteqrasiya istəklərinə” toxunarkən səsləndirib. Mesaj kifayət qədər aydındır. Overçukun fikrincə, Ermənistan Rusiyaya qarşı düşmən münasibət bəsləyən hərbi quruma qoşulmaq niyyətindədir. Rusiya faktiki olaraq Ermənistana öz tərəfinə keçərək Avropanın düşməninə çevrilməyi təklif edir.

Təəssüf ki, Ukraynadakı müharibə uzanacaq. Məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya ən azı daha iki il ərzində təxminən 400 milyard dollar həcmində hərbi xərc planlaşdırır. London “dördlüyü”nün görüşü nə verəcək? “RİA Novosti” postsovet məkanını “Rusiyanın periferiyası” adlandırıb. Ermənistan Avropaya inteqrasiya istəklərinə malik olub eyni zamanda “Rusiyanın düşməni”nə çevrilməyə bilərmi? Ermənistan Avrasiya İqtisadi Birliyində qalaraq “Avropaya qarşı müharibədə Rusiyanın forpostu”na çevrilmədən mövcudluğunu davam etdirə bilərmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Qafqaz   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin