Moskva niyə Vaşinqtonu Ukrayna məsələsində ardıcıllıq nümayiş etdirməməkdə ittiham edir?

2026/06/1780686142.jpg
Oxunub: 272     23:01     05 İyun 2026    
“Əgər ABŞ öz təşəbbüsünü həqiqətən irəli aparsaydı, düşünürəm ki, biz çoxdan danışıqlar masası arxasında əyləşmiş olardıq və hərbi əməliyyatlar dayandırılmışdı”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “RT Arabic” telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubionun Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanması ilə bağlı “şansları çox yüksək qiymətləndirmədiyini” bildirməsinə münasibət bildirərkən deyib.

Lavrovun qiymətləndirməsinə görə, bu o deməkdir ki, “Baydenin müharibəsi Trampın müharibəsinə çevrilib”. Çünki amerikalılar “hazırda Brüsseldə vasitəçi olmadıqlarını, Ukraynanın yanında möhkəm dayandıqlarını deyirlər”. Rusiya XİN rəhbəri Ankoric danışıqlarında iştirak etdiyini və “Rusiya tərəfinin mövqeyini şəxsən gördüyünü” xatırladaraq Rubionu tənqid edib. Lavrov qismən açıqlayıb ki, Ukrayna cəbhəsində atəşkəs şərtlərini “ABŞ təklif edib və Rusiya buna razılıq verib”, lakin indi Vaşinqtonun mövqeyi “özünün təqdim etdiyi təkliflərdən fərqlənir”.

Rusiya xarici işlər naziri həmçinin bildirib ki, ABŞ “tərəflərə bir-biri ilə razılığa gəlməyi təklif edir” və bu yanaşma “o qədər də ardıcıl deyil”. Sonda isə o, ABŞ və Avropa İttifaqının mövqeləri arasında “əhəmiyyətli fərq olmadığını” vurğulayıb.

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşü ötən il avqustun 15-də keçirilib. Bir neçə gün sonra məlumat yayılmışdı ki, ABŞ prezidenti hərbi əməliyyatların təmas xətti boyunca dayandırılmasını, Ukrayna qüvvələrinin Donetsk vilayətinin son hissəsindən çıxarılmasını və siyasi müzakirələrə başlanmasını təklif edib.

Sonradan Moskva həmin təklifi “redaktə edib”, Ukrayna isə Donetsk vilayətinin təhvil verilməsi ehtimalını əvvəldən rədd edib.

Rusiya XİN rəhbərinin bəyanatlarından aydın olur ki, Moskva ABŞ-nin “ardıcıl olmayan” mövqeyindən narazıdır. Əslində isə Rusiyanın məyusluğunun səbəbi daha dərindir. Lavrov faktiki olaraq etiraf edib ki, ABŞ ilə təsir zonalarının yenidən bölüşdürülməsi siyasəti praktiki nəticə verməyib və Putin Trampı “Avropanın artıq mühüm güc mərkəzi olmadığına” inandıra bilməyib.

Bu baxımdan Türkiyə ordusunun istefada olan generalı Kandemirin fikirləri diqqət çəkir. O bildirib ki, ABŞ Türkiyənin Yaxın Şərqdəki təsirini məhdudlaşdırmağı planlaşdırır, halbuki Türkiyə “ötən əsrdən də əvvəl Avropa dövləti olub”. Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqını Balkan ölkələrinin üzvlüyünü sürətləndirməyə çağırıb. Görünür, Brüsseldə Türkiyənin Balkan ölkələrində təsirini artırmasından narahatdırlar.

Əgər ABŞ-Rusiya “pauzası” uzanarsa və Lavrovla Rubionun qiyabi polemikası rus-amerikan “sazişi” ehtimalını əhəmiyyətli dərəcədə azaldarsa, Moskva böyük ehtimalla Türk dünyası ilə yaxınlaşma xəttini seçəcək.

Azərbaycan istiqamətində baş nazirin müavini Aleksey Overçukun, Putinin xüsusi nümayəndəsi Boris Titovun və xarici işlər nazirinin müavini Mixail Qaluzinin fəallığı Moskva ilə Bakı arasında dərin dialoqun göstəricisidir. TRIPP (Zəngəzur dəhlizi) layihəsinin həyata keçirilməsi ilə bağlı artıq imzalanmış Ermənistan-ABŞ sazişi Rusiya-İran nəqliyyat dəhlizinə qarşı balans yarada bilərmi?

Qollarından birinin Ermənistandan keçirilməsi nəzərdə tutulan Şərq-Qərb dəhlizi ABŞ, Avropa İttifaqı və Çinin maraqlarını uzlaşdıra biləcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Vaşinqton   Ukrayna  


Bizi "telegram"da izləyin