Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Ölkənin mərkəzi və cənub bölgələrinin bir çox rayonlarında hava həyəcanı elan olunub. Aşdod, Aşkelon, Beer-Şeva, Qüdsdə, o cümlədən Təl-Əvivin cənubundakı şəhərkənarı qəsəbələrdə həyəcan təbilləri çalınıb.
Təl-Əvivin özündə hava həyəcanı elan olunmasa da, şəhərdə bir neçə partlayış səsi eşidilib. Ehtimal olunur ki, bunlar ölkənin mərkəzi hissəsi üzərində havada raketlərin məhv edilməsi nəticəsində baş verib.
Bundan əvvəl gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirib. Ordunun mətbuat xidməti bildirib ki, hücumların hədəfi İslam Respublikasının qərb və mərkəzi hissələrində yerləşən hərbi obyektlər olub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Ordu.az