Fukidid formulu: Çinin aviadaşıyıcı ambisiyalarının arxasındakı üç hərəkətverici qüvvə

2026/06/1780723493.jpg
Oxunub: 398     09:47     06 İyun 2026    
Dövlətlərin “qorxu, şərəf və maraq” səbəbləri ilə hərəkət etdiyini bildirən Fukididin qədim prinsipi bu gün də Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin prioritetlərini izah etmək üçün aktualdır.

Çin aviadaşıyıcıları barədə danışmaq üçün qayıqların və nizələrin hökm sürdüyü dövrdə yaşamış tarixçidən daha yaxşı kim ola bilər?

Söhbət, əlbəttə ki, Fukididdən gedir. Tarix elminin banilərindən biri hesab olunan Fukidid “Peloponnes müharibəsinin tarixi” əsərində realist təhlilin qədim yunan nümunəsini təqdim edir və bu yanaşma Çinin müasir aviadaşıyıcı ambisiyalarını daha yaxşı anlamağa kömək edir. O, Afina ilə Sparta arasında baş vermiş uzunmüddətli müharibəni (e.ə. 431-404-cü illər) təsvir edərkən bildirirdi ki, dövlətlərin davranışlarını hərəkətə gətirən “ən güclü üç motiv” “qorxu, şərəf və maraqdır”. Cəmiyyətlər silahlanmalıdırlar, əks halda “zəifin güclüyə tabe olması qanunu”nun qurbanına çevrilə bilərlər. Fukidid şahidi olduğu qanlı hadisələri məhz bu amansız məntiqlə izah edirdi.

Bəs qədim dövr tarixçisi bu gün Çinin aviadaşıyıcı ambisiyalarını necə izah edərdi? Böyük ehtimalla o, bu məsələni qorxu, şərəf və maraq prizmasından qiymətləndirərdi. Gəlin onun yanaşmasını təkrarlamağa çalışaq.

Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin qısa tarixi

Kommunist Çin dəniz sahəsində uzun yol qət edib. Çin Kommunist Partiyasının qurucusu Mao Tszedun dəniz məsələlərinə o qədər də maraq göstərmirdi. O, Çinin nə vaxtsa sahilyanı sulardan kənarda fəaliyyət göstərə biləcək güclü xalq donanmasına ehtiyac duyacağını qəbul etsə də, eyni zamanda anlayırdı ki, ölkə iqtisadiyyatı yaxın gələcəkdə belə bir qüvvəni dəstəkləyə bilməyəcək. Həqiqətən də Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri 1980-ci illərə qədər say baxımından böyük olsa da, əsasən geridə qalmış bir qüvvə olaraq qalırdı.

Maonun düşüncə tərzi onun ölümündən sonra da yaşamaqda davam etdi. Hətta “Böyük Sükançı”nın 1976-cı ildə vəfatından sonra belə, onun varisi Den Syaopin kimi Çin liderləri ABŞ-nin dəniz üstünlüyündən faydalanmaqla kifayətlənirdilər. Mao kimi onlar da hesab edirdilər ki, məhdud resursları böyük və bahalı donanma quruculuğuna deyil, iqtisadi inkişaf layihələrinə yönəltmək daha məqsədəuyğundur. Den Syaopin təxminən 1978-ci ildə Çinin “islahat və xarici dünyaya açılma” siyasətinin əsasını qoymuşdu. ABŞ dəniz təhlükəsizliyini təmin etdiyi müddətdə niyə bu məsuliyyəti onun üzərinə buraxmamaq lazım idi? Həqiqətən də Çin həm dəniz, həm də quru qoşunları sahəsində 1980 və 1990-cı illərdə öz potensialından xeyli aşağı səviyyədə fəaliyyət göstərirdi. Bu yanaşma Den Syaopinin Çin rəhbərlərinə verdiyi “gücünü gizlət, vaxtını gözlə” tövsiyəsinə uyğun idi.

Lakin Çin iqtisadiyyatı inkişaf etdikcə ölkənin yanacaq və xammal idxalı, eləcə də hazır məhsul ixracı üçün dənizə asılılığı artdı. Dəniz nəqliyyat marşrutları Çinin xarici siyasət hesablamalarında mühüm yer tutmağa başladı. Qısacası, qorxu amili meydana çıxdı.

Birinci prinsip: Çin ABŞ blokadasından ehtiyat edir

Bu gün Çin rəhbərliyi narahatdır ki, ABŞ Çin dənizlərində böhran və ya müharibə zamanı ölkənin iqtisadi maraqlarını girov saxlaya bilər. Məsələn, birinci ada zənciri boyunca və ya Hörmüz boğazı kimi mühüm su yollarında blokada təşkil edilə bilər. Həyati əhəmiyyət daşıyan dəniz marşrutlarını nəzarətdə saxlamaq ABŞ və onun müttəfiqlərinə mühüm üstünlük verir.

Si Cinpin və onun komandası bu narahatlıq üçün kifayət qədər əsas görür. ABŞ-nin 2026-cı il Milli Müdafiə Strategiyası birinci ada zənciri boyunca “inkaretmə müdafiəsi” həyata keçirməyi, həm müttəfiqlərin ərazi bütövlüyünü qorumağı, həm də Çinin dənizdə hərəkət azadlığını məhdudlaşdırmağı nəzərdə tutur. Düzgün tətbiq olunduğu halda belə bir müdafiə konsepsiyası Pekini riskli addımlardan çəkindirə bilər. Çəkindirmə isə şübhə və qorxu üzərində qurulur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin uzaq məsafədən Çinin iqtisadi həyat damarlarını kəsə biləcəyi ilə bağlı narahatlıq Pekinin strateji diqqətini qaçılmaz şəkildə dənizə yönəldir. Rəsmi bəyanatlar da bu geosiyasi narahatlıqları əks etdirir. Məsələn, ABŞ müharibə naziri Pit Heqset ötən il “Şanqri-La Dialoqu”nda çıxış etdikdən sonra Çin Xarici İşlər Nazirliyi onu region ölkələrinin sülh və inkişaf çağırışlarını görməzdən gəlməkdə, blok qarşıdurmasını təşviq edən “Soyuq müharibə təfəkkürünü” təbliğ etməkdə, Çinə qarşı böhtan xarakterli ittihamlar irəli sürməkdə və Çini əsassız şəkildə “təhdid” adlandırmaqda günahlandırmışdı.

Çin siyasi leksikonunda “Soyuq müharibə təfəkkürü” ifadəsi əslində “mühasirəyə alma” siyasətinə işarə edir. Çin rəhbərliyi yaxşı bilir ki, ABŞ-nin Sakit okeandakı müdafiə xətti 1950-ci ildə birinci ada zənciri boyunca uzanırdı və gələcəkdə də yenidən bu formada qurula bilər. Pekin bir daha belə şəkildə mühasirəyə alınmamaq qərarına gəlib.

Fukidid Çinin bu bədbin qiymətləndirməsini dərhal başa düşərdi. O, Peloponnes müharibəsinin “əsl səbəbini” Afinanın güclənməsində və bunun Spartada yaratdığı qorxuda görürdü. Tarixçi qeyd edirdi ki, müharibənin əsas səbəbləri açıq şəkildə dilə gətirilməsə də, qorxu böyük dövlətlər arasında müharibəni “qaçılmaz” etmişdi. Pekinin baxışına görə, ABŞ-nin daimi dəniz üstünlüyünü qəbul etmək Fukididin zəiflərin güclülərə tabe olmalı olduğunu bildirən qanununa boyun əymək demək olardı. Heç bir supergüc belə vəziyyətlə razılaşa bilməz.

İkinci prinsip: Çin Hərbi Dəniz Qüvvələri imperiya keçmişinin şərəfini yaşadır

ABŞ rəhbərliyinin böyük dəniz gücündən necə istifadə edə biləcəyi ilə bağlı narahatlıq Çinin güclü donanma qurmaq istəyini izah edir. Lakin bu amil Pekinin niyə məhz aviadaşıyıcı kimi qabaqcıl platformalara xüsusi önəm verdiyini tam açıqlamır. Bu suala cavab tapmaq üçün başqa istiqamətə baxmaq lazımdır.

İllər əvvəl “Boston College” universitetinin professoru Robert Ross Çinin aviadaşıyıcı mərkəzli donanma quruculuğunu “dəniz millətçiliyi” anlayışı ilə izah etmişdi. Onun fikrincə, yüksək texnologiyalı döyüş gəmiləri böyük dövlət statusunun simvoludur və Pekin özünü dənizçi sivilizasiya kimi görmək istəyirsə, bu cür platformalara mütləq sahib olmalıdır. Belə iri döyüş gəmiləri həm dəniz fəaliyyətlərinə, həm də onları həyata keçirən dövlətə ictimai marağı və dəstəyi artırır.

Şübhə yoxdur ki, Çin dəniz dövləti kimi nüfuzunu artırmağa, daha doğrusu, itirdiyi şöhrəti geri qaytarmağa çalışır. Çox vaxt Çinin mahiyyət etibarilə quru dövləti olduğu deyilir. Lakin tarixdə elə bir dövr olub ki, imperiya Çini dünyanın ən böyük və texnoloji baxımdan ən qabaqcıl donanmasına malik idi: admiral Çjen Xenin “Xəzinə Donanması”.

XV əsrdə Min sülaləsinin məşhur dənizçisi Çjen Xe Cənub-Şərqi Asiya və Hind okeanı boyunca bir sıra “xəzinə səfərlərinə” (1405-1433) rəhbərlik edib. Bu səfərlər zamanı ticarət, diplomatik fəaliyyət, müəyyən təhlükəsizlik missiyaları və kəşfiyyat işləri həyata keçirilib.

Lakin əsrin sonlarına doğru, səbəbləri bu günə qədər tam aydın olmayan qərarla, Min sülaləsinin rəsmiləri Çjen Xenin donanmasının ləğv edilməsini və yeni dəniz səfərlərinin qadağan olunmasını əmr etdilər. Maraqlıdır ki, Çinin dənizlərdən geri çəkilməsi Avropa dənizçilərinin bölgəyə gəlməyə başladığı dövrlə təxminən eyni vaxta təsadüf etdi. Bunun nəticəsində Avropanın təxminən beş əsr davam edən dəniz üstünlüyü dövrü başladı. Beləliklə, Min sülaləsinin dəniz irsi tarix səhnəsindən silindi.

XIX əsrə keçdikdə isə Çin Böyük Britaniya, Fransa, Almaniya və Yaponiya kimi dənizdən gələn işğalçıların əli ilə yaşadığı “alçaldılma əsri” ilə üzləşdi. 1839-1842-ci illərdə baş vermiş Birinci Tiryək Müharibəsindən başlayaraq imperialist dövlətlər zəifləyən Tsin sülaləsini dəfələrlə məğlub etdilər və imperatorları “bərabərsiz müqavilələr” imzalamağa, habelə xarici hərbi gəmilərin Çin çaylarında patrul xidmətləri həyata keçirməsi kimi alçaldıcı şərtləri qəbul etməyə məcbur etdilər. Asiyanın tarixən aparıcı gücü olmuş bir dövlət üçün belə xatirələri qəbul etmək olduqca çətindir.

Lakin məsələ təkcə uzaq keçmişlə bağlı deyil. Aviadaşıyıcı proqramına başlanılmamışdan əvvəl Çin müşahidəçiləri BMT Təhlükəsizlik Şurasına nəzər salaraq görürdülər ki, Çindən başqa bütün daimi üzvlərin arsenalında aviadaşıyıcılar mövcuddur.

Üstəlik, Çini geridə qoyan yalnız Təhlükəsizlik Şurasının daimi üzvləri deyildi. Daha yaxın bölgədə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri belə yüngül aviadaşıyıcılar istismar edir. Siyasi səbəblərə görə bu gəmilər rəsmi şəkildə “helikopter esminesləri” adlandırılır. Həmin platformalar helikopterlərlə yanaşı F-35 “Lightning II” görünməz döyüş təyyarələrini qəbul edə bilmələri üçün modernləşdirilib. Oxşar gəmilər Cənubi Koreya donanmasının da inventarında yer alır. Hətta Tailandın da kiçik olsa belə, aviadaşıyıcısı mövcuddur.

Çin artıq dünyanın ən mühüm döyüş gəmiləri sahəsində geridə qalmağı qəbul edə bilməzdi. Aviadaşıyıcıların Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilməsi Çinin böyük dəniz gücü kimi meydana çıxdığını təsdiqlədi. Bu platformalar müasir dövrdə Çjen Xenin əzəmətli “Xəzinə Donanması”nın varisləridir. Onun irsi yenidən canlanır.

Üçüncü prinsip: Pekinin regional hegemonluqda marağı var

Fukidid Çinin dəniz sahəsində nüfuz qazanmaq cəhdlərini yəqin ki, yaxşı anlayışla qarşılayardı. Lakin Çinin aviadaşıyıcı proqramı yalnız ölkənin nüfuzunu bərpa etmək, digərləri ilə ayaqlaşmaq və ya ABŞ-dən gələn təhlükə qorxusunu azaltmaq məqsədi daşımır.

Məsələyə Pekinin aviadaşıyıcı zərbə qruplarından konkret maraqlarını qorumaq üçün necə istifadə edə biləcəyi baxımından yanaşaq. Ən aydın nümunə odur ki, Çin Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcıları artıq müntəzəm olaraq Çin dənizlərindən çıxaraq Ryukyu adaları və ya Luzon boğazı vasitəsilə açıq okeana üzür, bununla da öz gücünü nümayiş etdirir və Çinin Asiyadakı qonşularına təzyiq göstərir.

Daha sonra Tayvan məsələsi gəlir. Tayvanın şərq sahillərini təhdid etməklə aviadaşıyıcı qrupları adanın müdafiəçilərinin qarşılaşdığı taktiki problemləri daha da mürəkkəbləşdirir. Tayvan administrasiyasının Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin yalnız qərbə və səmaya deyil, həm də şərq istiqamətinə diqqət yetirməyə məcbur edilməsi onların fəaliyyətini daha da çətinləşdirir və Çin Xalq Azadlıq Ordusuna döyüşün şərtlərini müəyyənləşdirmək imkanı verir.

Əgər Tayvan administrasiyasına qarşı əməliyyat kifayət qədər sürətli həyata keçirilsəydi, Çin qüvvələri ABŞ ordusu müdaxilə etməzdən əvvəl qələbə qazana bilərdi. Bu halda Pekin regional nizamı minimum səviyyədə pozmaqla milli birləşmə arzusunu gerçəkləşdirmiş olardı. Başqa dəniz güclərində olduğu kimi Çin üçün də aviadaşıyıcılar sərf olunan resurslara qarşı yüksək nəticə verən vasitələr hesab olunur.

Yaxud Cənubi Çin dənizini nəzərdən keçirək. Aviadaşıyıcı qrupları Çinin nəzarətində olan adaları, ətraf suları, hava məkanını və dəniz dibində yerləşdiyi güman edilən zəngin təbii ehtiyatları qorumaq üçün irəli mövqedə yerləşən mobil hava bazası rolunu oynayır. Bu platformalar “boz zona” əməliyyatları üçün faydalı dəstək vasitəsidir və əgər regional rəqiblərdən biri Çinin dəniz milisinə və sahil mühafizəsinə ciddi müqavimət göstərə bilsə, son ehtiyat qüvvəsi rolunu oynaya bilər.

Bundan başqa, Pekin diqqətini getdikcə daha çox cənub-qərb istiqamətinə yönəltdikcə, Çin rəhbərliyi Hind okeanında ekspedisiya eskadrası yaratmağa qərar verərsə, aviadaşıyıcılar Cənubi Asiyada Çin Hərbi Dəniz Qüvvələrinin mövcudluğunun əsasını təşkil edə bilər. Qısacası, aviadaşıyıcılar çoxsaylı funksiyaları yerinə yetirə bilir. Onlar İkinci Dünya müharibəsindən etibarən ABŞ Hərbi Dəniz Qüvvələrinin müxtəlif əməliyyatlarının mərkəzi elementi olublar.

Aviadaşıyıcıların digər ümumi istifadələri də var

İndi isə donanmanın formalaşdırılması məsələsinə baxaq. Çin aviadaşıyıcılarının Partiyanın məqsədlərinə nail olmaq üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin analoqları ilə gəmi-gəmi müqayisədə eyni səviyyədə olması vacib deyil.

Çin Hərbi Dəniz Qüvvələrinin suüstü donanması, o cümlədən dəniz aviasiyası quru bazalı atəş dəstəyi sistemlərindən geniş şəkildə faydalanır. Məsələn, Çin Raket Qüvvələrinin arsenalında gəmilərə qarşı ballistik raket ailələri mövcuddur. Pentaqonun məlumatına görə, avtomobil platformalarından buraxılan bu silahlar Asiya sahillərindən yüzlərlə, hətta minlərlə kilometr uzaqda hərəkət edən gəmiləri vurmağa qadirdir.

Belə silah sistemləri ilə üzləşən ABŞ-nin Hind-Sakit okean Donanmasının komandanları Quam adasından qərbə doğru hərəkət etməkdə tərəddüd göstərə bilərlər. Hətta bunu etsələr belə, ballistik raket zərbələri nəticəsində itkilərlə üzləşəcək, daha sonra isə quru bazalı döyüş təyyarələri, səssiz dizel-elektrik sualtı qayıqları və uzaqmənzilli gəmi əleyhinə qanadlı raketlərlə təchiz edilmiş müxtəlif döyüş gəmiləri ilə qarşılaşacaqlar. Təkcə döyüş bölgəsinə çatmaq belə ABŞ qüvvələri üçün ciddi xərc yarada bilər.

Əgər Çin həqiqətən də Qərbi Sakit okeanı ABŞ Hərbi Dəniz Qüvvələri və əlaqəli qüvvələr üçün əlçatmaz zonaya çevirə bilsə, əsas rəqibi ilə birbaşa döyüşə girmədən Fukididin təsvir etdiyi maraqlarını təmin etmiş olar.

Bu şəraitdə Çin dəniz aviasiyasını inkişaf etdirmək üçün kifayət qədər vaxta malikdir. Quru bazalı müdafiə sistemləri və dünyanın ən böyük suüstü döyüş gəmiləri donanması, yəni kreyserlər, esmineslər və freqatlar Çin Hərbi Dəniz Qüvvələrinə aviadaşıyıcı pilotlarını hazırlamaq və aviadaşıyıcı zərbə qruplarının idarə edilməsinin mürəkkəb sənətini öyrənmək üçün vaxt qazandırıb.

Aviadaşıyıcılar çoxsaylı müşayiət gəmiləri və təminat vasitələri ilə birlikdə fəaliyyət göstərirlər. Müxtəlif döyüş düzülüşlərinin, müdafiə ekranlarının, dənizdə təchizat üsullarının və digər mürəkkəb prosedurların mənimsənilməsi zaman tələb edir. Sahil müdafiə sistemləri həmçinin Çinə aviadaşıyıcıların texniki problemlərini aradan qaldırmaq, daha böyük və iddialı platformalar inşa etmək və yeni taktiki konsepsiyalar sınaqdan keçirmək üçün əlavə imkan yaradır.

Bununla belə, döyüş hazırlığı Çinin aviadaşıyıcı ambisiyalarının yeganə səbəbi deyil. Aviadaşıyıcılar Fukididin “qorxu, şərəf və maraq” üçlüyünə tam uyğun gəlməyən qeyri-döyüş missiyalarını da yerinə yetirə bilirlər.

Məsələn, 2004-cü ildə Hind okeanında baş vermiş sunamidən sonra Çin ekspertləri müşahidə etdilər ki, bölgədən keçən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri dərhal fəlakət zonasına yönələrək yardım əməliyyatlarında iştirak ediblər. ABŞ Cənub-Şərqi Asiyada böyük rəğbət qazanarkən, Çin özünü kənarda qalmış hiss edib.

Bir daha belə vəziyyətlə üzləşməmək üçün Pekin artıq hospital gəmiləri və amfibiya nəqliyyat vasitələri kimi təbii fəlakətlərə və humanitar böhranlara cavab vermək üçün uyğun platformalar inşa edib. Böyük aviadaşıyıcılar da Çinin fəlakətlərə cavab imkanlarına dəyərli əlavə hesab olunur.

Fukididin nəzəriyyəsinə daxil olmayan bu humanitar missiyalar Çinin böyük dəniz gücü kimi nüfuzunu artırır, dəniz strategiyasının legitimliyini gücləndirir və dolayısı ilə milli maraqlarına xidmət edir.

Qorxu, şərəf, maraq. Fukidid – bütün dövrlər üçün aktual qalan bir şəxsiyyət.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fukidid   Çin   Gəmi   Donanma  


Bizi "telegram"da izləyin