Cənubi Koreya Prezidenti Şimali Koreyaya qarşı sanksiyaları səmərəsiz hesab edir

2026/06/1780908127.jpg
Oxunub: 237     12:43     08 İyun 2026    
Cənubi Koreya Prezidenti Li Ce Myon bəyan edib ki, Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı tətbiq edilən sanksiyalar arzu olunan nəticəni vermir, çünki Pxenyan Çin və Rusiya ilə əlaqələrini davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə prezident vəzifəyə başlamasının ildönümü münasibətilə keçirilən mətbuat konfransında danışıb.

Li Ce Myon bildirib ki, Şimali Koreyaya təzyiq siyasəti qarşıya qoyulan məqsədlərə çatmayıb.

“Biz mümkün olan bütün sanksiyaları tətbiq etmişik. Lakin Çinin qapılarının tam bağlanıb-bağlanmadığını dəqiq söyləmək mümkün deyil. Rusiyanın qapıları isə birmənalı olaraq açıqdır”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə təzyiqlərin daha da artırılması vəziyyəti dəyişməyə qadir deyil.

“Ona görə də istənilən təzyiq siyasəti uğursuz olacaq. Sanksiyalar səmərəsizdir”, - deyə Li Ce Myon vurğulayıb və mövcud məhdudiyyətləri “tamamilə faydasız” adlandırıb.

Bununla yanaşı, Cənubi Koreya lideri Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı uzunmüddətli məqsədə sadiqliyini bir daha təsdiqləyib.

Prezident yenidən mərhələli strategiyanı dəstəklədiyini bildirib. Həmin strategiyaya əsasən, proses Şimali Koreyanın nüvə proqramının dondurulması ilə başlamalı və Pxenyanın nüvə arsenalını tamamilə ləğv etməsi ilə başa çatmalıdır.

Bu açıqlama Kim Yo Conqun Şimali Koreyanın nüvə statusunun müzakirə mövzusu olmadığını bəyan etməsindən bir gün sonra səsləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin