Ordu.az xəbər verir ki, ilk avadanlıqlar 2026-cı il iyunun 3-də dəniz yolu ilə göndərilib və təhvil prosesinin 2026-cı ilin dekabrına qədər tamamlanması planlaşdırılır.
Hindistan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti sistem üzrə qəbul sınaqlarını 2026-cı il aprelin 28-də Rusiyada başa çatdırıb. Təhvil prosesi Rusiya ilə Hindistan arasında 2018-ci ildə imzalanmış beş alay dəstindən ibarət S-400 müqaviləsi çərçivəsində həyata keçirilir.
“Rosoboronexport” ilə Hindistan Müdafiə Nazirliyi arasında 2018-ci il aprelin 5-də imzalanmış müqavilənin ümumi dəyərinin 5,43 milyard dollar olduğu bildirilir. Proqram çərçivəsində ilk S-400 alay dəsti 2021-ci ilin dekabrında, ikinci dəst 2022-ci ilin iyulunda, üçüncü dəst isə 2023-cü ilin fevralında təhvil verilib.
Əvvəllər təhvil verilmiş sistemlərin Hindistanın şimal və şərq bölgələrində, xüsusilə Sikkim dəhlizi ətrafında yerləşdirildiyi məlumdur. Dördüncü S-400 alay dəstinin isə Pakistan sərhədinə yaxın yerləşən Racastan bölgəsində yerləşdirilməsi planlaşdırılır.
Sistemə 570 kilometrədək məsafədə hava hədəflərini aşkarlaya bilən və eyni vaxtda 300 hədəfi izləyən 91N6E radarı daxildir. Bundan başqa, 92N6E çoxfunksiyalı nişanalma radarı, 96L6E hündürlük aşkarlama radarı və 12-yə qədər 5P85TE3/5P85SE3 buraxılış qurğusu da kompleksin tərkibinə daxildir.
S-400 müxtəlif təhdidlərə qarşı fərqli raketlərlə istifadə oluna bilir. Bunlara 400 kilometr mənzilli 40N6, 240 kilometr mənzilli 48N6DM, 120 kilometr mənzilli 9M96E2 və 40 kilometr mənzilli 9M96E raketləri daxildir.
Hindistan Müdafiə Nazirliyinin Müdafiə Satınalmaları Şurası 2026-cı il martın 27-də əlavə beş S-400 alay dəstinin alınmasını da təsdiqləyib. Bu qərarın ümumi dəyəri təxminən 25 milyard dollar olan daha geniş müdafiə satınalma paketinin bir hissəsi olduğu bildirilib.
Bundan əlavə, 2026-cı ilin fevralında inventardakı S-400 sistemləri üçün təcili ehtiyac çərçivəsində 288 raketin alınmasına da icazə verilib. Təxminən 1 milyard dollar dəyərində olan paketə 120 qısa mənzilli və 168 orta-uzun mənzilli raket daxildir.
Sevinc Əliyeva
Ordu.az