Ermənistan MSK seçkilərin yekun nəticələrini açıqlayıb

2026/06/1780907831.jpg
Oxunub: 248     12:32     08 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan parlament seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında yekun göstəriciləri açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Hovakimyan bildirib ki, mətbuat konfransının 35 dəqiqə gec başlamasının səbəbi elektron səsvermənin nəticələrinin ümumi hesablamalara daxil edilməsidir.

Ermənistan MSK sədrinin təqdim etdiyi məlumata görə, seçici siyahılarında 2 milyon 503 min 981 nəfər yer alıb. Elektron qaydada səs verənlərin sayı 410 nəfər olub. Ümumi seçici sayı 2 milyon 507 min 216 nəfər, səsvermədə iştirak edənlərin sayı isə 1 milyon 477 min 736 nəfər və ya 58,94 faiz təşkil edib.

Etibarsız sayılan bülletenlərin sayı 17 min 97 olub.

Siyasi qüvvələrin topladığı səslər aşağıdakı kimi bölüşdürülüb:

“Vətəndaş Müqaviləsi” partiyası - 49,825 faiz

“Güclü Ermənistan” bloku - 23,281 faiz

“Hayastan” bloku - 9,934 faiz

“Çiçəklənən Ermənistan” partiyası - 3,996 faiz

Hovakimyan qeyd edib ki, qanunvericiliyə əsasən partiyalar üçün keçid həddi 4 faizdir.

Beləliklə, açıqlanan nəticələrə əsasən “Çiçəklənən Ermənistan” partiyası parlamentə keçmək üçün tələb olunan minimum həddi aşa bilməyib və parlamentdə üç siyasi qüvvə təmsil olunacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK  


Bizi "telegram"da izləyin