Danimarka kralı baş nazirin uğursuzluğundan sonra yeni hökumətin formalaşdırılmasını tapşırıb

2026/05/1778345760.jpg
Oxunub: 439     20:53     09 May 2026    
Danimarka kralı X Frederik sağ mərkəzçi siyasi düşərgənin nümayəndəsi Troels Lund Poulsena baş nazir Mette Frederiksenin hakim koalisiyanı formalaşdıra bilməməsindən sonra yeni hökumət qurmağa cəhd etməyi tapşırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Cümə günü axşam verilən açıqlama siyasi isteblişment üçün ciddi sarsıntı hesab olunub. Belə ki, Frederiksen onilliklər ərzində Danimarka siyasətinin əsas simalarından biri olub.

Onun sol mərkəzçi “Sosial-demokratlar” partiyası mart ayında keçirilən parlament seçkilərində ən çox səs toplamışdı.

Lakin birinci yeri tutmasına baxmayaraq, bu nəticə sosial-demokratların 1903-cü ildən etibarən əldə etdiyi ən zəif nəticə olub və heç bir partiya mütləq çoxluq qazana bilməyib.

Seçkilərdən sonra Frederiksen Lars Lökke Rasmussenin rəhbərlik etdiyi mötədillərin dəstəyi ilə sol mərkəzçi hökumət formalaşdırmağa çalışırdı. Rasmussen Frederiksen və liberal sağ mərkəzçi partiyanın sədri Troels Lund Poulsen arasında tutduğu mövqeyə görə “kral yaradan” hesab edilirdi.

Lakin Frederiksen Danimarkanın daha da parçalanmış siyasi qüvvələrinin dəstəyini ala bilməyib. Cümə günü axşam ölkənin keçmiş xarici işlər naziri Rasmussen danışıqlardan çıxaraq Poulseni dəstəkləyib.

Bundan sonra kral Frederik Poulsenə yeni hökumət qurmağı tapşırıb. Monarx rəsmi açıqlamada ondan sosial-demokratlar və mötədillər olmadan “hökumətin formalaşdırılması məqsədilə danışıqlara rəhbərlik etməyi” istəyib.

Poulsenə hökumət qurmaq üçün sağ partiyaların koalisiyasını toplamaq lazım gələcək. Bu isə həftələrlə davam edə biləcək mürəkkəb və kövrək proses hesab olunur. Artıq indi kabinet formalaşdırmaq cəhdi Danimarka tarixinin ən uzun prosesinə çevrilib.

Son illərdə Danimarka siyasəti nəzərəçarpacaq şəkildə sağa yönəlib. Mart seçkiləri bir neçə sağ partiyanın dəstəyinin artdığını göstərib. Xüsusilə Danimarkanın ənənəvi ifrat sağ xalq partiyası güclü nəticə göstərərək əvvəlki seçkilərlə müqayisədə səslərinin sayını üç dəfə artırıb və 9,1 faiz səs toplayıb.

Miqrasiya Danimarkada, eləcə də Avropanın bir çox digər ölkələrində ən kəskin mövzulardan birinə çevrilib. Hətta sol mərkəzçi partiyalar belə miqrasiya nəzarəti sahəsində daha sərt siyasət yürütməyə başlayıblar.

Kralın açıqlamasında qeyd olunub ki, Danimarka Xalq Partiyası yeni hökumətin “müsəlmanların Danimarkadan xalis çıxışına gətirib çıxaracaq tədbirlərin qəbul edilməsi” kimi aydın məqsədə sahib olması şərti ilə Poulsenin namizədliyini dəstəkləyib.

Cümə günü günorta kral ilə görüşdən sonra Frederiksen sağ hökumətin formalaşdırılması ehtimalının getdikcə daha real olduğunu etiraf edib.

“Danimarkalılar parlamenti elə formalaşdırıblar ki, tamamilə sağ hökumət qurula bilər. Hazırda gördüyümüzün məhz bu prosesin başlanğıcı olması tamamilə mümkündür”, - deyə o bildirib.

Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək cəhdlərinə qarşı sərgilədiyi mövqeyə görə populyarlıq qazanmışdı. O, ABŞ administrasiyasının güclü təzyiq və təhdidlərinə müqavimət göstərmişdi. Lakin vergi və immiqrasiya kimi daxili məsələlərdə onun mövqeləri daha zəif olub.

Analitiklər qeyd ediblər ki, Frederiksen ciddi uğursuzluq yaşasa da, onun siyasi karyerasını bitmiş hesab etmək olmaz. Əgər Poulsen sağ partiyaların sabit koalisiyasını formalaşdıra bilməsə, baş nazir öz koalisiyası ilə yenidən hakimiyyətə qayıda bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Hökumət  


Bizi "telegram"da izləyin