Ordu.az xəbər verir ki, dövlət mediasında yer alan açıqlamalar Pxenyan rəhbərliyinin Seula yönəlmiş sərt hərbi yanaşmanı davam etdirdiyinə işarə edib.
Cənubi Koreya hökumətinin son dövrlərdə etdiyi dialoq və sülh çağırışlarına baxmayaraq, Şimali Koreya Seul rəhbərliyini əsas düşmən kimi tanımağı davam etdirir. Pxenyan bundan qısa müddət əvvəl konstitusiyasından “Koreyanın yenidən birləşməsi” ifadələrini də çıxarmışdı.
Şimali Koreya lideri Kim Çen Inın bu həftə bir sursat fabrikini ziyarət edərək “yeni tip 155 mm özüyeriyən haubitsa” istehsalını yerində izlədiyi açıqlanıb.
Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) görə, sözügedən sistemin mənzili 60 kilometrdən yuxarı qalxır. Yeni haubitsaların bu il ərzində Cənubi Koreya sərhədinə yaxın uzunmənzilli artilleriya birliklərinə yerləşdiriləcəyi bildirilir.
Bu mənzil Cənubi Koreyanın paytaxtı Seulu birbaşa təhdid etdiyi kimi, ölkənin ən sıx məskunlaşmış və kritik sənaye mərkəzlərini özündə cəmləşdirən Kyonqido vilayətinin böyük hissəsini də əhatə edir. Seul sərhəd xəttindən təxminən 50-60 kilometr məsafədə yerləşir.
KCNA-nın məlumatına görə, Kim Çen In yeni haubitsa sisteminin “quru əməliyyatlarında mühüm dəyişiklik və üstünlüklər təmin edəcəyini” deyib.
Birləşmə ritorikası tamamilə çıxarılıb
Koreya müharibəsinin 1953-cü ildə sülh sazişi əvəzinə atəşkəslə başa çatması səbəbindən iki ölkə texniki olaraq hələ də müharibə vəziyyətində sayılır.
Son illərdə Pxenyan rəhbərliyi Cənubi Koreya ilə bağlı olan bəzi avtomobil yolu və dəmir yolu xətlərini məhv edib, sərhəd xəttinə yeni maneələr inşa etmişdi.
Şimali Koreyanın sərtləşən strateji yanaşmasının başqa bir göstəricisi də konstitusiya dəyişikliyi olub. AFP-nin nəzərdən keçirdiyi yeni konstitusiya mətnində artıq “vətənin yenidən birləşməsi” ifadəsinin yer almadığı görünür.
Yeni mətndə həmçinin Şimali Koreyanın ərazi tərifi dəyişdirilərək ölkənin şimalda Çin və Rusiyaya, cənubda isə Cənubi Koreyanın rəsmi adı olan “Koreya Respublikası”na qədər uzandığı qeyd olunub.
Cənubi Koreya Prezidentlik Ofisi isə cümə axşamı etdiyi açıqlamada Pxenyanla sülh səylərinin davam etdiriləcəyini bildirib.
Kim Çen In yeni esminesi nəzərdən keçirib
KCNA həmçinin Kim Çen Inın cümə axşamı 5 min tonluq “Choe Hyon” esminesini ziyarət edərək rəsmi xidmətə qəbuldan əvvəlki sınaq proseslərini yoxladığını bildirib.
Dövlət mediasında yayımlanan görüntülərdə Kim Çen Inı qızı Cu Aenin də müşayiət etdiyi görünür. Sarı dənizdə həyata keçirilən ziyarətdə Kimin döyüş gəmisinə çıxaraq platformanın imkanlarını araşdırdığı bildirilib.
Yayımlanan fotoşəkillərdən birində Kim Çen Inın gəminin yeməkxanasında uniforma geyinmiş dəniz piyadaları ilə birlikdə hazır yemək yediyi diqqət çəkib.
Şimali Koreya son dövrlərdə “Choe Hyon” esminesindən strateji qanadlı raket sınaqları keçirib. Analitiklər gəminin nüvə başlığı daşıya biləcək raket sistemləri ilə təchiz olunmuş ola biləcəyini qiymətləndirir.
KCNA-ya görə, Kim Çen In esminesin mövcud vəziyyətindən məmnunluq duyduğunu bildirib, həmçinin gəminin planlaşdırıldığı kimi iyunun ortasına qədər donanmaya təhvil verilməsi barədə göstəriş verib.
Sevinc Əliyeva
Ordu.az