Tramp ABŞ prezidentlərinin niyə Ağ Evdə bal zalı tikilməsini istədiklərini izah edib

2026/04/1775296778.jpg
Oxunub: 363     22:23     26 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp bildirib ki, ötən gecə baş verən hadisə məhz son 150 ildə bütün prezidentlərin Ağ Ev ərazisində böyük və təhlükəsiz bal zalının tikilməsini niyə tələb etdiyini göstərir.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Ötən gecə baş verənlər məhz bizim qüdrətli hərbçilərimizin, Məxfi xidmətin, hüquq-mühafizə orqanlarının və müxtəlif səbəblərdən son 150 ilin hər bir prezidentinin AĞ EV ƏRAZİSİNDƏ böyük, təhlükəsiz bal zalının tikilməsini niyə tələb etdiyinin səbəbidir”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, əgər Ağ Evdə hazırda hərbi baxımdan yüksək məxfilik səviyyəsinə malik bal zalı tikilmiş olsaydı, bu hadisə heç vaxt baş verməzdi.

“Onu kifayət qədər tez tikmək mümkün deyil. Gözəlliyinə baxmayaraq, o, ən yüksək səviyyəli təhlükəsizliyin bütün zəruri vasitələri ilə təchiz olunub, üst mərtəbədə müdafiəsiz şəxslərin daxil ola biləcəyi otaqlar yoxdur və o, dünyanın ən qorunan binası olan Ağ Evin darvazalarının içində yerləşir. Heç bir əsas olmadan və itini gəzdirən bir qadın tərəfindən bal zalına qarşı irəli sürülmüş mənasız iddia dərhal rədd edilməlidir. Büdcə çərçivəsində və qrafikdən xeyli qabaqda həyata keçirilən bu tikintiyə heç nəyin mane olmasına yol vermək olmaz”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, bu gecə ABŞ prezidenti, birinci xanım Melaniya Tramp və administrasiyanın digər yüksək vəzifəli nümayəndələri atışma səbəbindən Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyindən təcili təxliyə olunublar.

Sonradan 31 yaşlı Kaliforniya müəllimi olduğu məlum olan silahlı saxlanılıb. O, bazar ertəsi məhkəmə qarşısına çıxacaq.

Milli Fond hələ dekabr ayında Trampı və bir neçə federal agentliyi məhkəməyə vermişdi. Buna səbəb administrasiyanın bal zalı üçün yer açmaq məqsədilə Şərq qanadını sökməsi olmuşdu. İddiada ABŞ prezidentinin və Milli Parklar Xidmətinin tarixi tikilini sökmək səlahiyyətinə malik olmadığı bildirilirdi.

Tramp bal zalını Ağ Ev üçün mühüm əlavə və Vaşinqtonun yenidən qurulmasına yönəlmiş daha geniş səylərinin bir hissəsi hesab edir.

ABŞ administrasiyası bəyan edib ki, layihə infrastrukturun modernləşdirilməsinə və təhlükəsizliyin gücləndirilməsinə imkan verəcək. Tramp öz növbəsində vurğulayıb ki, layihə tamamilə özəl donorlar tərəfindən maliyyələşdirilir.

Daha sonra ABŞ Apellyasiya Məhkəməsi Tramp administrasiyasına dəyəri 400 milyon dollar olan bal zalının tikintisini davam etdirməyə icazə verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   Ağ-Ev  


Bizi "telegram"da izləyin