Şimali İrlandiya paytaxtı yaxınlığındakı şəhərdə minalanmış avtomobilin partlamasından sonra həyəcan elan edilib

2026/04/photo-1777203536.jpg
Oxunub: 392     15:38     26 Aprel 2026    
Şimali İrlandiya polisi Belfast ətrafındakı Danmari şəhərində polis bölməsinin yaxınlığında minalanmış avtomobilin partlaması barədə məlumatlardan sonra həyəcan elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yaxınlıqdakı evlər təxliyə edilib, ictimaiyyətə isə həmin ərazidən uzaq durmaq tövsiyə olunub. Bu barədə bazar günü Şimali İrlandiya Polis Xidməti məlumat verib.

Britaniyalı deputat Sorça İstvudun sözlərinə görə, avtomobil izdihamlı yerdə partlayıb və yalnız möcüzə nəticəsində ölən olmayıb.

Polis hücumun motivləri barədə heç bir məlumat vermir. Ötən ay polis Danmaridən təxminən 32 kilometr cənub-qərbdə yerləşən Larqan şəhərində başqa bir polis bölməsinə hücum cəhdi zamanı “kobud hazırlanmış, lakin işlək” əldəqayırma bombadan istifadə edildiyini bildirmişdi. Hakimiyyətin məlumatına görə, iki maskalı kişi çatdırılma sürücüsünü saxlayıb, qurğunu onun avtomobilinin yük yerinə yerləşdirib və silah hədəsi ilə qurğunu polis bölməsinə çatdırmağa məcbur edib. Təxminən 100 ev təxliyə edildikdən sonra polis nəzarətli partlayış həyata keçirib.

Polis hücumun böyük ehtimalla respublikaçı dissident qruplaşmalar tərəfindən “öz əhəmiyyətlərini qorumaq və qorxu yaymaq üçün acınacaqlı cəhdlə” həyata keçirildiyini bildirib.

1998-ci il Müqəddəs Cümə sazişləri Britaniya hakimiyyətinə qarşı çıxan respublikaçı qruplar və regionun Birləşmiş Krallıqla əlaqələrini qorumaq istəyənlər arasında onilliklər ərzində davam edən zorakılığa əsasən son qoyub. Sülh prosesinə qarşı çıxan dissident qruplar hələ də zaman-zaman hücumlar həyata keçirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-İrlandiya   Partlayış  


Bizi "telegram"da izləyin