Atışmada şübhəli bilinən şəxs Tramp administrasiyasının üzvlərini öldürmək istədiyini etiraf edib

2026/04/1777189074.jpg
Oxunub: 412     11:32     26 Aprel 2026    
Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş vermiş atışmada şübhəli bilinən, Kaliforniyada yaşayan 31 yaşlı Koul Allen ABŞ prezidenti Donald Tramp administrasiyasının üzvlərini öldürmək istədiyini etiraf edib.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, insident zamanı ən azı beşdən səkkizədək atəş açılıb. Gecə keçirilən mətbuat konfransında Kolumbiya dairəsi polis rəisinin müvəqqəti vəzifə icraçısı Ceff Kerrol bildirib ki, şübhəli “Washington Hilton” hotelinin girişində yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum etməyə cəhd edərkən ov tüfəngi, tapança-pulemyot və bir neçə bıçaqla silahlanmış olub.

Hüquq-mühafizə orqanları həmçinin bildiriblər ki, şübhəli xəsarət almayıb və onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün hospitalizasiya olunub.

Hadisə nəticəsində Gizli Xidmətin bir əməkdaşı yaralanıb, lakin onu zirehli gödəkçə qoruyub və yaxın zamanda sağalacağı gözlənilir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və ABŞ-nin digər yüksəkvəzifəli rəsmiləri atışma səbəbindən müxbirlərin şam yeməyindən təcili təxliyə edilmişdilər.

Şübhəli saxlanılıb və xəstəxanadadır. Ona ittiham irəli sürülüb və bazar ertəsi məhkəmə qarşısına çıxacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atışma   ABŞ  


Bizi "telegram"da izləyin