Yunanıstanın yeni freqatı üçün geri sayım başladı

2026/04/Ekran-1777023799.jpg
Oxunub: 352     13:42     24 Aprel 2026    
Yunanıstan Hərbi Dəniz Qüvvələrinin ikinci FDI (Belharra) sinfinə məxsus freqatı olan “Nearchos” dəniz sınaqlarının ikinci mərhələsini tamamlayıb və quru doka qəbul edilib.

Ordu.az xəbər verir ki, Yunanıstan Hərbi Dəniz Qüvvələrinin ikinci FDI (Belharra) sinfinə məxsus freqatı olan “Nearchos” xidmətə qəbuldan əvvəlki ən kritik mərhələyə çatıb.

“OnAlert” tərəfindən yayılan məlumata görə, dəniz sınaqlarının ikinci mərhələsini uğurla tamamlayan gəmi son tənzimləmələr və müdaxilələr üçün quru doka daxil olub. Yunanıstanın Fransadan təchiz etdiyi “Belharra” proqramı sabit sürətlə irəliləyərkən, ikinci gəminin təhvilinin ilkin planlaşdırılandan daha tez həyata keçirilməsi hədəflənir.

“Naval Group” tərəfindən verilən açıqlamaya görə, “Nearchos”un üç həftə davam edən ikinci mərhələ dəniz sınaqları yalnız üzmə performansı ilə məhdudlaşmayıb. Sınaqlar sensorlara, silah sistemlərinə, döyüş idarəetmə sisteminə və xüsusilə böyük dərinliklərdə sonar performansına yönəlmiş olub. “OnAlert”in məlumatına görə, bu vəziyyət gəminin yalnız texniki platforma olmaqdan çıxaraq operativ döyüş vahidi kimi sertifikatlaşdırılma mərhələsinə keçdiyini sübut edir.

“Nearchos” freqatı

Rəsmi təqvim “Nearchos”un 2026-cı ilin son dörd ayında təhvil verilməsini nəzərdə tutsa da, Yunan mənbələri sınaqlardakı irəliləyişin bu tarixi önə çəkə biləcəyini düşünür. Hər hansı texniki nasazlıq yaşanmadığı halda freqatın payızdan əvvəl və ya ən gec payızın əvvəlində Yunanıstan Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi gözlənilir.

Yunanıstanın Fransadan freqat təchizi

Yunanıstanın Fransa ilə “Naval Group” vasitəsilə həyata keçirdiyi FDI sinfinə məxsus freqat təchiz prosesi iki ölkə arasında müdafiə əməkdaşlığının konkret nəticələrindən biri kimi ön plana çıxır. Prosesin əsasını 2021-ci il oktyabrın imzalanan Yunanıstan-Fransa müdafiə sazişi təşkil edib. Bu sazişdən sonra, yenə 2021-ci il ərzində Afinada Yunan rəsmiləri ilə “Naval Group” arasında üç ədəd FDI HN (Defence and Intervention Frigate) tədarükünü əhatə edən və bir ədəd seçim hüququnu nəzərdə tutan müqavilə imzalanıb. Həmin müqavilə paketi çərçivəsində gəmilərin xidmət daxili dəstək fəaliyyəti ilə birlikdə MU90 torpedosu və CANTO əks-tədbir sistemi təchizi də yer alıb.

Müqavilələr Yunanıstan Müdafiə İnvestisiyaları və Silahlanma Baş İdarəsini təmsil edən ehtiyatda olan kontr-admiral Aristeidis Aleksopulos ilə “Naval Group”un baş icraçı direktoru Pyer Erik Pommele tərəfindən, Yunanıstanın müdafiə naziri Nikolaos Panayotopulos və Fransanın Silahlı Qüvvələr naziri Florans Parli iştirakında imzalanıb.

Təxminən 4.500 ton subasımı qabiliyyətinə malik olan gəmilər 122 metr uzunluğa malikdir və maksimum 27 knot sürətə çata bilir. Əsas silah sistemləri sırasında “Aster” hava hücumundan müdafiə raketi, “Exocet” MM40 B3C, RAM hava hücumundan müdafiə sistemi, MU90 torpedoları və 76 mm top yer alır. FDI HN proqramı çərçivəsində istehsal ediləcək üç freqatın adları belədir:

HS “Kimon” (F-601) (Təhvil verilib)
HS “Nearchos” (F-602) (İstehsal fəaliyyətləri davam edir)
HS “Formion” (F-603) (İstehsal fəaliyyətləri davam edir)
HS “Themistocles” (F-600) (Sonradan sifariş edilən freqat)

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Freqat  


Bizi "telegram"da izləyin