Minskin müəmmalı “O” şifrəsi: Belarus-Ukrayna sərhədində “Yalançı Bayraq” əməliyyatını kim planlaşdırır?

2026/06/1782155064.jpg
Oxunub: 311     23:05     22 İyun 2026    
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Belarus prezidenti Aleksandr Lukaşenkoya Ukrayna ilə sərhəddən “dinc əhaliyə qarşı Pilotsuz Uçuş Aparatı (PUA) hücumlarını istiqamətləndirən avadanlıqları çıxarmaq” barədə xəbərdarlığını şərh edərək bunu “müstəqil dövlətin daxili işlərinə müdaxilə və onun suverenliyinə qarşı qəsd” kimi qiymətləndirib.

Peskov eyni zamanda bildirib ki, Rusiya və Belarus prezidentləri “görünən gələcəkdə” görüşəcəklər və Belarusun “öz suverenliyini qoruyacağına” əminliyini ifadə edib.

Bu kontekstdə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç diqqətçəkən açıqlama verib. BELTA dövlət agentliyinin yaydığı məlumata görə, Volfoviç Bryansk vilayətində Belarus avtobusuna qarşı PUA hücumu ilə bağlı “müəyyən məqamların dövlət başçısına məruzə ediləcəyini, qərar qəbul olunacağını, lakin Belarusun münaqişəyə cəlb edilməsinin mümkün olmayacağını” bildirib.

Belarus Təhlükəsizlik Şurasının katibinin aşağıdakı bəyanatı isə daha müəmmalı görünür: “Avtobusun kimə məxsus olmasının əhəmiyyəti yoxdur, Belarusundur, Rusiyanındır, yoxsa başqa bir dövlətindir. Bu, dinc sakinləri daşıyan avtobusdur. Lakin həmin zərbəni endirən şəxs Belarusla Ukraynanın toqquşması və hansısa pis vəziyyətin təxribat yolu ilə yaradılması üçün bəhanə formalaşdırmağa çalışıb”.

Bundan əvvəl Ukrayna prezidenti Zelenski bildirmişdi ki, “avtobusun Ukrayna PUA-sının hücumuna məruz qaldığını təsdiqləyən sübutlar yoxdur”. Ukrayna Silahlı Qüvvələrinin PUA Qüvvələri Komandanlığı isə rəsmi şəkildə bəyan etmişdi ki, “həmin gün göstərilən ərazidə ümumiyyətlə Ukrayna PUA-larından istifadə edilməyib”.

İyunun 12-də Belarus prezidentinin rəsmi internet səhifəsində Aleksandr Lukaşenkonun “Al Arabia” nəşrinə verdiyi müsahibənin tam mətn versiyası dərc olunub. Həmin müsahibədə o, Belarusun Ukraynaya qarşı müharibədə iştirakını istisna edib.

Lukaşenko hətta bildirib ki, belə olacağı təqdirdə Rusiya 1500 kilometrlik yeni cəbhə xətti əldə edəcək və onu “saxlamaq çətin olacaq”. İki gün sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskə səfər edib. Danışıqların yekununda Lukaşenko bəyan edib ki, bütün məsələlər Rusiya prezidenti ilə “yaxın günlərdə keçiriləcək görüşdə” müzakirə olunacaq.

Belarus avtobusuna qarşı PUA hücumu vasitəsilə Belarus-Ukrayna qarşıdurmasına və “hansısa pis vəziyyətin təxribat yolu ilə yaradılmasına” nail olmağa çalışan “O” kimdir? Belarus Təhlükəsizlik Şurasının katibi açıq şəkildə bəyan edib ki, onun ölkəsi “bütün məsələlərin diplomatik yolla həllinin, sülhün və sağlam düşüncənin tərəfdarıdır”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Ukrayna   Minsk  


Bizi "telegram"da izləyin