Ordu.az xəbər verir ki, bu barədə “Defence Turk” məlumat yayıb.
Bildirilib ki, Almaniya silahlı qüvvələri üçün ölkənin ilk müstəqil hərbi strategiyasını, yeni qabiliyyət profilini, şəxsi heyətin artırılması planını və yenidən hazırlanmış ehtiyat qüvvə strategiyasını əhatə edən əsas strateji sənədlər paketini açıqlayıb. Bu paket “Bundeswehr”in planlaşdırılmasında son onilliklərin ən əhatəli yenilənməsi hesab olunur.
Almaniyanın müdafiə naziri Boris Pistorius sözügedən paketi ilk dəfə noyabr ayında keçirilən illik silahlı qüvvələr konfransında açıqlamış və planları tarixi dönüş nöqtəsi adlandırmışdı. Müdafiə rəsmiləri tamamlanmış sənədləri bu həftə deputatlara təqdim edib və aprelin 22-də Berlində keçirilən mətbuat konfransında sənədlərin məxfi olmayan xülasələrini ictimaiyyətlə bölüşüblər.
“Defense News”un məlumatına görə, Pistorius jurnalistlərə açıqlamasında deyib: “Hərbi strategiyaya nadir hallarda bu tarixi mərhələdə olduğu qədər ehtiyac duyulub”.
Nazirlik tərəfindən daimi yenidən baxılmağa açıq olan məxfi “yaşayan sənədlər” kimi təsvir edilən bu mətnlərin qarşıdakı 20 il ərzində “Bundeswehr”in strateji əsasını təşkil edəcəyi bildirilib. Pistorius Baş qərargah rəisi və digər rəsmilərlə birlikdə keçirdiyi birgə mətbuat konfransında artan qlobal təhdidlərə diqqət çəkərək Almaniya Silahlı Qüvvələrinin yeni strategiyasının əsasının çəkindirmə olacağını vurğulayıb.
“Avropa üçün məsuliyyət” başlığını daşıyan hərbi strategiyada Rusiya əsas təhdid kimi müəyyənləşdirilir və NATO ərazisinə mümkün hücum ssenariləri təqdim olunur. Strategiya eyni zamanda NATO ərazisini, Yaxın Şərqi və Hind-Sakit okean bölgəsini bir-birindən ayrı əməliyyat məkanları kimi deyil, qarşılıqlı bağlı təhlükəsizlik məkanları kimi dəyərləndirən “vahid əməliyyat məkanı yanaşması”na doğru doktrinal dəyişiklik kimi xarakterizə olunur.
Strategiya ilə birlikdə təqdim edilən qabiliyyət profilində tank, təyyarə və gəmi sayı kimi sərt texnika kvotalarından uzaqlaşaraq çevik və təsir yönümlü planlaşdırma modelinə keçid nəzərdə tutulur. Nazir bildirib ki, əsas sual Almaniya ordusunun neçə batalyona ehtiyac duyması deyil, sahədə hansı təsirləri yarada bilməsidir.
Pistorius dərin dəqiq zərbə, hipersəs raketlərinə qarşı hava hücumundan müdafiə və pilotsuz uçuş aparatı qabiliyyətlərini prioritet sahələr kimi sadalayıb, Almaniyanın uzaq mənzilli zərbə sahəsində faktiki olaraq sıfırdan başladığını vurğulayıb.
Şəxsi heyətin artırılması planına görə, hazırda 185 min 420 olan peşəkar hərbçi sayı 2030-cu illərin ortalarınadək 260 minə çatdırılacaq. Bununla yanaşı, hazırda xidmət edən təxminən 60 min ehtiyat qüvvə ən azı 200 minə yüksəldilərək ümumilikdə 460 min döyüşə hazır hərbçidən ibarət qüvvə formalaşdırılacaq.
Bu planın üç mərhələdə həyata keçiriləcəyi qeyd olunub: 2029-cu ilə qədər sürətli böyümə, 2035-ci ilə qədər qabiliyyət yönümlü genişlənmə və 2039 və sonrasını əhatə edən uzunmüddətli texnologiya yönümlü mərhələ. 2026-cı ilin yanvarından qüvvədə olan yeni qanunvericilik bu mərhələlərə hüquqi təminat yaradır, yeni hərbi xidmət qanununda isə məcburi hərbi xidmət işə qəbul hədəflərinə çatılmadığı təqdirdə tətbiq oluna biləcək variant kimi göstərilir.
Baş qərargah rəisinin ikinci müavini doktor Nikol Şillinq hazırda işə qəbul tempinin ötən illə müqayisədə 10 faiz daha yüksək olduğunu və müraciətlərin 20 faiz artdığını bildirib. Bu çərçivədə Almaniya ordusunun elan etdiyi məqsədin “2039-cu ilə qədər Avropanın ən güclü konvensional döyüş qüvvəsi” olmaq olduğu vurğulanıb.
Uzun müddət yalnız fövqəladə hallarda işə salınacaq ikinci dərəcəli qüvvə kimi görülən ehtiyat qüvvələrin artıq açıq şəkildə “peşəkar qüvvələrlə eyni səviyyədə” yerləşdirildiyi qeyd olunub. Hazırlanmış xüsusi strategiya ehtiyat qüvvələrin daxili müdafiəni öz üzərinə götürməsini və mümkün böhran zamanı şərqə yönələn müttəfiq qüvvələr üçün Almaniyanın logistika mərkəzi kimi fəaliyyət göstərməsini nəzərdə tutur.
Pistorius ehtiyat qüvvələri “ordu ilə mülki cəmiyyət arasında əsas körpü” adlandırıb.
Sevinc Əliyeva
Ordu.az