Fransa “müharibə diviziyası” planı hazırlayır

2026/04/vayta-1776974612.jpg
Oxunub: 669     00:27     24 Aprel 2026    
Fransa Quru Qoşunları əsasən ehtiyat şəxsi heyətdən ibarət olacaq üçüncü diviziya yaratmaq üçün işlər apardığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fransa Quru Qoşunlarının komandanı ordu generalı Pyer Şill Parisdə keçirilən konfransda bildirib ki, Fransa Quru Qoşunları əsasən ehtiyat şəxsi heyətdən ibarət olacaq üçüncü diviziyanın yaradılması istiqamətində çalışır.

“Forces Operations Blog”un məlumatına görə, yeni iri birlik böyük böhran və ya müharibə vəziyyətində Fransa ərazisinin əməliyyat müdafiəsi üçün yerləşdiriləcək.

Hazırda Fransa Quru Qoşunlarının Bezansonda yerləşən 1-ci və Marseldə yerləşən 3-cü diviziyası olmaqla iki diviziyası var. Qurulması planlaşdırılan birlik bu strukturun üçüncü halqası olacaq.

Əsas qüvvələrin Şərqi Avropaya yönləndirilməsi halında isə yeni diviziyanın Fransa daxilində strateji əhəmiyyət daşıyan obyektlərin mühafizəsinə cavabdeh olması planlaşdırılır.

Ehtiyat qüvvədə böyük artım hədəfi

2025-ci ilin sentyabr ayı etibarilə Fransa Quru Qoşunlarının tərkibində 29.527 fəal ehtiyat hərbçi var. Bu sayın 2030-cu ilə qədər 80.000-ə çatdırılması hədəflənir.

2035-ci ilə gəldikdə isə ümumi ehtiyat şəxsi heyətin sayının 105.000-ə çatması və bunun yarıdan çoxunun Quru Qoşunlarının tərkibində xidmət etməsi planlaşdırılır.

2025-ci ilin oktyabrında 800 ehtiyat hərbçi sabitliyin pozulması ssenarilərinə qarşı təlim aldıqları Vulcain təliminə qatılıb.

Fransa Quru Qoşunları 2026-cı ildən etibarən ayrıca ehtiyat briqadası yaratmağı da planlaşdırır. Bu struktur gələcəkdə diviziya səviyyəsinə keçid üçün aralıq mərhələ kimi qiymətləndirilir.

Yenilənmiş hərbi proqramlaşdırma qanunu çərçivəsində ehtiyat qüvvələrin təchiz edilməsi və yeni könüllü birliklərin yaradılması üçün əlavə büdcə ayrılması nəzərdə tutulur.

Fransa Avropada artan təhdidlər və onilliyin sonuna doğru mümkün iri miqyaslı münaqişəyə hazırlıq ehtiyacı fonunda ehtiyat qüvvələrini gücləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Diviziya  


Bizi "telegram"da izləyin