Birləşmiş Krallığın hərbi potensialı sual altına düşür

2026/04/Ekran-1776442339.jpg
Oxunub: 525     20:04     17 Aprel 2026    
İran ilə yaşanan gərginlik, Birləşmiş Krallıq silahlı qüvvələrinin potensial çatışmazlığını bir daha gündəmə gətirib.

Ordu.az xəbər verir ki, Baş nazir Kir Starmer hərbi komandanlığın illərdir davam edən xəbərdarlıqlarından sonra müdafiə investisiyalarını artıracağına dair söz verməsi üçün ciddi təzyiq altındadır.

Mart ayının əvvəlində Kiprdəki bir Britaniya hərbi bazasına pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum Londonun reaksiya sürətindəki zəifliyi göstərib. İkinci Dünya müharibəsinin əvvəlində dünyanın ən böyük donanmasına malik olan Birləşmiş Krallıq Şərqi Aralıq dənizinə cəmi bir döyüş gəmisi göndərmək üçün üç həftə gözləmək məcburiyyətində qalıb. Buna qarşılıq Fransa, Yunanıstan və İtaliya hücumdan cəmi bir neçə gün sonra bölgəyə döyüş gəmilərini çatdırıb.

Bu potensial itkisi ABŞ prezidenti Donald Trampın da diqqətindən yayınmayıb. Tramp Britaniyanın aviadaşıyıcılarını “oyuncaq” kimi xarakterizə edərkən, ABŞ müharibə naziri Pit Heqset Krallıq Donanması ilə istehza edərək deyib: “Böyük, pis donanma!”.

Qüvvə strukturunda dramatik azalma (1991 vs. 2026)

“Defense News” tərəfindən yayımlanan xəbərə görə, Birləşmiş Krallıq Ordusu Soyuq Müharibə dövründəki ölçüsünün yarısına enib. Quru qoşunları isə XIX əsrdən bu yana ən aşağı səviyyədədir.

Kiprdəki gecikmədən sonra “Type 45” hava hücumundan müdafiə esminesi HMS “Dragon” yalnız 2026-cı il martın 23-də bölgəyə çata bilib. 1991-ci il Körfəz müharibəsində bölgəyə 21 suüstü gəmi və 2 sualtı qayıq göndərən Britaniya bu gün öz sularındakı Rusiya sualtı qayıq təhdidləri ilə Yaxın Şərqdəki vəzifələr arasında bölünmüş vəziyyətdədir. Mövcud freqatların əksəriyyəti istismar müddətinin sonuna yaxınlaşarkən, onları əvəz edəcək “Type 26” və “Type 31” modellərinin təhvil prosesi davam edir. Müdafiə büdcəsinin beşdə biri isə “Trident” nüvə çəkindirmə proqramına (Vanguard sinfinə məxsus sualtı qayıqlar) ayrılıb.

RAF (Krallıq Hərbi Hava Qüvvələri) mövcud 150 döyüş təyyarəsinin üçdə ikisini “Eurofighter Typhoon”, qalanını isə F-35-lər təşkil edir. İran gərginliyindən əvvəl Kiprə 6 ədəd F-35, Qətərə isə ümumilikdə 8 ədəd “Typhoon” göndərilib. Quru qoşunlarındakı ən diqqətçəkən göstərici isə tank parkıdır, Soyuq müharibənin sonunda 1.200 olan tank sayı bu gün cəmi 150 əməliyyat vəziyyətində olan tanka düşüb.

Baş nazir Starmer hökumətinin Soyuq müharibədən bu yana ən böyük müdafiə xərcləri artımını başlatdığını iddia etsə də, hərbi analitiklər Birləşmiş Krallığın qlobal güc proyeksiyası həyata keçirə bilməsi üçün daha radikal addımlar atmalı olduğunu vurğulayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Birləşmiş-Krallıq   Ordu  


Bizi "telegram"da izləyin