1914-1915-ci illərdə Qərb Cəbhəsində onun hazırlığının kifayət etmədiyi üzə çıxdı və həmin qüvvələr geri çəkilməli oldu. İkinci Dünya müharibəsində də onun fəaliyyəti birmənalı deyildi. Lakin yüz il ərzində Britaniya Hindistan Ordusu qəbilə basqınçılarını və yeni başlayan üsyanları yatırmaq üçün kifayət qədər səmərəli fəaliyyət göstərdi. Yerli əks-üsyan qüvvələrindən də məhz bunu gözləyirik. Bu ordunu uğurlu edən əsas amil ondan ibarət idi ki, Hindistan üsyanı cəmiyyətə zorla sosial dəyişikliklərin qəbul etdirilməsinin təhlükələrini göstərdikdən sonra britaniyalılar mədəniyyətə qarşı çıxmaq əvəzinə onunla işləməyə qərar verdilər. Əsas vəzifə Britaniya nəzarətini və Qərbin hərbi texnologiyalarını, logistikasını və silahlarını yerli mədəni xüsusiyyətlərlə uzlaşdırmaq idi. Bu məqalədə Britaniya Hindistan Ordusunun yanaşması təhlil edilir və müasir ordunun həmin yanaşmadan necə istifadə edə biləcəyi göstərilir.
Bu modeldən istifadə etmək istəyən müasir ordunun qarşılaşacağı ilk böyük problem icazələrin alınması olacaq. Suverenliyini qorumağa çalışan hökumətdən, xarici komandanlıq altında əsasən yerli döyüşçülərdən ibarət qüvvənin yaradılmasına necə razılıq almaq olar? Bunun üçün ordu hökumətə maliyyə təşviqləri təqdim edə, eyni zamanda qüvvələri paytaxtdan uzaqda yerləşdirərək onların çevriliş təhlükəsi yaratmadığını göstərə bilər. Bundan əlavə, ev sahibi ölkədən qüvvələrin və maliyyə dəstəyinin çıxarılması ilə bağlı xəbərdarlıq da razılığa gəlmək üçün istifadə oluna biləcək vasitələrdən biridir.
Fərz edək ki, bu icazələr alınıb. Bu halda ilk addım şəxsi heyətin cəlb olunması olacaq. Bu məsələdə Britaniya Hindistan Ordusunun təcrübəsinə baxaq. Xarici müdaxilədən narazı qala biləcək yaxşı təhsil almış və sosial yüksəliş imkanına malik yerli şəxslər cəlb olunmurdu. Əvəzində üsyançıların mənsub olduqları qrupların ənənəvi düşmənləri olan qəbilə və tayfalar arasından şəxsi heyət seçilirdi. Yeni cəlb olunanlara başqa yerdə qazana biləcəklərindən daha yüksək maaş verilirdi və həmin maaşın bir hissəsi birbaşa onlara deyil, ailələrinə göndərilirdi. Ödənişlər həmçinin onların qəbilə rəhbərlərinə edilirdi və bununla həmin rəhbərlərin mövqeləri gücləndirilirdi. Lakin eyni zamanda açıq şəkildə bildirilirdi ki, qəbilə rəhbərinin bu vəsaitlərə çıxışı yalnız yeni yaradılmış qüvvəyə sədaqət göstərdiyi müddətdə davam edəcək. Sədaqət yoxdursa, pul da yoxdur, həmin qəbilədən yeni şəxsi heyət də qəbul edilməyəcək və ailələrə də vəsait göndərilməyəcək. Bu ödənişlər Qərb anlayışındakı rüşvət hesab edilməməlidir. Düzdür, qəbilə rəhbərləri həmin vəsaitin bir hissəsini özləri üçün istifadə edirdilər, lakin əsas hissəsini tərəfdarları arasında bölüşdürərək onların sədaqətini qoruyurdular.
Özümüzü aldatmamalıyıq. Pul ödədiyimiz qəbilə və tayfalar yalnız pul axını davam etdiyi və bizim qalib tərəf olduğumuz təəssüratı yarandığı müddətdə bizi dəstəkləyəcəklər. Hindistan üzrə təcrübəli bir mütəxəssisin dediyi kimi: “Əfqan sədaqətini almaq mümkün deyil. Amma onu müəyyən müddətə icarəyə götürmək olar”.
Britaniya Hindistan Ordusunda olduğu kimi, bizim bölmənin daxili təşkilatı da ailə, tayfa və qəbilə bağlılığı prinsipi əsasında qurulmalıdır. Qohum şəxslər eyni rotaya təyin edilməlidirlər. Qohumları ilə birlikdə xidmət etmələri onların nizam-intizamını qorumağa kömək edəcək və bir-birlərinə sadiq qalmaq ehtimalını artıracaq. Batalyon daxilində isə eyni qəbiləyə məxsus rota digər rəqib qəbilələrdən formalaşdırılmış rotalarla birlikdə yerləşdirilməlidir. Bu yanaşma üsyan və ya qiyamın baş verməsini daha çətin edəcək.
Britaniya Hindistan Ordusunda olduğu kimi, biz də sadə konstruksiyalı atıcı silahlar və rota səviyyəsində istifadə edilən digər silahlarla təminat həyata keçirməliyik. Rusiya istehsalı olan silahlar bunun üçün ideal seçimdir. Onlar sadə quruluşa malikdir, az texniki xidmət tələb edir və həddindən artıq diqqətli təmizlənməyə ehtiyac olmadan işləyə bilir. Daha mürəkkəb silah sistemləri isə bölməyə təhkim olunmuş dəstək verən dövlətin hərbi qulluqçularının istifadəsində saxlanıla bilər.
Dinin mühüm mədəni amil olduğu ölkələrdə hərbi qulluqçular yerli dini ənənələrə son dərəcə həssas yanaşmalıdırlar. Hərbi hissələrdə yalnız yerli mədəniyyətə uyğun qidaların istifadəsinə icazə verilməli, zəruri hallarda isə spirtli içkilər tamamilə qadağan edilməlidir.
Zabit heyətinin əsas hissəsi uzunmüddətli müqavilələr əsasında xidmət edən, hərbi məhkəmə yurisdiksiyasına tabe olan hazırkı və ya keçmiş Qərb hərbi qulluqçularından formalaşdırılmalıdır. Onlara karyera inkişafına töhfə verən təyinatlardan məhrum olduqları üçün vəzifə yüksəlişi, əlavə mükafatlar və təqaüd üstünlükləri təqdim edilməlidir. Bütün şəxsi heyət üçün intensiv dil hazırlığı məcburi olmalıdır. Zabitlər yerli dili, əsgərlər isə ingilis dilini öyrənməlidirlər. Bu, yalnız ünsiyyəti asanlaşdırmayacaq, həm də yerli şəxsi heyət üçün ingilis dili bilikləri gələcək həyatlarında faydalı bacarıq hesab olunacaq.
Perspektivli hərbi qulluqçuların karyera yüksəlişini təmin etmək məqsədilə Britaniya Hindistan Ordusundakı Vitse-Kral tərəfindən təyin edilən zabitlər sisteminə bənzər mexanizm yaradılmalıdır. Onlara yüksək maaş verilməli, statuslarını gücləndirəcək vasitələr tətbiq edilməlidir. Buraya xüsusi uniforma və zabitlər, eləcə də gizirlər üçün nəzərdə tutulmuş yeməkxanalardan istifadə hüququ daxil ola bilər.
Qərb ölkələrinin hərbi qulluqçuları bölmənin bütün maliyyə vəsaitləri, təchizat və avadanlıqları üzərində nəzarəti saxlamalıdırlar. Biz nəzərə almalıyıq ki, yerli hərbi qulluqçuların və yerli zabitlərin əsas sədaqəti ailələrinə, tayfalarına və qəbilələrinə yönələcək. Eyni zamanda başa düşməliyik ki, Qərb cəmiyyətlərinin korrupsiya hesab etdiyi bəzi davranışlar müəyyən cəmiyyətlərdə qəbul edilmiş fəaliyyət qaydasıdır. Belə hallarla rastlaşdıqda onları dayandırmalı, günahkarları cərimələməli, qəbilələrə edilən ödənişləri azaltmalıyıq. Lakin bunu mənəvi üstünlük nümayiş etdirmək məqsədilə etməməliyik.
Siyasət çox güman ki, yaxşı təhsil almış yerli şəxslərin qərargah heyətinə cəlb edilməsinə imkan verməyəcək. Buna görə də qərargah əməkdaşları əsasən Qərb ölkələrindən olmalıdır. İstisna yalnız yerli kəşfiyyat zabitləri təşkil edə bilər, çünki onların uğur qazanmaq üçün həlledici rol oynayacağı ehtimal olunur. Kəşfiyyat zabitlərinə uzunmüddətli və yüksək maaşlı müqavilələr təklif edilə bilər. Hökumət orqanlarına ezam olunan Britaniya Hindistan Ordusunun zabitləri kimi onların əsas vəzifəsi fəaliyyət göstərdikləri bölgələri dərindən öyrənmək olmalıdır. Belə bilikləri isə qısamüddətli ezamiyyətlər zamanı əldə etmək mümkün deyil.
Qüvvələr formal olaraq yerli silahlı qüvvələrin tərkib hissəsi hesab edilərsə və döyüş itkiləri əsasən yerli hərbi qulluqçularla məhdudlaşarsa, Qərb ölkələrindən olan könüllülərin sayı isə az olarsa, milli media və ictimaiyyətin marağı da xeyli azalacaq. Müharibəyə daxildə maraq zəiflədikcə ana ölkənin mediası bu mövzuya daha az diqqət ayıracaq və ictimai təzyiq olmadıqda siyasətçilərin ictimai rəyə əsaslanaraq hərbi əməliyyatlara müdaxilə etməsi ehtimalı da azalacaq.
Sevinc Əliyeva
Ordu.az