Navrotskinin Ankara səfəri: Müdafiə sənayesi əməkdaşlığından Qara dənizdə NATO strategiyasına qədər

2026/06/1782415408.jpg
Oxunub: 289     23:22     25 İyun 2026    
Polşa Prezidenti Karol Navrotskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2026-cı il iyunun 23-24-də Türkiyəyə etdiyi rəsmi səfər protokol xarakteri daşımaqla kifayətlənməyərək konkret strateji məzmuna malikdir. Səfərin 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək NATO Sammitindən cəmi iki həftə əvvəl baş tutması özlüyündə əhəmiyyətlidir. Lakin səfərin əsas çəkisi müdafiə sənayesi sahəsində konkret əməkdaşlıq addımlarını NATO-nun şərq və cənub cinahları arasında tarazlıq məsələsi ilə eyni müstəviyə çıxarmasından qaynaqlanır.

Navrotskinin tarixi istinadı

Navrotski Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib: “Polşa və Türkiyə NATO çərçivəsində çox mühüm rol oynayır. Hər iki ölkə NATO-nun cinahlarını müdafiə etməyə borcludur”. Bununla o, Alyansın iki fərqli cinahını vahid məsuliyyət çərçivəsində birləşdirdi. Lakin münasibətləri təqdim etmə üsulu daha çox diqqət çəkdi. Polşa Prezidenti 1795-ci ildə Polşanın bölünməsindən sonra ölkəsinin xəritədən silinməsini Osmanlı dövlətinin heç vaxt tanımadığına açıq şəkildə istinad etdi. O xatırlatdı ki, Osmanlı dövləti “Polşanın yox edilməsini qəbul etməyən yeganə dövlət olub”. İlk baxışdan diplomatik nəzakət nümunəsi kimi görünən bu xatırlatma əslində münasibətlərin çərçivələndirilməsi baxımından mühüm seçimdir. Varşava Türkiyəni situativ silah təchizatçısı kimi deyil, tarixən Polşanın müstəqilliyinə hörmətlə yanaşmış dövlət kimi təqdim edir. Bu da Polşa ictimaiyyətində Alyans çərçivəsində əməkdaşlığın tarixi və mənəvi əsaslarla da legitimləşdirildiyini göstərir.

Protokoldan strategiyaya: Müdafiə sənayesində ikitərəfli münasibət

Navrotski Prezident Kompleksində keçirilən rəsmi mərasimdən əvvəl birbaşa ASELSAN-ın Gölbaşı Texnologiya Mərkəzinə yollanıb. Bu seçim səfərin sadəcə nəzakət xarakterli olmadığını açıq şəkildə göstərdi. Polşa Prezidenti radioelektron mübarizə, radar, hava hücumundan müdafiə sistemləri və elektro-optik sistemlərlə yerində tanış olub. ASELSAN-ın ev sahibliyi ilə keçirilən bu tanışlıq 2025-ci ilin dekabrında imzalanmış təxminən 410 milyon dollarlıq radioelektron mübarizə sistemlərinin ixracı müqaviləsinin və 2021-ci ildən davam edən “Bayraktar” TB2 əməkdaşlığının davamı kimi qiymətləndirilə bilər. Navrotskinin “daha güclü ittifaq qurmağa hazırıq” bəyanatı münasibətlərin sadəcə alış-veriş mərhələsini geridə qoyaraq birgə istehsal və texnologiya transferi mərhələsinə keçdiyini göstərir.

Polşa Avropada müdafiəyə ən çox vəsait ayıran ölkələrdən biridir. Rusiya-Ukrayna müharibəsindən sonra başladığı genişmiqyaslı modernizasiya proqramı çərçivəsində çoxsaylı yeni sistemlər axtarır. Türkiyə isə son on ildə pilotsuz uçuş aparatı texnologiyaları sahəsində qlobal oyunçuya çevrilib və nisbətən aşağı xərc tələb edən, döyüş şəraitində sınaqdan çıxmış sistemlər təklif edir. Bu baxımdan Polşanın “Bayraktar” TB2 parkını genişləndirməsi və gələcəkdə TB3 kimi yeni nəsil platformalara keçməsi ehtimalı yalnız alışla məhdudlaşmır, eyni zamanda birgə istehsal və texnologiya transferini də gündəmə gətirir. Türkiyənin radar, elektro-optik və rabitə sahəsində malik olduğu imkanlar Polşanın öz müdafiə sənayesini gücləndirmək məqsədi ilə üst-üstə düşür. Bu əməkdaşlıq hər iki tərəfə NATO standartlarına uyğun qarşılıqlı fəaliyyət üstünlüyü qazandırır.

Polşa üçün Türkiyə Qərbi Avropadan asılı olmayan, daha çevik şərtlərlə və qısa müddətdə təchizat həyata keçirə bilən alternativ tərəfdaşdır. Türkiyə üçün isə Polşa həm Avropa İttifaqının üzvü, həm də NATO-nun şərq cinahında əsas ölkələrdən biri kimi müdafiə ixracının nüfuzunu və həcmini artıracaq strateji tərəfdaşdır. Hər iki ölkənin yüksək müdafiə büdcəsinə malik olması və yerli istehsala üstünlük verməsi bu sahədə uzunmüddətli birgə layihələr üçün geniş imkanlar yaradır.

Üst-üstə düşən, lakin tam eyni olmayan təhlükə təsəvvürləri

Səfərin strateji əhəmiyyətini Qara dənizin təhlükəsizliyi və NATO-nun cinahlararası tarazlığı kontekstində də qiymətləndirmək mümkündür. Polşanın təhlükəsizlik yanaşması əsasən NATO-nun şərq cinahında formalaşır. Rusiya təhlükəsi və Ukraynaya verilən dəstək Varşava üçün öz təhlükəsizliyinin ayrılmaz hissəsidir. Türkiyə isə Montrö Boğazlar Konvensiyasından enerji dəhlizlərinə qədər uzanan çoxşaxəli təhlükəsizlik gündəminə malik olaraq Qara dənizdə tarazlığı qorumağa çalışan dövlətdir.

İki ölkənin Qara dənizə baxışı müəyyən mənada üst-üstə düşür, lakin tam eyni deyil. Polşa üçün Rusiya barışmaz və mövcudluğa təhdid yaradan əsas təhlükədir. Türkiyə üçün isə əsas məqsəd Qara dənizdə Rusiya ilə gərginliyi artırmadan balans yaratmaq, eyni zamanda NATO-nun cənub cinahındakı prioritetləri olan Suriya, enerji təhlükəsizliyi və Aralıq dənizi məsələlərini qorumaqdır.

NATO daxilində “cənub cinahı” ilə “şərq cinahı” arasında resursların və diqqətin bölüşdürülməsi məsələsi uzun illərdir müzakirə olunur. Türkiyə tez-tez terrorizm, qanunsuz miqrasiya və enerji təhlükəsizliyi kimi cənub təhdidlərinə kifayət qədər əhəmiyyət verilmədiyini bildirir. Polşa isə Rusiyadan gələn təhlükə səbəbindən şərq cinahının prioritet olmasını müdafiə edir. NATO Sammiti ərəfəsində bu iki ölkənin Ankarada bir araya gəlməsi cinahlar arasında yaranan fikir ayrılıqlarını yumşaltmaq və ortaq mövqe formalaşdırmaq baxımından mühüm addımdır. Xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq hər iki tərəfin Avropanın müdafiə sənayesi potensialının artırılması məqsədi ilə uyğunluq təşkil edir. Ankara Sammitində müdafiə xərcləri, istehsal imkanları və Ukraynaya göstəriləcək dəstək əsas gündəm mövzuları olacaq. Türkiyə ilə Polşa arasında aparılan dialoq bu gündəliyə konkret töhfə verə bilər.

Bütün bu amillər birlikdə qiymətləndirildikdə, səfəri izah edən əsas çərçivələrdən biri NATO Sammiti öncəsi strateji uyğunlaşma cəhdidir. Prezident Ərdoğanın Sammit üçün müəyyən etdiyi “Alyansın Avropa sütununun gücləndirilməsi və çəkindirmə imkanlarının möhkəmləndirilməsi” gündəliyi ilə Navrotskinin müdafiə sənayesi əməkdaşlığı və cənub cinahının davamlılığı ilə bağlı vurğuları üst-üstə düşür. Digər tərəfdən, Prezident Ərdoğan Rusiya-Ukrayna və İran məsələlərini “iki müxtəlif sahə” kimi yanaşı qeyd edərək ortaq məxrəci “sülhə ehtiyac” kimi təqdim etdiyi halda, Navrotski eyni mətbuat konfransında sülh və ya diplomatiya terminlərindən istifadə etmədən birbaşa çəkindirmə və “NATO cinahlarının müdafiəsi zərurəti” mövqeyini ön plana çıxardı. Bu isə Varşavanın maksimalist xətti ilə Ankaranın daha balanslı yanaşması arasındakı ton fərqini göstərir. Bundan əlavə, Polşa mediasının səfər boyu “şərq cinahını gücləndirmək üçün Türkiyənin Qara dəniz potensialından istifadə edilməsinin vacibliyi”ni vurğulaması prosesin ən azı Varşava baxımından strateji məqsəd daşıdığını göstərir.

Şərqi Avropa ilə Türkiyə arasında strateji əlaqələr möhkəmlənir

Karol Navrotskinin xarici siyasət yanaşması bu səfərə əlavə əhəmiyyət qazandırır. 2025-ci ilin avqustunda vəzifəsinin icrasına başlayan Prezident ilk xarici səfərini ABŞ-yə edib. Türkiyəyə səfəri isə onun erkən dövrdə reallaşdırdığı ikinci mühüm xarici səfərdir. Bu da Polşanın transatlantik əlaqələri gücləndirməklə yanaşı, NATO-nun əsas oyunçuları ilə praqmatik münasibətlər qurmaq strategiyasının tərkib hissəsidir. Baş nazir Donald Tuskun hökuməti ilə eyni vaxtda fəaliyyət göstərən Prezident Navrotskinin xarici siyasətdə səlahiyyətləri məhdud olsa da, onun simvolik və əlaqələndirici rolu böyük əhəmiyyət daşıyır. Türkiyə ilə müdafiə sahəsində qurduğu əlaqələr Polşanın “güclü NATO, güclü şərq cinahı” siyasətini davam etdirdiyini və Türkiyəni bu təhlükəsizlik arxitekturasında dəyərli tərəfdaş hesab etdiyini göstərir.

Nəticə etibarilə, Karol Navrotskinin Ankara səfəri Türkiyə ilə Polşa arasındakı münasibətləri müdafiə sənayesi əməkdaşlığından Qara dənizin təhlükəsizliyinə qədər uzanan çoxşaxəli strateji müstəviyə çıxarır. Prezident Ərdoğanın “Polşa ilə 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə nail olduq. Yeni hədəfimizi 15 milyard dollar müəyyən etmişik və bu istiqamətdə işimizi davam etdiririk” sözləri, eləcə də Polşanın fəal iştirakçısı olduğu Üç Dəniz Təşəbbüsünün Türkiyə şirkətləri üçün yaratdığı imkanlara diqqət çəkməsi münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini göstərir.

Səfərin NATO Sammitindən əvvəl baş tutması bu təmasların yalnız ikitərəfli deyil, həm də Alyans səviyyəsində əhəmiyyət daşıdığını göstərir. Polşanın genişmiqyaslı silahlanma ehtiyacı ilə Türkiyənin inkişaf etmiş müdafiə texnologiyaları arasında uyğunluq konkret imkanlar yaradır. Qara dənizdə isə iki ölkənin fərqli, lakin üst-üstə düşən təhlükəsizlik yanaşmaları NATO daxilində cinahlararası tarazlıq müzakirələrində konstruktiv rol oynaya bilər. Bütün bunlar göstərir ki, bu səfər Şərqi Avropa ilə Türkiyə arasında strateji əlaqələrin daha da möhkəmləndiyinin konkret göstəricisidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Navrotski   Polşa   Türkiyə  


Bizi "telegram"da izləyin