Norveç 2025-ci ildə Ukraynaya təhvil verdiyi zirehli texnikaların siyahısını açıqlayıb

2026/06/cxvxc-1782453708.jpg
Oxunub: 188     09:59     26 İyun 2026    
Norveç hökuməti 2025-ci ildə Ukraynaya müxtəlif təyinatlı 92 ədəd zirehli texnika təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Adi Silahların Ticarəti Müqaviləsinə uyğun olaraq hazırlanan silah ixracı və idxalı hesabatında bildirilib.

Məlumata görə, hərbi yardım paketinə F-16 “Eagle” qırıcıları və sayı açıqlanmayan 81 mm-lik minaatanlar da daxil edilib.

Ukraynaya təhvil verilən texnikaların siyahısına 20 ədəd M113 zirehli transportyoru, 33 ədəd “Iveco LMV” zirehli avtomobili, 3 ədəd NM189 Ingeniørpanservogn mühəndis zirehli maşını, 18 ədəd XA-185 SISU zirehli transportyoru, 12 ədəd NM204/M125A özüyeriyən minaatan sistemi və 6 ədəd XA-186 SISU zirehli transportyoru daxildir.

M113 ABŞ istehsalı olan tırtıllı zirehli transportyor olub, şəxsi heyətin daşınması, yaralıların təxliyəsi və döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub.

“Italia” istehsalı olan “Iveco LMV” mina və pusqulara qarşı mühafizəyə malik yüngül zirehli avtomobildir. O, patrul xidməti, hərbçilərin daşınması və kəşfiyyat tapşırıqları üçün istifadə olunur.

NM189 “Ingeniørpanservogn” Norveç istehsalı olan, tank şassisi üzərində yaradılmış mühəndis zirehli maşınıdır. O, maneələrin aradan qaldırılması və mühəndis bölmələrinin dəstəklənməsi üçün nəzərdə tutulub.

Bu platforma Almaniyanın “Leopard 1” tankının şassisi üzərində hazırlanıb və kran qurğusu, buldozer bıçağı, eləcə də müdafiə mövqelərinin hazırlanması, yolların təmizlənməsi və düşmənin mühəndis maneələrində keçidlərin açılması üçün troslu dartı sistemi ilə təchiz olunub.

XA-185 SISU Finlandiya istehsalı olan təkərli zirehli transportyor olub, şəxsi heyətin daşınması, patrul xidməti və mürəkkəb şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün istifadə edilir.

XA-186 SISU isə bu platformanın hərəkət imkanları və müxtəlif döyüş tapşırıqlarına uyğunlaşdırılması baxımından təkmilləşdirilmiş versiyasıdır.

NM204/M125A isə 81 mm və ya 120 mm çaplı minaatanla təchiz olunmuş özüyeriyən minaatan sistemidir və piyadaların atəş dəstəyi üçün istifadə edilir.

Sistem M113 zirehli transportyorunun bazasında hazırlanıb. Minaatan lüləsi döyüş bölməsində fırlanan platformaya, nişanalma mexanizmlərinə və tuşlama avadanlığına malik xüsusi qurğu üzərində yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin