Ukrayna PUA-ları Rusiyanın Vladimir Kosmik Rabitə Mərkəzinə zərbə endirib

2026/06/cxvxc-1782453849.jpg
Oxunub: 205     10:02     26 İyun 2026    
Ukrayna Pilotsuz Uçuş Aparatları (PUA) Rusiyanın Vladimir Kosmik Rabitə Mərkəzinə ciddi ziyan vurub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, zərbə iyunun 22-də Rusiyanın Vladimir vilayətinin Qus-Xrustalnı şəhəri yaxınlığında yerləşən obyektə endirilib. Hədəfə çatmaq üçün PUA-lar təxminən 650 km məsafə qət ediblər.

Həmin gün Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev Qus-Xrustalnı şəhərində Ukraynaya məxsus PUA-nın düşməsindən sonra üç yaşayış binasının sakinlərinin təxliyə edildiyini açıqlamışdı.

Baş Qərargahın məlumatına görə, zərbə nəticəsində kompleksin əsas 25 metrlik parabolik antenası, həmçinin Əsas Proqram-Texniki Kompleks binasının damındakı antenna ciddi zədələnib.

Əsas Proqram-Texniki Kompleks binasının mərkəzi hissəsinə də böyük ziyan dəyib. Burada peyk modemləri, multipleksor otaqları və digər kosmik mərkəzlərlə optik rabitə xətlərinin birləşdiyi əsas kommutasiya qovşağı yerləşir.

1 saylı Aparat-Texniki binası da ciddi zərər görüb. Həmin binada ötürmə və qəbul kompleksləri, antena stansiyasının kabel marşrutlarının mərkəzi kommutasiya sistemi, eləcə də ötürücülərin və əsas antenanın elektron avadanlığının soyutma sistemləri yerləşir.

Vladimir Kosmik Rabitə Mərkəzi Rusiyanın peyk rabitə sistemlərinin və kosmik aparatlarının idarə edilməsini və fəaliyyətinin təmin olunmasını həyata keçirir. Mərkəzin infrastrukturu peyklərdən məlumatların qəbul edilməsi, ötürülməsi və emalı, eləcə də digər yerüstü kosmik mərkəzlərlə rabitənin saxlanılması üçün istifadə olunur.

Bu obyekt Rusiyanın yerüstü kosmik infrastrukturunun əsas elementlərindən biri hesab edilir. Ona endirilən zərbənin məlumat ötürülməsi imkanlarına, rabitə sistemlərinin koordinasiyasına və bəzi kosmik xidmətlərin fəaliyyətinə təsir göstərə biləcəyi qeyd olunur.

Məlumata görə, iyunun 22-də Ukrayna PUA-ları Moskva vilayətində yerləşən Dubna Peyk Rabitə Mərkəzinə də zərbə endirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin