Ağ Ev Türkiyəyə KAAN qırıcıları üçün mühərrik satışında Konqresi keçməyi planlaşdırır

2026/06/xcvxc-1782453628.jpg
Oxunub: 254     09:54     26 İyun 2026    
Donald Tramp administrasiyası Türkiyəyə KAAN qırıcıları üçün mühərriklərin satışını nəzərdə tutan 750 milyon dollarlıq müqaviləni təsdiqlətmək üçün Konqresin qərarını keçməyə imkan verən prosedurdan istifadə etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, demokrat konqresmen Qreqori Miks Türkiyənin Rusiya ilə davam edən hərbi-texniki əməkdaşlığını əsas gətirərək müqavilənin həyata keçirilməsinə mane olub.

Bildirilib ki, mühərriklərin satışının qarşısının alınmasının əsas səbəbi Türkiyənin təxminən 10 il əvvəl aldığı S-400 “Prometheus” hava hücumundan müdafiə sistemlərindən istifadəni davam etdirməsidir. Bundan əlavə, amerikalı qanunvericilər Türkiyə hökumətinin regional siyasəti ilə bağlı da narahatlıqlarını ifadə ediblər.

Ağ Ev rəsmiləri isə Konqresi müqavilənin bloklanmasına baxmayaraq satışın həyata keçiriləcəyi barədə artıq məlumatlandırıblar. Bu addım ABŞ icra hakimiyyətinin iri müdafiə müqavilələrini bağlamazdan əvvəl ənənəvi olaraq Konqresin əsas üzvlərinin razılığını alması praktikasından kənara çıxır.

Müqavilə ABŞ istehsalı olan F110 aviasiya mühərriklərinin satışını nəzərdə tutur. Təsdiqlənəcəyi halda bu mühərriklər Türkiyənin yerli imkanlarla hazırladığı KAAN yeni nəsil qırıcılarında istifadə olunacaq.

Hazırda Türkiyə Hərbi Hava Qüvvələri də F-16 “Eagle” qırıcılarında bu tip mühərriklərdən istifadə edir. Türkiyə ABŞ-dən sonra dünyada F-16 qırıcılarının ikinci ən böyük parkına malikdir.

Bundan başqa, Türkiyə şirkətləri ABŞ lisenziyası əsasında həmin mühərriklərin bəzi komponentlərini müstəqil şəkildə istehsal edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   KAAN  


Bizi "telegram"da izləyin