Siyasi böhran və etirazlar fonunda Nikol Paşinyan Vladimir Putinlə görüşə gedir

2026/04/1775035093.jpg
Oxunub: 535     13:21     01 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Prezidenti Vladimir Putinlə görüşmək üçün səfərə gedir və görüş zamanı strateji tərəfdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

KİV qeyd edib ki. səfər Paşinyanın ölkə daxilində mövqelərinin parlament seçkiləri ərəfəsində zəiflədiyi və cəmiyyətin Qarabağın itirilməsinə görə onu hələ də bağışlamadığı bir vaxta təsadüf edir.

Məlumata görə, Ermənistanın Baş naziri Rusiya Prezidenti ilə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edəcək. Qeyd olunur ki, Paşinyan ənənəvi olaraq ölkə daxilində ciddi problemlərlə üzləşdiyi dövrlərdə Rusiyaya müraciət edir.

Material müəlliflərinin fikrincə, əsas problem Qarabağın itirilməsi olaraq qalır. Cəmiyyətin əhəmiyyətli hissəsi regionun itirilməsinə görə Baş naziri bağışlamayıb, (könüllü-red.) köç etmiş şəxslər isə onu açıq şəkildə xəyanətdə ittiham edir. Reportajda İrəvan metrosunda baş vermiş bir hadisə də qeyd olunur: Paşinyan Qarabağdan köç etmiş bir erməni qadınla mübahisə edib və dialoq onun xeyrinə yekunlaşmayıb.

NTV-nin məlumatına görə, bütün bunların fonunda seçkiqabağı kampaniya genişlənir. Parlament seçkiləri yaxınlaşır və hakim partiyanın reytinqləri ümidverici deyil. Paşinyan sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir və vətəndaşlarla ünsiyyət qurur, lakin bu görüşlər getdikcə daha çox narahat və gərgin vəziyyətlərlə müşayiət olunur.

Əlavə gərginlik yaradan amillərdən biri də Konstitusiyanın dəyişdirilməsi planlarıdır. Ermənistan Baş naziri sənəddən Qarabağla bağlı bütün qeyd və istinadların çıxarılmasını nəzərdə tutur. Bakı da buna maraq göstərir. Reportajda Paşinyanın sözlərinə istinadən bildirilir ki, o, istənilən nəticəyə nail olmaq üçün lazım gəldiyi qədər referendum keçirməyə hazırdır.

NTV həmçinin hakimiyyətlə kilsə arasında qarşıdurmaya da diqqət çəkir. Qeyd olunur ki, arxiyepiskoplardan biri saxlanılıb, həmçinin Paşinyanın kilsəyə səfəri zamanı onun mühafizəçiləri ibadət edənləri geri çəkilməyə məcbur ediblər.

Telekanalın qeyd etdiyi kimi, xarici siyasətdə Paşinyan balans siyasətini davam etdirir. O, Avropa Parlamentində “şimaldan gələn təhdid” barədə xəbərdarlıq edib və müxalifətin Rusiya oliqarxları ilə əlaqələrindən danışıb, eyni zamanda Moskvada strateji tərəfdaşlıq üzrə danışıqlara hazırlaşır.

Qərb də prosesdən kənarda qalmır. Reportajda qeyd olunur ki, NATO-nun baş katibi Mark Rütte İrəvanın alyansa yaxınlaşmaq niyyətindən danışıb, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün Ermənistana sürətli reaksiya qrupu göndərməyi təklif edib. NTV isə bunu istehzayla “Qərb siyasi texnoloqlarının desantı” kimi qiymətləndirərək, bunun suveren dövlətə təzyiq olduğunu vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin