“Past”: Paşinyanın müavini “Tramp yolu”ndan ciddi şəkildə narahatdır

2026/01/1769669404.jpg
Oxunub: 394     11:57     30 Yanvar 2026    
“Tramp yolu” (Zəngəzur dəhlizi-red.) Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan üçün də ciddi problemlər yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Mher Qriqoryan “Tramp yolu”ndan ciddi şəkildə narahatdır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, məlum olduğu kimi, o, üçtərəfli komissiyanın üzvüdür, Baş nazirin müavini vəzifəsini tutmazdan əvvəl isə “Ardşinbank”ın idarə heyətinin sədri olub və Rusiya ilə müxtəlif dairələrdə kifayət qədər ciddi əlaqələrə malikdir.

KİV bildirib ki, məhz Mher Qriqoryan uzun illər ərzində Paşinyan hakimiyyətinin Rusiya tərəfi ilə əlaqələrini təmin edib.

“Eyni zamanda, ruslar da Mher Qriqoryana Nikol Paşinyanla müqayisədə daha müsbət yanaşıb, onunla daha səmimi görüşlər keçirib. Paşinyanı bir çox hallarda Avrasiya İqtisadi Birliyi və ya MDB sammitlərində, görüşlərində məhz Qriqoryan əvəzləyib.

Etibarlı mənbələrin məlumatına görə, Mher Qriqoryan son vaxtlar yaxın çevrəsində narazılıq ifadə edib və bildirib ki, “Tramp yolu”nun hazırkı layihəsinin şərtləri onun üçün də son dərəcə xoşagəlməz və gözlənilməz olub. Həmin şərtlərə əsasən, Ermənistan faktiki olaraq öz ərazisini 99 il müddətinə üçüncü bir ölkəyə verir, amerikalılar isə eyni razılaşma çərçivəsində digər ölkələri də bu sövdələşməyə cəlb edə bilirlər. Faktiki olaraq TRIPP (Zəngəzur dəhlizi-red.) sövdələşməsi müstəmləkə xarakterli bir razılaşmadır, 74/26 faiz nisbəti isə Ermənistanın mineral resurslarının gələcəyini də sual altına alır”, - deyə məqalədə qeyd edilib.

KİV-ə görə, Qriqoryan bankirlər çevrəsində qeyd edib ki, ondan heç kim soruşmayıb, amma gələcəkdə TRIPP üzrə məsuliyyət onun da üzərində qalacaq.

“Qriqoryan eyni zamanda bildirib ki, Rusiya tərəfi ilə problemlər yaşamağa başlayıb, çünki onun maliyyə kapitalının və bizneslərinin bir hissəsi bu və ya digər dərəcədə ruslarla bağlıdır. Bu arada hökumətdə ciddi şübhələr var ki, əgər hansısa məsələ Paşinyanın istədiyi xətt üzrə getməsə, hamı eyni maddə ilə cavab verməli olacaq. Üstəlik, TRIPP-lə bağlı nə baş verəcəyi və bunun Ermənistan üçün hansı nəticələr doğuracağı heç kimə bəlli deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Tramp-yolu  


Bizi "telegram"da izləyin