“National Interest”: Tramp administrasiyası Türkiyənin qarşısında yenidən F-35 vədini gündəmə gətirir

2026/06/Ekran-1782717233.jpg
Oxunub: 284     11:13     29 İyun 2026    
“ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu həftə bildirib ki, Pentaqon Türkiyəyə F-35 qırıcılarının satışını “nəzərdən keçirir”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “National Interest” nəşri yazıb.

Nəşr qeyd edib ki, halbuki qüvvədə olan ABŞ qanunvericiliyi mövcud şəraitdə belə satışa açıq şəkildə qadağa qoyur.

“Altı il əvvəl NATO üzvü Türkiyə Rusiya istehsalı olan S-400 “Triumf” hava hücumundan müdafiə sistemini aldığı üçün F-35 “Lightning II” proqramından çıxarılmışdı. Vaşinqton və NATO rəsmiləri Ankaraya bildirmişdilər ki, bu iki platforma uyğun deyil və S-400 sisteminin istifadəsi beşinci nəsil görünməz qırıcının təhlükəsizliyini risk altına qoyacaq

S-400 sisteminin alınmasına görə Türkiyəyə “Amerikanın Rəqiblərinə Sanksiyalar Vasitəsilə Qarşı Durma Aktı” (CAATSA) çərçivəsində də sərt sanksiyalar tətbiq olunub. Bu sanksiyaların ləğvi Türkiyə hökumətinin əsas prioritetlərindən biri olaraq qalır və bu məsələ təkcə F-35 proqramına qayıdışdan daha geniş məna daşıyır”, - deyə məqalədə vurğulanıb.

Məqalədə bildirilib ki, proqramdan kənarlaşdırıldıqdan sonra Ankara müxtəlif yollarla yenidən F-35 layihəsinə qayıtmağa çalışıb və bu məsələdə gözlənilməz şəkildə Donald Tramp administrasiyasının dəstəyini qazanıb.

“Türkiyə 2019-cu ildə F-35 proqramından çıxarılanda Donald Tramp ABŞ prezidenti idi. Sonrakı dövrdə onun administrasiyasının nümayəndələri Ankaraya F-35 satışına müsbət yanaşa biləcəklərinə dair siqnallar veriblər. Halbuki milli təhlükəsizlik rəsmiləri dəfələrlə bildiriblər ki, Türkiyə hələ də S-400 sistemlərinə malikdir və hər iki sistemin eyni vaxtda istifadəsi Rusiyaya F-35 barədə mühüm məlumatlar əldə etmək imkanı yarada bilər”, - deyə nəşr yazıb.

Nəşr qeyd edib ki, vitse-prezident Cey Di Vens bu həftə Türkiyəyə mümkün satışın nəzərdən keçirildiyini açıqlayıb və prosesə ABŞ-nin müharibə naziri Pit Heqsetin də cəlb olunduğunu bildirib.

“Pit və bütün komanda hazırda bu məsələni nəzərdən keçirir. ABŞ qanunvericiliyinə uyğun hərəkət etmək üçün müəyyən şərtlərin yerinə yetirildiyini təsdiqləməliyik. Prezident bizdən bunu etməyi istəyib”, - deyə Vens jurnalistlərə bildirib.

Məqalədə xatırladılıb ki, Türkiyənin F-35 proqramına qoşulmasını nəzərdə tutan 2007-ci il tarixli Anlaşma Memorandumu 2019-cu ilin iyulunda ləğv edilib.

“Həmin vaxt Türkiyənin aviasiya sənayesi F-35 “Lightning II” proqramında mühərrik hissələrinin və hətta gövdə elementlərinin istehsalında iştirak edirdi. Daha sonra bu müqavilələr və istehsal xətləri 2020-ci ilin əvvəlində digər müttəfiq ölkələrə verildi. ABŞ-də “Luke” və “Eglin” aviabazalarında təlim keçən türk pilotları və texniki heyətin hazırlığı da dayandırıldı, Türkiyə üçün istehsal olunmuş F-35 qırıcıları isə təhvil verilmədi”, - deyə nəşr qeyd edib.

Məqalədə vurğulanıb ki, Ankara indiyədək S-400 sistemlərini aktivləşdirməyib və bununla F-35 müqabilində onlardan imtina edə biləcəyinə dair mesaj verməyə çalışsa da, sistemləri tamamilə ölkədən çıxarmaqdan imtina edib.

Nəşr qeyd edib ki, Türkiyənin proqramdan çıxarılmasının səbəbləri kifayət qədər aydındır və bu qərar Trampın ilk prezidentliyi dövründə qəbul olunub.

“Normal şəraitdə belə görünür ki, S-400 problemi həll edilməyincə Ankaranın F-35 proqramına qayıtması mümkün deyil. Lakin görünür, məsələnin arxasında başqa amillər də var”, - deyə məqalədə bildirilib.

Məqalədə vurğulanıb ki, Donald Tramp avtoritar liderlərlə şəxsi münasibətlərini dəfələrlə yüksək qiymətləndirib.

“O, Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In və Macarıstanın keçmiş baş naziri Viktor Orbanla yaxın münasibətlərini tərifləyib. Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında da müsbət fikirlər səsləndirib və hazırda Türkiyənin yerli istehsalı olan KAAN qırıcısı üçün “General Electric” şirkətinin istehsal etdiyi mühərriklərin verilməsini dəstəklədiyi bildirilir”, - deyə nəşr yazıb.

Nəşr qeyd edib ki, çərşənbə günü jurnalistlər Trampdan həm mühərriklərin Türkiyəyə satışı, həm də Ankaranın F-35 proqramına qayıtmaq şansını soruşublar. “Mən yəqin ki, onları çox sevindirəcək bir addım atacağam”, - deyə Tramp əlavə təfərrüat açıqlamadan bildirib.

Məqalədə qeyd olunub ki, belə bir qərar Türkiyənin gələcəkdə F-35 qəbul etməsinə doğru ilk addım ola bilər.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun Türkiyə proqramının direktoru Gönül Tol “The Jerusalem Post” qəzetinə bildirib ki, mühərriklərin əldə olunması Türkiyə üçün mühüm əhəmiyyət daşısa da, bu, ABŞ administrasiyasının Ankaraya verdiyi daha böyük vədlər fonunda ən asan həyata keçirilə biləcək addımdır.

“Türkiyə üçün mühərriklərin əldə olunması əlbəttə vacibdir. Lakin Vaşinqton və Ankara arasında münasibətlərdə yeni mərhələnin başlanmasının əsas göstəricisi Türkiyənin F-35 proqramına qayıdıb-qayıtmayacağı olacaq”, - deyə Gönül Tol bildirib.

Nəşr vurğulayıb ki, Co Bayden administrasiyası dövründə Vaşinqton və Ankara F-35 məsələsində razılığa gələ bilməsələr də, münasibətlər müəyyən qədər yumşalıb.

“Bayden administrasiyası Türkiyəyə əlavə F-16 “Fighting Falcon” qırıcılarının və mövcud parkın modernləşdirilməsi dəstlərinin satışını təsdiqlədikdən sonra iki ölkə arasında gərginlik müəyyən qədər azalmışdı”, - deyə məqalədə bildirilib.

Məqalədə Trampın İranla müharibə mövzusunda da diqqətçəkən açıqlamalarına yer verilib.

“Bu həftə Tramp bildirib ki, Türkiyənin İranla müharibəyə qoşulmaması üçün şəxsən özü müdaxilə edib. O iddia edib ki, Ərdoğan İsraili sevmədiyi üçün hətta İran tərəfdə müharibəyə qoşula bilərdi. Halbuki bu fikri təsdiqləyən heç bir sübut və ya Ankaranın belə planlarının olduğuna dair əvvəlki məlumat olmayıb”, - deyə nəşr qeyd edib.

“Müharibəyə qoşulmaq üçün əsas namizədlərdən biri o idi, hətta bəlkə də İran tərəfində. Çünki o, İsraili o qədər də sevmir. Mən ondan kənarda qalmasını xahiş etdim. O da kənarda qaldı. Ərdoğan böyük liderdir, çox güclü şəxsdir”, - deyə Tramp bildirib.

Məqalənin sonunda müəllif sual edib ki, əgər Trampın dedikləri doğrudursa, o zaman Ərdoğanın müharibəyə qoşulmamasının qarşılığı olaraq Türkiyəyə “General Electric” mühərrikləri və gələcəkdə F-35 proqramına qayıdış imkanı təqdim edilə bilərmi?

“Bu ehtimal çox inandırıcı görünmür. Lakin hazırkı administrasiyanın indiyədək irəli sürdüyü təşəbbüsləri nəzərə alsaq, bundan daha qəribə təkliflər də səsləndirilib”, - deyə məqalədə qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   F-35  


Bizi "telegram"da izləyin