Türkiyə müdafiə sənayesi “Eurosatory 2026” sərgisində geniş təqdimatla çıxış edib

2026/06/1782716167.jpg
Oxunub: 272     10:57     29 İyun 2026    
Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory 2026” beynəlxalq müdafiə sərgisində Türkiyə müdafiə sənayesi 56 stendlə ən geniş milli nümayəndə heyətlərindən biri kimi iştirak edib və Avropada istehsal imkanlarının genişləndirilməsinə yönəlmiş yeni əməkdaşlıqlar qurub.

Ordu.az xəbər verir ki, 2026-cı il iyunun 15-19-da “Paris-Nord Villepinte” sərgi mərkəzində keçirilən “Eurosatory” sərgisi tarixinin ən böyük tədbiri olub.

Sərgidə 68 ölkədən 2 600-dən çox şirkət və 100 ölkədən 350-dən artıq rəsmi nümayəndə heyəti iştirak edib.

Sərgini təşkil edən “Coges Events” şirkətinin baş direktoru, istefada olan general Şarl Boduen builki tədbiri Avropanın hazır silah sistemlərini əldə edə bilməsi üçün “son şans” kimi qiymətləndirib.

Tədbirin diqqət mərkəzində Pilotsuz Uçuş Aparatları (PUA), onlara qarşı mübarizə sistemləri və “Çoxsahəli Üstünlük” konsepsiyası dayanıb. Avropa İttifaqının “ReArm Europe” təşəbbüsü çərçivəsində istehsal zəncirinin Avropa daxilinə köçürülməsi istiqamətində əməkdaşlıqlar da sərginin əsas mövzularından biri olub.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin də iştirak etdiyi Türkiyə stendində ümumilikdə 56 stend qurulub. Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, 4 mindən çox şirkət və 100 mindən artıq ixtisaslı əməkdaşı olan Türkiyə müdafiə sənayesi artıq qlobal səviyyədə rəqabət aparan ekosistemə çevrilib.

Sərgidə Avropada istehsal imkanlarının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. FNSS şirkəti “CSG Defence” ilə imzaladığı çərçivə sazişi əsasında Slovakiyanın Trençin şəhərində “Danube Defence Systems” adlı birgə müəssisənin yaradılmasına qərar verib.

Yeni şirkətin əsas məhsulu FNSS-nin Kaplan platforması əsasında hazırlanmış və may ayında Slovakiyada keçirilən IDEB sərgisində ilk dəfə nümayiş etdirilən CFL-120 “Karpat” orta sinfə məxsus tank olacaq. Müqaviləyə əsasən layihələndirmə və lisenziya hüquqları Türkiyədə qalacaq, istehsalın bir hissəsi isə Avropada həyata keçiriləcək.

Otokar şirkəti də Rumıniyadakı istehsal tərəfdaşı “Automecanica”nı öz tərkibinə qatmaq istiqamətində prosesə başlayıb. Bununla şirkət Avropada öz istehsal müəssisəsinə sahib olmaq məqsədinə daha da yaxınlaşıb.

Şirkətin stendində 105 mm-lik qüllə ilə təchiz olunmuş “Tulpar” tırtıllı döyüş maşını əsas diqqət mərkəzində olub. Bundan başqa, MIZRAK 25L qülləli “Cobra II” MRAP və klassik “Cobra II” zirehli maşınları da nümayiş etdirilib.

Şirkət nümayəndələri Mərakeşə satılmış 200 ədəd “Cobra II”dən sonra Ekvadorla aparılan danışıqların ixrac potensialının davam etdiyini göstərdiyini bildiriblər. Sərginin digər əsas mövzusu PUA təhdidi olub. Bu istiqamətdə Türkiyənin ən diqqətçəkən şirkətlərindən biri ASELSAN olub.

Şirkət “Polad Günbəz” konsepsiyasının PUA əleyhinə komponenti olan DRONEDEF sistemini təqdim edib. Kompleks çərçivəsində “İhtar”, “Gökberk” lazer silahı, “Korkut” və “Ejderha” sistemləri nümayiş etdirilib.

ASELSAN həmçinin sistemlərin “Mercedes-Benz Truck” platformalarına inteqrasiyası üçün “Daimler Truck”, oxşar həllərin hazırlanması məqsədilə isə Latviyanın VIC TEC şirkəti ilə əməkdaşlıq sazişləri imzalayıb.

MKE şirkəti də Tolga yaxın mənzilli hava hücumundan müdafiə sisteminin silah modulunu Macarıstan istehsalı olan insansız quru platformasına, minaatan lüləsini isə Sloveniya istehsalı olan tırtıllı platformaya inteqrasiya edilmiş şəkildə nümayiş etdirib.

Şirkət ilk dəfə olaraq KBRN sistemlərini də xaricdə keçirilən sərgidə təqdim edib. Bundan başqa, Bora 12 snayper tüfəngi, Boran yüngül yedəkli haubitsası, Pirana kamikadze insansız dəniz platforması və Denizhan milli dəniz topu da nümayiş etdirilib. Eyni zamanda Özbəkistanla barıt ixracına dair müqavilənin imzalandığı açıqlanıb.

ROKETSAN sərgidə MAM-C, MAM-L və MAM-T mini ağıllı sursatlarını, EREN yüksək sürətli çoxməqsədli “gəzən sursat” sistemini və İHA-230 ballistik raketini nümayiş etdirib.

Şirkətin stendində həmçinin Teber və Laçın tuşlama dəstləri, “Karaok”, OMTAS və UMTAS-GM tank əleyhinə raket sistemləri, eləcə də ÇAKIR qanadlı raketi sərgilənib.

ROKETSAN bununla yanaşı, “CSG Group” tərəfindən təqdim olunan çoxtəbəqəli Trident hava hücumundan müdafiə sistemində strateji tərəfdaş kimi iştirak edib.

Yüngül silahlar sahəsində “CANiK” şirkəti diqqət çəkib. Şirkət RADIAN ilə birlikdə hazırladığı “Prime Radian” yeni nəsil tapançanı ilk dəfə belə böyük beynəlxalq platformada təqdim edib.

“CANiK” qrup şirkətləri olan “AEI Systems” və “Unirobotics” ilə birlikdə eyni stenddə çıxış edib. Burada MT-X təlim çevirmə dəstləri, 12,7 mm çaplı yerli pulemyotlar, M3 “Falcon” silah stansiyası və TRAKON məsafədən idarə olunan silah sistemi də nümayiş olunub.

Proqram təminatı və simulyasiya həlləri sahəsində isə HAVELSAN ön plana çıxıb. Şirkət çoxsahəli əməliyyatlar və süni zəka dəstəkli əməliyyat inteqrasiyası həllərini təqdim edib.

HAVELSAN Belçikanın EURAMEC şirkəti ilə simulyasiya və təlim sistemləri üzrə anlaşma memorandumu imzalayıb. Sənədin imzalanma mərasimində Belçikanın müdafiə naziri Teo Franken də iştirak edib.

Sərgi çərçivəsində Türkiyə ilə İspaniya arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq protokolları, sənaye və texnologiya naziri Mehmet Fatih Kacırın Parisdə keçirdiyi görüşlər və sərginin yekun nəticələri də müzakirə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Eurosatory-2026  


Bizi "telegram"da izləyin